"27 sentyabr Azərbaycan xalqının tarixində təkcə kədər və hüzn günü deyil, həm də qürur və minnətdarlıq günü kimi əbədi yaddaşlara həkk olunub. Bu tarix Vətən uğrunda canından keçən minlərlə qəhrəman övladımızın müqəddəs xatirəsinə ehtiramın, onların qanı bahasına qazanılan möhtəşəm zəfərin rəmzidir. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, şəhidlərimizin qanı yerdə qalmadı biz onların qisasını döyüş meydanında aldıq, onların ruhu qarşısında hörmət və ehtiramla baş əyməklə yanaşı, qazandıqları Qələbəni dövlətimizin əbədi qürur simvoluna çevirdik".
Bunu Manset.az-a açıqlamasında deputat Vasif Qafarov deyib.
O bildirib ki, Azərbaycan heç vaxt müharibə istəməyib, əksinə, hər zaman beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, münaqişənin sülh yolu ilə həllinə çalışıb:
"Lakin Ermənistanın yüz minlərlə
azərbaycanlını deportasiya etməsi, “dənizdən dənizə Ermənistan” kimi sərsəm
ideyanı reallaşdırmaq cəhdləri və Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti
müharibəni qaçılmaz etdi. Bu prosesin ən faciəli məqamı 1992-ci ildə baş verən
Xocalı soyqırımı oldu. Qadın, qoca, uşağa belə fərq qoyulmadan Xocalıda 613 nəfərin
amansızlıqla qətlə yetirilməsi erməni faşizminin əsl simasını bütün dünyaya
göstərdi.
Azərbaycan xalqının
səbrini tükəndirən amillər yalnız tarixi haqsızlıqlar deyildi. Otuz ilə yaxın
bir dövrdə beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti də münaqişənin
dərinləşməsinə xidmət etdi. ATƏT-in Minsk qrupu 28 il ərzində problemin həllinə
yox, onun dondurulmasına çalışdı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələri isə icrasız qaldı. Ermənistan işğalı davam etdirərək Azərbaycan
torpaqlarının 20 faizini zəbt etdi, təmas xətti boyunca mütəmadi təxribatlar
törətdi, dinc sakinlərimizi hədəfə aldı. 2016-cı ilin Aprel döyüşləri və
2020-ci ilin Tovuz hadisələri göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla
barışmayacaq. Ermənistan isə bu siqnallardan nəticə çıxarmadı və 2020-ci ilin 27
sentyabrında növbəti təxribatla atəşkəsi pozaraq müharibənin başlanmasına səbəb
oldu.
Məhz bu anda Azərbaycan
xalqı və dövləti öz birliyini, iradəsini nümayiş etdirdi. Möhtərəm cənab
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks hücum əməliyyatı
nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində möhtəşəm qələbə qazandı. Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa şəhərləri və 300-ə yaxın kəndimizin işğaldan
azad edilməsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu uğurlar təkcə hərbi qələbə
deyildi, həm də xalqımızın bir yumruq kimi birləşərək öz tarixi ədalətini bərpa
etməsinin təntənəsi idi. Daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh
yolu ilə Azərbaycana qaytarılması isə hərbi zəfərin diplomatik müstəvidə davamı
oldu".
Millət vəkili diqqətə çatdırıb ki, bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın əbədi qürur mənbəyidir:
"Onların
şücaəti artıq dastana çevrilib. Müharibə dövründə “öldü var, döndü yoxdur”
şüarı ilə yaşayan xalqımız ordunun arxasında möhkəm dayanaraq ona əlavə güc
verdi. Dövlət də hər zaman öz əsgər və zabitlərinin, şəhid ailələrinin və qazilərin
yanında oldu. Bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
xidmətləri xüsusilə qeyd olunmalıdır. Onun təşəbbüsü və diqqəti nəticəsində
müharibədən sonra qazilərimizə və şəhid ailələrinə mənəvi dayaq göstərildi,
onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanıldı. Mehriban xanım
Əliyevanın humanizmə və xeyirxahlığa söykənən fəaliyyəti bu gün minlərlə ailənin
qəlbində böyük minnətdarlıqla anılır.
Qazilərimizin
sağlamlığının bərpası üçün ən müasir protezlər sifariş edildi, “YAŞAT” Fondu
yaradıldı və minlərlə şəhid ailəsi və on minlərlə müharibə iştirakçısı dövlətin
sosial dəstəyi ilə əhatə olundu. Mehriban xanım Əliyevanın dəstəyi ilə
humanitar sahədə beynəlxalq əməkdaşlıq genişləndirildi, ən ağır yaralıların
müalicəsi üçün ölkə daxilində və xaricdə xüsusi proqramlar həyata keçirildi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Hər il 27 sentyabr tarixinin şəhidlərin Anım Günü kimi qeyd olunması şəhidlərimizə, onların müqəddəs ruhlarına olan hörmət və ehtiramın ifadəsi, minnətdarlıq və qürur günüdür. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər - yeni medal və ordenlərin təsis edilməsi, Zəfər Parkı, Memorial Kompleks və Muzeyin yaradılması, şəhidlərin adlarının əbədiləşdirilməsi - bütün bunlar gələcək nəsillərə ötürüləcək bir milli yaddaş xəzinəsidir. Zəfər Parkının 44 metr hündürlüyündə tikilən tağı, 8 Noyabr Zəfər Gününü əks etdirən abidəsi xalqımızın həm birliyini, həm də qəhrəmanlığını rəmzləşdirir".
V.Qafarov əlavə edib ki, bu gün Azərbaycan artıq qalib dövlətdir, xalqımız qalib xalqdır:
"Qazandığımız misilsiz qələbə
milli iradəmizin, milli ruhumuzun və ləyaqətimizin təntənəsidir. Şəhidlərimizin
canı bahasına azad etdiyimiz torpaqlarda indi geniş quruculuq işləri gedir,
Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısının birbaşa rəhbərliyi ilə
azad edilən bölgələrdə hazırda genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri
aparılır. Bu, şəhidlərin əmanətinə sadiqliyin və gələcəyə inamla addımlamanın ən
böyük göstəricisidir.
27 sentyabr Anım Günü xalqımızın tarixində əbədi yaşayacaq. Bu gün biz bir daha təsdiqləyirik ki, Azərbaycan heç vaxt işğalla barışmadı, haqq yolunda mübarizəsini sona qədər apardı və qalib gəldi. Şəhidlərimizin müqəddəs ruhları qarşısında borcumuz ondan ibarətdir ki, onların canı bahasına azad edilən torpaqlarda həyat bərpa edilsin, o torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalansın və gələcək nəsillər bu qəhrəmanlıq dastanını daim qürurla xatırlasın. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canını fəda edən bütün şəhidlərimizi Allah rəhmət eləsin!".
Vasif Qafarov
Milli Məclisin deputatı, Tarix elmləri doktoru