Cəmi iki həftə ərzində Prezident İlham Əliyevin dörd mühüm beynəlxalq zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və onun liderinə göstərilən yüksək etimadın aydın göstəricisidir. BMT Baş Assambleyasının sessiyasında səsləndirdiyi çıxışdan başlayaraq, Danimarkada keçirilən Avropa Siyasi Birliyinin sammiti, Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının toplantısı və nəhayət, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə qədər bütün bu tədbirlərdə cənab Prezidentin iştirakı təkcə diplomatik fəaliyyətin genişliyini deyil, Azərbaycanın qlobal siyasətdə tutduğu mövqenin gücünü nümayiş etdirir.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
"Bu zirvələrin hər biri öz məzmunu və siyasi çəkisi baxımından fərqli olsa da, onları birləşdirən əsas məqam Azərbaycanın fəal və etibarlı tərəfdaş kimi çıxış etməsidir. BMT tribunasından dünyaya ünvanlanan çağırışlar, Avropa siyasi ailəsi ilə əməkdaşlıq müzakirələri, türk dünyasında inteqrasiya proseslərində aparıcı mövqe və nəhayət, Yaxın Şərqdə sülh təşəbbüslərində fəal iştirak — bütün bunlar Prezident İlham Əliyevin qlobal proseslərə təsir imkanlarını və beynəlxalq ictimaiyyətdə formalaşan etimadı əyani şəkildə nümayiş etdirir. Bu etimad təsadüfi deyil. Azərbaycan artıq enerji təhlükəsizliyi, nəqliyyat-logistika, humanitar əməkdaşlıq və regional sabitlik sahələrində vacib aktora çevrilib. Qlobal çağırışların artdığı bir dövrdə ölkəmizin balanslı, praqmatik və prinsipial siyasəti dövlətimizi etibarlı tərəfdaş və sabitlik dayağı kimi önə çıxarır. Məhz buna görədir ki, Prezident İlham Əliyev dünyanın müxtəlif qitələrində keçirilən yüksək səviyyəli toplantılara dəvət edilir, onun fikirləri və təşəbbüsləri diqqətlə dinlənilir".
Deputat eyni zamanda bildirib ki, bu, həm də Azərbaycanın dövlət imicinin və beynəlxalq nüfuzunun artmasının göstəricisidir. 30 il əvvəl müstəqilliyini yenicə bərpa etmiş bir ölkənin bu gün BMT, Avropa İttifaqı, Türk dünyası və Yaxın Şərq kimi müxtəlif siyasi məkanlarda eyni anda aparıcı tərəfdaş kimi qəbul edilməsi böyük uğurdur. Bu uğurun arxasında isə Prezident İlham Əliyevin uzaqgörən liderliyi, siyasi iradəsi və ölkəmizin milli maraqlarını qlobal səviyyədə qorumaq bacarığı dayanır:
"Dörd zirvədə iştirak Azərbaycanın təkcə regionda deyil, beynəlxalq münasibətlər sistemində də nüfuzlu aktora çevrildiyini bir daha göstərir. Dünyanın aparıcı paytaxtlarında və beynəlxalq mərkəzlərində Prezident İlham Əliyevə olan dərin hörmət, onun sülh, əməkdaşlıq və inkişaf naminə səsləndirdiyi çağırışlara verilən dəstək Azərbaycan dövlətinə olan inamın və etibarın təzahürüdür. Bu gün Azərbaycan təkcə öz maraqlarını müdafiə edən ölkə deyil, həm də qlobal sabitliyə və beynəlxalq əməkdaşlığa töhfə verən etibarlı tərəfdaş kimi dünya siyasətinin ön cərgəsindədir.