"2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Vətən müharibəsində Qubadlı uğrunda döyüşlər strateji baxımdan böyük əhəmiyyət daşıyırdı, çünki rayonun azad olunması həm Laçın, həm də Zəngilan istiqamətində hərbi üstünlük qazandırdı. Ordumuzun qəhrəman əsgərləri və zabitləri ağır döyüşlərdən sonra 25 oktyabr 2020-ci ildə Qubadlını düşməndən tam azad etdilər. Bu hadisə 44 günlük müharibənin dönüş nöqtəsi oldu və Azərbaycanın böyük Qələbəsinə yol açdı".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O, qeyd edib ki,Qubadlının azadlığı təkcə torpaqların geri alınması deyil, həm də milli ruhun, qürurun bərpası idi:
"Prezident İlham Əliyevin
2020-ci il 26 noyabr tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə”
medalı təsis olundu və 15209 hərbi qulluqçumuz bu medalla təltif edildi. Bu, Azərbaycan
əsgərinin fədakarlığına və qəhrəmanlığına verilən ən yüksək qiymət idi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edildi. Bu Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi
müəyyən olundu. Bu, Qubadlının azadlığının əbədiləşdirilməsi, onun tariximizdə
tutduğu müqəddəs yerin rəsmi təsdiqidir. Bu gün Qubadlı artıq yalnız bir rayon
deyil, Azərbaycanın qürur, dirçəliş və qələbə rəmzidir.
Bu gün Qubadlıda tamamilə yeni inkişaf mərhələsi
başlayıb. Hazırda Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində müasir tələblərə
cavab verən yaşayış məhəllələri tikilir. Bu kəndlərdə yüzlərlə fərdi ev, məktəb,
sosial obyekt və infrastruktur yaradılır. Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində
bu torpaqlara həyat qayıdır. Eyni zamanda, 2025-ci ilin sentyabrında təsdiqlənmiş
“Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” rayonun gələcək
inkişaf prioritetlərini müəyyən edir".
Deputat qeyd edib ki,Prezident İlham Əliyevin göstərişləri ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən mühüm yollar Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yolları inşa olunur:
"Bu layihələr bölgənin iqtisadi,
logistika və turizm baxımından inkişafını sürətləndirəcək, Qubadlını regionun
mühüm nəqliyyat qovşağına çevirəcək. İşğaldan azad edildikdən sonra dövlət
başçısı Qubadlıya dəfələrlə səfər edib, burada bayrağımızı ucaldıb, elektrik yarımstansiyaların,
su anbarların, məktəb, xəstəxana, inzibati bina və kəndlərin təməlqoyma mərasimlərində
iştirak edib.
Qubadlının azadlığı təkcə hərbi zəfər deyil, həm də
siyasi iradənin, milli həmrəyliyin və strateji baxışın təntənəsidir. Qubadlı bu
gün azad, müasir və yenilənmiş bir şəhər kimi bərpa olunur və gələcəyə inamla
addımlayır. Qubadlı Azərbaycanın yenidən doğulan bir şəhəri və tarixi zəfərimizin
canlı abidəsidir".