"Qarşı tərəf dezinformasiya yayır" - Günay Ağamalı qalmaqaldan danışdı - YENİLƏNİB

17:24 - 25 Oktyabr 2025

\"Qarşı tərəf dezinformasiya yayır\" - Günay Ağamalı qalmaqaldan danışdı - YENİLƏNİB

Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır.


    Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Günay Ağamalı bildirib.

    Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb:

    “Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.

    ***

    17:12

    "Fəzail Ağamalının haqqımda dediklərinin hamısı yalandır".


    Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.

    Onun sözlərinə görə, partiyanın qurultayında 155 nəfər nümayəndə iştirak edib:

    "İlk olaraq Fəzail müəllim istefa verib, artıq o partiyanın sədri deyil. Bununla bağlı videogörüntülər var. Onun istefası qəbul olunub. İstefadan sonra təşkilatı məsələlərə keçilib. Qurultay sədrliyinə namizədlər irəli sürülüb. Fəzail müəllim deyir ki, sədr olaraq fəaliyyətini davam etdirir. Amma sədr istefa vermədiyi müddətdə qurultayda hansı sədr seçkisindən söhbət gedə bilər? Namizədlər də irəli sürülməyə başlayanda Fəzail Ağamalı Günay Ağamalının namizədliyini irəli sürüb. Mənim namizədliyim irəli sürüləndə haqqımda danışmaq istəyən qurultay nümayəndələrinə reqlamentə uyğun olaraq beş dəqiqə çıxış etmək hüququ tanınmayıb. Biz konfliktə getməmək üçün bununla da razılaşmışıq. Mən sədrliyə namizəd kimi çıxış edib öz platformam haqqında qurultay nümayəndələrinə məlumat vermək istəyəndə, Fəzail müəllim buna qəti şəkildə etiraz edib. Mənim çıxış etmək haqqımı səsə qoysa da, qurultay nümayəndələrinin böyük əksəriyyətinin səsi ilə çıxışıma icazə verilib, öz platformamı təqdim edəndən sora zaldan xoş sözlər səslənib. Bundan sonra Fəzail müəllim istədiyi namizədin sədr seçilə bilməyəcəyini görüb və 10 dəqiqəlik fasilə elan edib. Qurultay nümayəndələrini zaldan çıxarıb, qapıları bağlayıb, qurultayın işini pozmaq istəyib. Bunu da hiss edən nümayəndələr etiraz ediblər. Qarşılığında isə qarşı tərəf zalın işığını söndürüb, hotelin mühafizəsini bizim üzərimizə göndərib. Bütün bu təhdidləri və çətinliyi dəf edərək 100 nəfərdən yuxarı qurultay nümayəndəsi işini davam etdirib və yekdil səslə məni sədr seçib. Bunun hamısını təsdiq edən videogörüntülər mövcuddur. Eyni zamanda, məsələnin hüquqi tərəfi ilə bağlı lazım olan addımlar da atılacaq".

    O bildirib ki, bütün bunların hamısı Günay Ağamalının sədr seçilməsi üçün baş verib:

    "Buna görə də qurultay nümayəndələrinin fikri nəzərə alınmayıb. Bu ayrıseçkiliyin səbəbini bilmirəm. Mənim üçün də bu, böyük müəmmadır".

    ***

    15:21

    "Partiyanın qurultayında dava düşməyib. Sadəcə olaraq oğlum qurultayın gedişini pozdu, reqlamentə zidd getdi, özü haqqında tərif deyib başqa namizədin və partiyanın ünvanına xoşagəlməz sözlər işlətdi, ona görə də qurultayda fasilə elan olundu".


    Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

    Onun sözlərinə görə, partiya sədrliyinə əlavə üç nəfərin də namizədliyi irəli sürülüb:

    "Sadəcə özünün namizədliyinin alternativsiz olduğunu dilə gətirir. Digər namizədlərin də hüquqlarının pozulduğunu gördüm. Bu da qurultayın ümumi gedişinə və prinsiplərinə uyğun gəlmədi. Vəziyyətin də xoşagəlməz istiqamətdə irəlilədiyini görərək qurultayda fasilə elan etdim. Yəni qurultay qeyri-müəyyən müddətə qədər fasilədədir və heç bir namizəd partiya sədri seçilməyib".

    ***

    14:12

    Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.

    Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb. 

    Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. 

    Faktı Elçin Ağamalı da təsdiq edib:

    “Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”. 




    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az