Bu gün toxunacağım mövzu uzun müddətdir qəlbimdə daşıdığım, lakin heç cür qələmə ala bilmədiyim bir mövzudur. Yazmaqdan qorxduğum üçünmü? Yox, qətiyyən.
Bəzən insan ən
çox arzuladığı, görmək üçün can atdığı, illərlə
həsrətlə gözlədiyi
bir məkanı sözə çevirməkdə çətinlik
çəkir. Mənim üçün Şuşa da belə
bir duyğunun simvoludur. Onu həsrətlə
gözləyən,
hər zaman qəlbində
yaşadan, amma uzun illər görə bilməyən bir insan kimi bu şəhəri yazmaq həm
sevinc, həm də
məsuliyyət tələb edir. Şuşa haqqında düşünəndə
gözümün önünə həmişə onun dolaşmadığım küçələri, sıldırım qayaları, dumanlı səhərləri gəlir.
Xalq şairi Səməd
Vurğunun “Vaqif” dramındakı Xuramanın özünü atdığı o məşhur qayadan baxmaq, şəhərin eniş-yoxuşunda addımlamaq arzusu hər zaman içimdə
yaşayıb. Yazıma Səməd
Vurğunun “Şuşa” şeirindən iki misra ilə başlamaq istəyirəm:
Bir
əcəb
gülşəndir torpağın, daşın,
Dumanlı
dağlardır həyat yoldaşın
Şair nə gözəl
vəsf edir əsrarəngiz
Şuşamızı?! Qafqazın incisi, Azərbaycanın
görkəmli ziyalılarının, maarifpərvərlərinin və
sənətkarlarının
doğma məkanı... Bu şəhərin
elə bir qarışı varmı ki, tarixlə yoğrulmasın, bir əfsanə
ilə, rəvayətlə, bir xatirə ilə
bağlı olmasın? Gözəl Şuşa - adı çəkiləndə
insanın qəlbində qövr edən,
sözün ifadə etməkdə
aciz qaldığı o ülvi duyğuların şəhəri... Hər
bir azərbaycanlının ömründə ən
azı bir dəfə
görməli olduğu, görmədən
bu dünyadan köçməyin günah sayıldığı bir diyar.
Şuşa Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda,
tarixi və coğrafi Qarabağ bölgəsində
yerləşən,
tayı-bərabəri
olmayan mistik bir şəhərdir.
Bakıdan 373 kilometr məsafədə, dəniz
səviyyəsindən
1400–1500 metr yüksəklikdə, dağ iqliminin hökm sürdüyü geniş yaylada salınmış
bu şəhər
həm təbiəti, həm
də mənəvi aurası ilə
bənzərsizdir.
Qarabağın baş tacı olan Şuşa, həm
strateji əhəmiyyəti, həm
də mədəni irsi ilə
seçilir. Bura təkcə
daşdan və torpaqdan ibarət bir məkan
deyil, həm də
milli yaddaşın, azadlıq arzularının, qəhrəmanlıq və
mənəvi
dirənişin simvoludur. Müasir dövrdə dünyanın hərb
tarixində “unikal əməliyyat”
kimi qiymətləndirilən azadlıq savaşının mərkəzində
məhz bu şəhər
dayanmışdır.
Şuşa Azərbaycanın qədim
şəhərlərindən
biri olmaqla yanaşı, orta əsr memarlığının da nadir incilərindəndir.
Üç tərəfdən sıldırım qayalarla əhatə olunan bu mistik şəhər, həm
təbii relyefi, həm də
memarlıq planı ilə Qafqaz urbanizminin unikal
nümunəsi hesab olunur. Şəhərdə yerləşən Gövhər
Ağa məscidləri, Pənahəli xanın sarayı, Xurşidbanu Natəvanın evi kimi abidələr təkcə Şuşanın deyil, ümumən
Azərbaycan memarlığının sənətkarlıq
ənənələrini
əks etdirir. Təməli
1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli
xan Cavanşir tərəfindən qoyulan bu şəhər, əvvəlcə
onun şərəfinə “Pənahabad”
adlandırılmış, daha sonralar isə
“Şuşa qalası” və “Şuşa şəhəri”
kimi tanınmışdır. XVIII əsrin sonlarından etibarən Qarabağ xanlığının paytaxtı olan Şuşa, XIX əsrdə
artıq “Azərbaycan musiqisinin beşiyi”,
“Şərqin konservatoriyası”,
“Qafqazın sənət
məbədi”
və “Kiçik Paris” kimi metaforik
adlarla anılmağa başlamışdır. Bu adlar şəhərin mədəni və
intellektual mühitinin gücünü, maarifçilik və
sənət
həyatındakı aparıcı rolunu əks etdirir. Şuşa şəhəri Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd Çinar, Dördlər
Qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli,
Mamayı, Xoca Mərcanlı, Dəmirçilər,
Hamamqabağı, Merdinli və Təzə məhəllə
kimi 17 məhəllədən
ibarət idi. Şəhərin
qərbində yerləşən Üçmıx dağı üç təpədən
ibarət olub, xalq arasında “torpağa
sancılmış üç mıx” kimi təsəvvür
edilirdi. Şuşanın cənubunda yerləşən
Cıdır düzü isə həm
coğrafi, həm də
mənəvi
baxımdan şəhərin
simvolik məkanlarından biridir — burada
tarixi mərasimlər, at yarışları və
poeziya məclisləri keçirilmişdir. Rusiya imperiyası dövründə Şuşa Qarabağ bölgəsinin
inzibati və mədəni mərkəzi kimi əhəmiyyətini
qoruyub saxlamışdır. XX əsrin ortalarına qədər
şəhərdə geniş mədəni-inzibati infrastruktur formalaşmışdı. Üzeyir
Hacıbəyli, Bülbül, Mir Möhsün Nəvvab muzeyləri,
Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm
Qalereyası, müxtəlif təhsil müəssisələri,
Dövlət Dram Teatrı, Şuşa
Televiziyası, kitabxanalar, mədəniyyət
evləri və sanatoriyalar şəhərin zəngin
mədəni
həyatının göstəriciləri
idi. Bütün bu faktlar göstərir ki, Şuşa təkcə
tarixi-coğrafi mövqeyinə görə deyil, həm
də Azərbaycan
milli kimliyinin, musiqisinin, poeziyasının və
maarifçilik ideyalarının mərkəzi
kimi əvəzsiz
rola malik olmuşdur. Şuşa yalnız mədəniyyətin
deyil, həm də
təbiətin
öz poetik ahəngini tapdığı müqəddəs
bir məkandır. Şəhərin
dağlarında elə bir çiçək bitir ki, bu bitkiyə
dünyanın heç bir yerində təsadüf
edilmir. Təbiətin
Şuşa torpağında yaratdığı bu nadir möcüzə-
Xarı bülbül həm botanika, həm də
simvolizm baxımından bənzərsizdir.
XIX əsrin sonlarından etibarən bu çiçək
Şuşanın, daha geniş mənada isə Qarabağın rəmzinə çevrilmişdir. Formasına görə sanki çiçəyin
nektarını çəkən
arını görüb bağrı yarılan bülbülü xatırladan bu gül, xalq təxəyyülündə sevgidə
sədaqətin,
təbiətlə insan ruhunun vəhdətinin, həsrət və
vüsalın təcəssümü
kimi dəyərləndirilmişdir. Xarı bülbül həm də
Azərbaycan insanının torpaqla mənəvi
bağlılığının, itirilmiş gözəlliklərə
duyulan həsrətin
poetik simvoluna çevrilmişdir. Məhz
bu baxımdan Xarı bülbül yalnız bir təbiət fenomeni deyil, həm
də Şuşa ruhunun təcəssümü,
mədəni
yaddaşın və milli dirçəlişin rəmzi
kimi dəyərləndirilir.
Milli ədəbiyyatımızın
önəmli isimlərindən olan mərhum Yaşar Qarayev Xarıbülbül haqqında, “Şuşada bir gül
bitir. Adına Xarıbülbül deyirlər.
Onu da deyirlər ki, bu güldən ayrı heç yerdə
əsər-əlamət
tapılmaz. Çünki Xarıbülbül təkcə
Şuşa torpağındakı məhəbbətdən
cücərir. İlhamın və məhəbbətin
Şuşadakı cövhəri ayrı heç yanda olmur və ona görə
də Xarıbülbülü harada əkirsən
ək, ayrı heç yanda bitmir” deyərək,
Xarıbülbülün sadəcə
bir bitki deyil, Şuşa ruhunun və
ilahi ilhamın rəmzi olduğunu ifadə etmişdir. Bu gülün yalnız Şuşa torpağında bitməsi, sanki bu şəhərin mənəvi enerjisinin, təbiətin və
sənətin
mistik bir nöqtədə
qovuşmasının təcəssümüdür.
Bu gün biz qürurla və fəxarətlə
həmin müqəddəs
torpaqda — Qarabağın mədəniyyət beşiyində,
Şuşada yenidən dirçəlişin şahidi oluruq. Bu şəhərin
hər daşı, torpağı, dağı, gülü və çiçəyi
özündə tarixin qədim sirrlərini,
sənətin
nəfəsini
və Azərbaycan
mədəniyyətinin ruhunu daşıyır. Şuşa —Vaqifin hikmətinin, Xan qızı Natəvanın
zərif duyğularının, dahi Üzeyir
bəyin musiqisinin, Bülbülün səsinin və
daha neçə-neçə sənətkarın ilham qaynağı olmuş müqəddəs
bir yurddur. Hər biri bu torpağın mədəni
irsini formalaşdıraraq onu Azərbaycan
xalqının mənəvi
simvoluna çevirmişdir.
Şuşa XIX əsrin sonlarında yalnız mədəniyyətin deyil, həm də maarifin əsas ocaqlarından biri kimi formalaşmışdır. Burada yaranan məktəblər, maarif cəmiyyətləri və ədəbi mühit Azərbaycan ziyalılığının təşəkkülündə mühüm rol oynamışdır. Bu kontekstdə xüsusilə Şuşa Realnı məktəbi mühüm tarixi əhəmiyyətə malik idi. 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlayan bu tədris müəssisəsi hazırlıq və üç əsas sinifdən ibarət idi. Məktəbin ilk ilində 159 şagird qəbul edilmişdi; onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. Bu çoxmillətli tərkib Şuşanın o dövrdə Qafqazın mədəniyyət və təhsil mərkəzi kimi nə qədər açıq, inteqrativ bir mühitə sahib olduğunu göstərir. Şuşa Realnı məktəbi sonrakı onilliklərdə Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat həyatında dərin iz qoymuş bir çox şəxsiyyət yetişdirmişdir. Onların sırasında Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski kimi dövrlərinin ən parlaq şəxsiyyətləri, görkəmli yazıçılar, ziyalılar da vardır. Bu məktəb, həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan Azərbaycan maarifçilik hərəkatının canlı laboratoriyası rolunu oynamış, milli oyanış ideyalarının təməlinin qoyulmasında əvəzsiz rol oynamışdır.
Kim bilərdi ki, bir zamanlar böyük xanəndə
Xan Şuşinskinin qürurla ifa etdiyi məşhur
mahnıdakı bu misralar bir gün acı həqiqətə
çevriləcək:
Şuşanın
dağları başı dumanlı,
Qırmızı
qoftalı, yaşıl tumanlı,
Dərdindən
ölməyə
çoxdu gümanı...
Əslində,
tarix boyu gözəlliyi və strateji mövqeyinə
görə seçilən Qarabağ diyarı dəfələrlə yad qüvvələrin hədəfinə
çevrilmişdir. Bu gerçəklik Səməd
Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd
Şah Qacarın dilindən səslənən
məşhur “Keçdi pəncəmizə gözəl
Qarabağ” ifadəsində öz ədəbi simvolikasını tapmışdır. Tarixin bu təkrarlanan aqibəti
sanki Şuşanın taleyinə yazılmışdı. Lakin bu dəfə
qara buludlar daha uzun sürəcəkdi...
Qarabağın döyünən ürəyi olan Şuşa 8 may 1992-ci ildə erməni
silahlı qüvvələrinin
işğalına məruz qaldı. Bu faciə zamanı 195 nəfər Azərbaycan
vətəndaşı
qətlə
yetirildi, 165 nəfər
yaralandı, 150 nəfər
əlil oldu, 552 uşaq valideynlərini itirdi, 20 mindən
artıq insan doğma yurdundan didərgin
düşərək
məcburi köçkünə çevrildi. 58 azərbaycanlının
taleyi isə bu günədək
məlum deyil.
Biz xalq olaraq hər zaman mədəniyyətə, şeirə, sənətə və sənətkara dəyər vermişik. Səməd Vurğunun “Vaqif” dramında Vaqifin Qacara dediyi:
“Bizdə şeir də
var, sənət
də vardır,
Şairə, sənətə hörmət də vardır”
misraları
bu dəyişməz həqiqəti ən
gözəl şəkildə ifadə
edir.
Mənfurların isə mədəniyyətə,
şeirə, sənətə, sözə münasibəti işğal dövründə özünü büruzə verdi. Belə ki, mənbələrin məlumatına görə,
işğalın ardınca mədəni
soyqırımı həyata keçirildi. Şuşada Azərbaycan xalqının tarixi varlığını sübut edən 600-ə
yaxın memarlıq abidəsi məqsədli
şəkildə dağıdıldı. Onların sırasında Pənahəli
xanın sarayı, Cümə məscidi,
Aşağı Gövhər Ağa məscidi, Nəcəf bəy
Vəzirovun evi, Mir Möhsün Nəvvabın ev-muzeyi, Xurşidbanu Natəvanın evi və
Molla Pənah Vaqifin məqbərəsi xüsusi amansızlıqla yerlə-yeksan edildi. Bundan əlavə, 7 məktəbəqədər
uşaq müəssisəsi, 22 ümumtəhsil
məktəbi,
8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey,
o cümlədən
Şuşa Tarix Muzeyi, Xalça Muzeyinin filialı, Xalq Tətbiqi
Sənəti
Muzeyi və Qarabağ Dövlət Tarix Muzeyi tamamilə
məhv edilmişdir. Qafqazda yeganə olan Şərq
musiqi alətləri
fabriki dağıdılmış, nadir sənət
nümunələri
talan edilmişdir. Bu vandalizm aktlarının məqsədi aydın idi — Şuşanın azərbaycanlı kimliyini silmək,
şəhəri
erməniləşdirmək və
onun mədəni
yaddaşını məhv etmək. Hətta
Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvan
kimi tarixi şəxsiyyətlərin
heykəlləri
belə gülləbaran edilmişdi. Beləcə, 8 may 1992-ci il Azərbaycan
tarixində yalnız bir şəhərin
deyil, həm də
bir millətin mənəvi
mərkəzinin
işğalı kimi yadda qaldı. Şuşanın itirilməsi
xalqın qəlbində qaysaqlanmayan bir yara, dumana bürünmüş bir xatirə, amma eyni zamanda gələcək
ümidin başlanğıcı oldu.
2020-ci ildə böyük tarixi günlərin
şahidi olduq. "Hər qaranlıq gecənin bir işıqlı gündüzü var" fikri cücərən
ümidimin başında, önündə gəlirdi.
Bəzən
tezləşməsi
bizə xəyal
kimi görürən arzunun gerçəkləşməyi elə
də uzaqlarda deyilmiş. 2020-ci il noyabrın əvvələri idi. Hava da xoş keçirdi, sanki qələbəmizə
kömək edirdi, döyüşən oğullarımızın xətrinə “özünü yaxşı” aparırdı. Xatırlayıram ki, azad
olunandan sonra yağış yağdı, hava da mənfur
düşmənin izini, tozunu bu şəhərdən yumağa tələsirdi, şəhər paklanmağa can atırdı ki daimi sakinlərini əvvəlki kimi təmiz,
saf, dağıntıya məruz qalsa da, tərtəmiz
qarşılasın. Rəsmi şəkildə
məlumat yayımlanmasa da, çoxumuz
məsələdən
hali idik. Cənab Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində
müxbirin Şuşa ilə bağlı sualına cavabında
“Bilirsiniz, bundan əvvəlki
dövrdə danışıqlar masasında bir çox
məsələlər
var idi. Bəzi təkliflər
ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin.
Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz,
belə şey olmur, kompromis
olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya,
qeyri-müəyyən
vaxta saxlayıb, məsələni bitmiş hesab etmək
heç cür düzgün olmazdı. Ona görə
müxtəlif mərhələlərdə vasitəçilər və
bəzi beynəlxalq təşkilatlar
təəccüb edirdilər ki, nə
üçün İlham Əliyev
buna razılaşmır. Axı ona
deyirik ki, indi beş
rayon, halbuki Ermənistan indi görünür o beş
rayonu da vermək istəmirdi. Ancaq belə
təkliflər olub. Amma mənim
mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”, -
deyə dövlət başçısı vurğulamışdır. Nə gözəl
müsahibə idi. Hədəfimizə az qaldıqca ürəyimiz
riqqətə
gəlir, sanki Şuşanın səmalarında şəhidlərimizin yaralı ruhunun hənirtisi
duyulurdu. Müharibə başlanandan gizlicə zikr etdiyim dua var idi: “İlahi, sevincimizi
yarımçıq qoyma, bu haqq savaşından üzağ çıxar bizi”. Nəhayət,
noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin çıxışını hər birimiz böyük sevinclə,
intizarla, kövrək və
qürur dolu, fəxarət
dolu hisslərlə
eşitdik. Şuşa Cənab Prezidentin rəhbərliyi,
qətiyyətli, uzaqgörən
siyasəti, rəşadətli ordumuzun şücaəti
ilə düşmən tapdağından azad olunmuş və uzun çəkən həsrətdən
sonra öz əsl sahiblərinə-
ürəyi vətən
həsrəti
ilə çırpınan, qəlbi qubar bağlayan sakinlərinə
qovuşmuşdur.
Əli silah tutmağa tam
hazır olmayan gənc
əsgərlərdən tutmuş, illərin təcrübəli hərbçilərinə, səhhətinə görə hərbi xidmətə yararlı sayılmayan,
lakin yenə
də
günlərlə hərbi komissarlıqların
qarşısında dayanan igid oğullarımıza qədər hər kəs Qarabağ uğrunda səfərbər olmuşdu. Mənə görə, vətənpərvərlik səs-küylü pafosla deyil,
səssiz,
lakin dərin
və
sarsılmaz sevgi ilə
ölçülür. Bir zamanlar xəyal
kimi görünən,
bu gün isə
azad nəfəs aldığımız, torpağı şəhid qanı ilə yoğrulmuş müqəddəs şəhəri — Şuşanı gəzdikcə həm heyran qalır, həm də hər addımda şəhidlərimizin ruhuna rəhmət oxuyuruq.
Biz Şuşasız böyüdük, lakin birlik, sarsılmaz iradə, qürur, inam və gücümüzlə böyük zəfəri qazandıq. Zaman keçəcək, illər bir-birini əvəzləyəcək, lakin Azərbaycan oğullarının qəhrəmanlığı, bu xalqın
azadlıq uğrunda yazdığı şanlı tarix unudulmayacaq. Ey Şuşa,
sən bizim keçmişimizin aynası, bu günümüzün
qüruru, zəfərimizin canlı şahidisən. Əbəs yerə ümummilli lider Heydər Əliyev
demirdi: “Şuşasız Qarabağ,
Qarabağsız
isə
Azərbaycan
yoxdur.” Bu müqəddəs torpağı bizə bəxş edən qəhrəman şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə, müzəffər ordumuza və qətiyyətli sərkərdəmiz — Ali Baş
Komandanımıza sonsuz minnətdarlıq
hissi ilə
baş əyirik.
Zəfərinin beşinci ili mübarək, əziz Şuşam!
Elza İbadova
Dövlət qulluqçusu, filoloq