Mərkəzdən icra başçılarına qanunsuz əmrləri kim verib? – Ramiz Mehdiyev izi

16:09 - 13 Noyabr 2025

Mərkəzdən icra başçılarına qanunsuz əmrləri kim verib? – Ramiz Mehdiyev izi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də keçirdiyi qəbuldakı çıxışında dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və xalqa xidmət prinsiplərinin vacibliyini bir daha diqqətə çatdırdı. Prezidentin fikrincə, hər bir dövlət məmuru vəzifə borcuna sadiq qalmalı, şəxsi maraqları dövlət maraqlarının önünə keçirməməlidir.


Dövlət başçısının vurğuladığı kimi, son illər ərzində bir sıra neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Lakin eyni zamanda, Prezident, ötən dövrlərdə yol verilmiş ciddi nöqsanlara da toxunaraq bu halları konkret istiqamətlər üzrə sadaladı:

Qanunsuz tapşırıqların verilməsi,

Qanunsuz varlanma meyilləri,

Torpaqlardan səmərəsiz və məqsədsiz istifadə,

Torpaqların kateqoriyasının qanunsuz dəyişdirilməsi.

Prezidentin "mərkəzdən verilən qanunsuz tapşırıqlar" ifadəsi isə cəmiyyətin diqqətini bir vaxtlar ölkə idarəçiliyində xüsusi təsirə malik olmuş şəxslərin fəaliyyətinə yönəltdi.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev uzun illər boyunca dövlət idarəçiliyində əsas qərarverici fiqurlardan biri kimi çıxış edib. Onun rəhbərlik etdiyi dövr, bir tərəfdən, idarəçilik sisteminin formalaşması ilə yadda qalsa da, digər tərəfdən, məhz həmin illərdə mərkəzdən bölgələrə göndərilən çoxsaylı göstərişlərin qanunvericiliyə uyğunluğu tez-tez sual altına düşüb.

Mehdiyevin rəhbərlik etdiyi illərdə formalaşan inzibati mədəniyyət bir çox hallarda şəffaflıq və hesabatlılıq prinsiplərindən uzaq olub. Torpaq məsələlərində baş verən qanunsuzluqlar, ayrı-ayrı məmurların şəxsi varlanma məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi bu sistemin əsas problemləri kimi xatırlanır.

Bu baxımdan, Prezidentin son çıxışında səsləndirdiyi fikirlər həm keçmiş dövrdəki idarəetmə üsullarına dolayısı ilə mesaj idi, həm də yeni dövrdə aparılan islahatların məqsədini bir daha göstərdi - mərkəzdən gələn qanunsuz tapşırıqlar dövrü bitməlidir.

Hazırda sabiq administrasiya rəhbəri Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi bu prosesin hüquqi müstəvidə davamı kimi qiymətləndirilir. 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə Mehdiyev Ramiz Ənvər oğlu barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bu ittihamlar təkcə bir şəxsin məsuliyyəti məsələsi deyil, həm də bir dövrün idarəçilik fəlsəfəsinin hüquqi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin son çıxışı dövlət idarəçiliyində yeni yanaşmanın formalaşdığını bir daha nümayiş etdirdi: şəffaflıq, məsuliyyət, vətəndaşa xidmət və dövlət maraqlarının qorunması. Bu, həm də keçmişdəki neqativ təcrübələrdən nəticə çıxarmaq çağırışıdır.

Ramiz Mehdiyev hadisəsi isə bu keçidin simvolik nümunəsinə çevrilib - köhnə idarəçilik modelindən məsuliyyətli və hesabatlı dövlət idarəçiliyinə keçid.


Milli.az,

Asif Mehman


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az