"Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər misli görünməmiş sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bu əlaqələrin dərin mahiyyəti və gələcək istiqamətləri aydın şəkildə təsvir olunur".
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında deyib. O, qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq ölkələr arasında müttəfiqlik xarakterli tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib:
"İki ölkə arasında imzalanmış Müttəfiqlik
haqqında Müqavilə, Strateji Tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı
Bəyannamə və 2025–2029-cu illər üçün Yol Xəritəsi münasibətlərin hüquqi
bazasını daha da gücləndirir. Qarabağda Özbəkistan tərəfindən inşa edilən
Uluqbəy məktəbi isə bu qardaşlığın ən emosional və rəmzi nümunələrindəndir.
İqtisadi əlaqələr də dinamik şəkildə inkişaf edir: 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 252 milyon dollara çatmış, 2025-ci ilin ilk doqquz ayında isə bu göstərici 87,5 faiz artmışdır. Xankəndidə Azərbaycan–Özbəkistan birgə sənaye müəssisəsinin açılması əməkdaşlığın Qarabağın bərpasına praktiki töhfəsini göstərir".
Deputat bildirib ki, nəqliyyat sahəsində Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan yerləşdiyi coğrafi mövqedən strateji şəkildə istifadə
edərək Mərkəzi Asiyadan Avropaya uzanan əsas tranzit marşrutlarının
formalaşmasında aparıcı rol oynayır. Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu,
genişləndirilən hava limanı şəbəkəsi və Zəngəzur dəhlizinin perspektivləri
regionun nəqliyyat xəritəsini yenidən şəkilləndirir.
Enerji əməkdaşlığı da strateji tərəfdaşlığın
vacib istiqamətlərindəndir. Neft-qaz sahəsində əməkdaşlıqla yanaşı, bərpaolunan
enerji və enerji sistemlərinin inteqrasiyası üzrə imzalanan yeni sənədlər yaşıl
transformasiya prosesində də güclü birgəlik nümayiş etdirir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi istiliklə
seçilir. Şəhərlərin qardaşlaşması, mədəniyyət günləri, qarşılıqlı park və
meydan layihələri xalqlar arasında yaxınlığı daha da gücləndirir. Gənclər və
idman sahəsində birgə təşəbbüslər, xüsusən 2027 U-20 Dünya Çempionatının iki
ölkənin birgə təşkil edəcəyi faktı əməkdaşlığı yeni müstəviyə daşıyır.
Prezidentin müsahibəsindən görünür
ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız siyasi tərəfdaş deyil, həm də
ortaq tarixi köklərə, mədəni dəyərlərə və strateji maraqlara əsaslanan geniş
bir əməkdaşlıq məkanının üzvləridir.
Bütün bu proseslər təsdiq edir ki, Azərbaycan
artıq Mərkəzi Asiya ilə vahid siyasi, iqtisadi və mədəni məkanın əsas
oyunçusuna çevrilib. Yeni regional reallıq Azərbaycan və Mərkəzi Asiya ölkələri
arasında həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də humanitar sahədə
davamlı tərəfdaşlığın bünövrəsini formalaşdırır."