Azərbaycan dili xalqımızın milli kimliyini,
tarixini və mənəviyyatını yaşadan ən böyük sərvətlərimizdən biridir. Bu dili
qorumaq və inkişaf etdirmək bu gün daha da aktual və vacibdir. Dövlətimizin dil
siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm strategiya təşkil
edir. Ulu Öndər Azərbaycan dilini sadəcə ünsiyyət vasitəsi kimi deyil, millətin
dayağı kimi qiymətləndirir və deyirdi: “Hər bir xalqı yaşadan onun dilidir;
dilini itirən xalq məhvə məhkumdur.”
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
dili hələ sovet dövründən Konstitusiyada dövlət dili kimi təsbit edilib. Müstəqillik
illərində isə bu status daha da gücləndirilib. 2001-ci ildə imzalanmış “Azərbaycan
əlifbası və Azərbaycan dili günü haqqında” Fərman milli dilimizin yeni inkişaf
mərhələsinə keçməsinə ciddi töhfə verib.
Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident
dilimizin rəqabətqabiliyyətli olması üçün elmi araşdırmaların genişləndirilməsini,
rəqəmsal resursların yaradılmasını və dil siyasətinin sistemli aparılmasını
vacib hesab edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dilinin
saflığını qorumaq və elmi əsaslarla inkişaf etdirmək bütün cəmiyyətin borcudur.
Bu gün dilimizin cəmiyyətdə geniş tətbiq sahələri
var: dövlət idarəçiliyi, təhsil, media, elm mühitində və digər sahələrdə Azərbaycan
dili əsas ünsiyyət vasitəsidir. Bununla yanaşı, qloballaşma, texnologiyanın sürətli
inkişafı və xarici sözlərin artması kimi problemlər də mövcuddur. Həm Ulu Öndər
Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan dilinə dair
yanaşmaları bu çağırışlara cavab verir: dil həm qorunmalı, həm də müasir tələblərə
uyğun inkişaf etdirilməlidir.
Hesab edirəm ki, müasir qloballaşma şəraitində Azərbaycan
dilinin qorunması və inkişafı üçün ilk növbədə onun rəqəmsal bazası genişləndirilməlidir;
bunun üçün yeni mətn bazalarının yaradılması, müxtəlif sahələrdən böyük həcmli
nümunələrin toplanması və bu korpusun süni intellekt və tərcümə sistemləri üçün
açıq istifadəyə verilməsi vacibdir.
Eyni zamanda, terminologiya sahəsindəki
dağınıqlığın azaldılması və aradan qaldırılması məqsədilə hər sahə üzrə kiçik və
işlək termin komissiyalarının yaradılması, yeni terminlərin siyahısının
ictimaiyyətə açıq platformalarda paylaşılması və müzakirəyə təqdim edilməsi
mühüm addım ola bilər.
Digər önəmli
istiqamət isə məktəb və universitetlərdə Azərbaycan dilinin innovativ
metodlarla tədris edilməsidir; bunun üçün interaktiv dərs proqramlarının
hazırlanması və müəllimlər üçün müasir dil tədrisi üzrə mütəmadi təlimlərin
keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, media və sosial şəbəkələrdə dil
pozuntularını aşkar edən avtomatik sistemlərin tətbiqi də vacibdir ki,
televiziya və onlayn media üçün yazı yoxlama proqramlarının hazırlanması,
sosial şəbəkələrdə isə yazı səhvlərini göstərən və düzəlişlər təklif edən tətbiqlərin
yaradılması bu istiqamətdə mühüm rol oynaya bilər.
Dilimizin dünyada tanıdılması baxımından isə,
xaricdə Azərbaycan dili mərkəzlərinin sayının artırılması zəruridir; böyük şəhərlərdə
Azərbaycan dili kurslarının açılması üçün müxtəlif təşkilatlarla əməkdaşlıq
edilməsi və həmin mərkəzlərdə həm dil, həm də mədəniyyətə dair tədbirlərin təşkili
məqsədəuyğun olardı.
Nəticə olaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan dil siyasəti və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən
bu siyasət və müasir yanaşmalar göstərir ki, Azərbaycan dili həm keçmişimiz, həm
də gələcəyimiz üçün əsas dayaqlardan biridir və bu dili qorumaq və inkişaf
etdirmək hər birimizin müqəddəs borcudur.
Vasif Qafarov
Milli Məclisin deputatı