Prezident İlham Əliyevin Slovakiya səfəri zamanı 8 dekabr 2025-ci il tarixində mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan həm regional, həm də qlobal müstəvidə yüksələn nüfuza malik etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.
Dövlət
başçımızın nitqində səsləndirilən fikirlər diplomatik xəttimizin ardıcıllığını,
iqtisadi gücümüzün dayanıqlılığını və beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətin
miqyasını aydın şəkildə nümayiş etdirir. Slovakiya ilə münasibətlərin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, iki ölkə arasında dostluq və qarşılıqlı
etimada əsaslanan əlaqələrin nə qədər dərin olduğunu bir daha təsdiqləyir. Azərbaycanda
8 noyabr 2025-ci il tarixində keçirilən Qələbənin beşinci ildönümü tədbirlərində
Slovakiyanın Baş nazirin müavini və müdafiə naziri səviyyəsində təmsil olunması
da bu səmimi münasibətlərin bariz nümunəsidir və tərəflərin gələcək əməkdaşlıqda
siyasi iradəsinin möhkəm olduğunu göstərir.
Slovakiya Respublikası Azərbaycan Respublikasının
müstəqilliyini 24 yanvar 1992-ci il tarixində tanıyıb. 1993-cü il noyabr 23-də Slovakiya
ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. 24 aprel 2009-cu il
tarixindən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərməyə
başlayıb. 1 oktyabr 2019-cu il tarixindən Slovakiya Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyi fəaliyyət göstərir. 14 iyul 2023-cü il tarixində Azərbaycan
Respublikasının Slovakiya Respublikasında Səfirliyi təsis olunub. Azərbaycan
Slovakiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə
arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. İndiyədək
Azərbaycanla Slovakiya arasında 13 sənəd imzalanıb.
Prezident İlham Əliyevin Bratislavada mətbuata
verdiyi bəyanatında xüsusi vurğuladığı enerji əməkdaşlığı Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını bir daha
ortaya qoyur. Ölkəmizin qaz ixracının 25 milyard kubmetrə çatması, bunun
yarısının Avropa ölkələrinə yönəlməsi, Slovakiyaya qaz tədarükünün başlaması və
ümumilikdə 8 Avropa İttifaqı ölkəsinin Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın
etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir. Bu, təkcə
iqtisadi deyil, həm də siyasi baxımdan böyük strateji üstünlükdür və Azərbaycanın
Avropada etibarlı tərəfdaş kimi möhkəmlənməsinə xidmət edir.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın müharibə məqsədi
daşımadığı, əksinə, yeni texnologiyaların yaradılması və sənaye inkişafının dəstəklənməsi
üçün nəzərdə tutulması Prezidentin çıxışında çox aydın şəkildə ifadə olundu. Azərbaycanın
sülhü prioritet kimi qəbul etməsi, texnoloji tərəqqiyə və istehsal imkanlarının
genişləndirilməsinə diqqət yetirməsi ölkəmizin gələcəyə baxışının praqmatik
mahiyyətini ortaya qoyur. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə və
sənaye imkanlarının sintezi yeni müdafiə sənayesi məhsullarının yaradılmasına və
bu məhsulların beynəlxalq bazarlara çıxışına şərait yarada bilər ki, bu da hər
iki ölkənin iqtisadi maraqlarına xidmət edir.
Prezident İlham Əliyevin nitqində xüsusilə diqqət çəkən
məqamlardan biri də Azərbaycanın nəqliyyat və logistika sektorunda Şərqlə Qərbi
birləşdirən mühüm strateji körpü rolunu daha da genişləndirməsi ilə bağlıdır.
Orta Dəhlizin ən təhlükəsiz və etibarlı hissəsinin məhz Azərbaycan ərazisindən
keçməsi, ölkəmizin bu istiqamətdə böyük investisiyalar həyata keçirməsi və
tranzit imkanlarını durmadan artırması həm Slovakiya, həm də bütövlükdə Avropa
üçün yeni iqtisadi əməkdaşlıq imkanları yaradır. Bu, Azərbaycanın regional və
qlobal nəqliyyat xəritəsində artan mühüm rolunu bir daha təsdiq edir.
Rəqəmsal iqtisadiyyat və data mərkəzləri ilə bağlı
irəli sürülən fikirlər isə, Azərbaycanın texnologiya sektorunda genişmiqyaslı
perspektivlərinin əsasını formalaşdırır. İstifadə olunmayan böyük enerji
potensialı, soyuq iqlimli bölgələrin mövcudluğu və texnoloji infrastrukturun
genişləndirilməsi ölkəmizi beynəlxalq data mərkəzləri üçün ideal platformaya
çevirir. Slovakiya ilə bu sahədə əməkdaşlıq gələcəyin iqtisadiyyatına yönəlmiş
strateji addım kimi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın rəqəmsal hab kimi
mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana
rəsmi səfərə dəvət etməsi isə, iki ölkə arasında artıq formalaşmış dostluq və tərəfdaşlıq
münasibətlərinin daha da dərinləşdirilməsi niyyətini göstərir. Bu, həm siyasi
dialoqun, həm iqtisadi əməkdaşlığın, həm də texnoloji və nəqliyyat sahələrində
yeni layihələrin inkişafına təkan verən vacib diplomatik addımdır.
Bütün bu amillər Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi bəyanatın Azərbaycan dövlətinin uzunmüddətli, strateji və qlobal hədəflərə hesablanmış siyasətinin aydın təzahürü olduğunu göstərir. Bu çıxış Azərbaycanın gücünü, müstəqil xarici siyasətini, iqtisadi imkanlarını və beynəlxalq əməkdaşlığa verdiyi mühüm töhfələri daha da aydınlaşdırır və ölkəmizin regionda sabitlik, inkişaf və tərəfdaşlığın əsas dayağı olduğunu bir daha sübut edir.
Vasif Qafarov
Milli Məclisin deputatı