Pərvanə Vəliyevanın məqaləsi ABŞ-ın “Washington Times” qəzetində dərc olunub. Məqalədə ABŞ vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri və nəticələri barədə qeyd olunub.
Vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri Vaşinqtonun Bakı ilə əməkdaşlığı
dərinləşdirmək niyyətini nümayiş etdirdi. ABŞ və Azərbaycan arasında imzalanmış xartiya üç əsas
istiqamət üzrə uzunmüddətli əməkdaşlıq çərçivəsi yaradır: enerji və regional
bağlantı (ticarət və tranzit daxil olmaqla), iqtisadi investisiyalar (xüsusilə
süni intellekt və rəqəmsal infrastruktur sahələrində) və təhlükəsizlik
əməkdaşlığı (müdafiə və terrorizmlə mübarizə daxil olmaqla).
Xartiyanın həyata keçirilməsinin infrastrukturun
inkişafını sürətləndirəcəyi, enerji yatırımlarını genişləndirəcəyi və
qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təşviq edəcəyi gözlənilir; bu da hər
iki ölkənin vətəndaşları üçün yeni iş yerlərinin yaradılması və biznes imkanları vasitəsilə rifahın artmasına
xidmət edəcək.
Səfərdən əvvəl Prezident İlham Əliyev enerji,
nəqliyyat, texnologiya və qida sektorlarını təmsil edən ABŞ Ticarət Palatasının
nümayəndə heyətini qəbul edib. ABŞ
və Azərbaycan arasında keçirilən görüşlərdə regional bağlantı məsələsi xüsusi
yer tutub. Müzakirələr Beynəlxalq Sülh və Rifah
naminə - “Tramp
Marşrutu”nun fəaliyyətə hazırlanması istiqamətində növbəti addımları əhatə
edib; bu marşrut Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, çoxmodallı bağlantı təmin
edəcək. Layihənin məqsədi Avrasiya boyunca dəmir yollarını, avtomobil
yollarını, boru kəmərlərini, elektrik ötürmə xətlərini və rəqəmsal
infrastrukturu birləşdirərək Cənubi Qafqazı Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca ticarət və investisiya “hub”-na çevirməkdir.
Gücləndirilmiş strateji tərəfdaşlıq Azərbaycanı ABŞ
üçün əsas regional tərəfdaş kimi mövqeləndirir və Cənubi Qafqazda sabitlik,
bağlantı və dayanıqlı inkişaf kimi daha geniş məqsədləri dəstəkləyir.