1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq
hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə
yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə
misli görünməmiş qəddarlıqla divan tutdu.
Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613
nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə
ahıl idi. Bundan başqa,
8 ailə tamamilə məhv edilmiş, 56
nəfər xüsusi qəddarlıqla öldürülmüşdür.
487 insan şikəst olub, 1275 nəfər
isə
əsir götürülmüşdür.
150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ
qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
Xocalı
fəlakətinin izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli
fotolarda açıq-şaffaf əks olunub. İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı
sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin
təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya
bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın
qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar.
İşğal
nəticəsində Xocalı şəhərində yüzlərlə
məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi və
tarix-diyarşünaslıq muzeyi dağıdılıb,
XIV-XV əsrə aid türbələr və
məzarlar da yerlə-yeksan olunub.
Hadisənin
baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək
üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də
Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda
törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.
Ümummilli Lider Heydər
Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı
Soyqırımı Günü” elan edilmişdir. Bundan sonra hər il ölkə ərazisində və xarici
dövlətlərdə anım mərasimləri keçirilir. Azərbaycan dövləti və
diaspor təşkilatları tərəfindən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması
istiqamətində geniş fəaliyyət aparılır. Bir sıra ölkələrin parlamentləri və
ABŞ-ın bəzi ştatları bu hadisəni qətliam və ya soyqırımı kimi tanımışdır. Lakin
böyük güclərin geosiyasi maraqları, qərbi siyasi ikiüzlülüyü və dövlətlərin
ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə
mane oldu. Buna baxmayaraq, bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi
olaraq tanıdı.
Xocalı
soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar
haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam
uyğun gəlir. Bu akt tənzimləməyə görə, məqsədyönlü şəkildə etnik, milli və dini
bir qrupa qarşı kütləvi qətliamdır.
Bu
hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildən
etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyası başladılmışdır. Məqsəd, dünya ictimaiyyətinin
diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir.
Bu kampaniyanın təşəbbüskarı və
müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Kampaniya
dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi
daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat
kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı
vəhşilikləri haqqında bir çox xarici
jurnalistlərin yazıları dərc
edilmişdir.
Azərbaycan
dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi
addımlar atmışdır. BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə
çıxarılması üçün davamlı iş aparılır. Diplomatik səylər nəticəsində bir sıra
ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul etmişdir. Eyni
zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi
üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi
qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab
verməsidir.
Prezident
İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət
göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi
aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycanın
diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq
arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışırlar. 2012-ci
ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu
sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınmışdır. 2013-cü ilin fevral
ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı
soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırmışdır.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman
ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını
aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın
15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il
fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı
Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
Xocalıya
qayıdış prosesi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı “Böyük
Qayıdış” proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki
məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və
milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu
günədək Xocalıda 8 yaşayış məntəqəsinə 881 ailə, 3.602 nəfər köçürülmüşdür.
Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə “Biz Xocalısız ərazi
bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.
Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki,
bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz
sakitləşə bilməzdik” deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini
ifadə etmişdi.
Soyqırımın
34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində
yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz
yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş
anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və
xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu. Bu müddət ərzində heç bir
xarici müdaxilə və ya ədalətsiz ittiham dövlətimizi qanunun aliliyini
qorumaqdan və ölkəmizə, xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb
etməkdən çəkindirmədi. Müharibə cinayətlərində ittiham olunan şəxslər üçün cəzasızlıq
tələb etmək bu cinayətlərə ortaq olmaq deməkdir.
Tarix
bu ədaləti hər zaman xatırlayacaq və dayanıqlı sülh ədalət olmadan mümkün
deyil.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı