Tarixin ən ağır və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur.
Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə insanlığın üzləşdiyi ən böyük cinayətlərdən biri kimi tarixə düşmüşdür. İllər keçsə də, bu hadisənin ağrısı unudulmur, əksinə, xalqın yaddaşında daha da möhkəmlənir və gələcək nəsillərə ötürülür. Bu baxımdan Xocalı həqiqətlərinin dünyaya çatdırılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Məhz bu məqsədlə yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız bir abidə deyil, milli yaddaşın, ədalət axtarışının və tarixi həqiqətlərin simvoludur. İki il bundan əvvəl bu kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.
u hadisə həm tarixi ədalətin bərpasına doğru atılan mühüm addım, həm də xalqın öz keçmişinə verdiyi dəyərin bariz nümunəsi idi. Bu gün isə həmin kompleksin açılışı münasibətilə bir araya toplaşmaq, keçmişlə bu gün arasında mənəvi körpünün qurulduğunu göstərir. Bu, həm də şəhidlərin ruhuna ehtiramın ifadəsidir. Memorial Kompleksin açılışı yalnız xatirə xarakteri daşımır, eyni zamanda siyasi və tarixi mesajlar ehtiva edir. Dünyada nadir hallarda elə ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Azərbaycan məhz bu nadir ölkələrdən biridir.
Bu reallıq ölkənin gücünü, siyasi iradəsini və xalq-dövlət birliyinin sarsılmaz olduğunu sübut edir. Uzun illər davam edən işğal dövründə Xocalı faciəsinin günahkarlarının cəzasız qalması beynəlxalq ədalət sisteminin zəifliyini göstərirdi. Lakin Azərbaycan dövləti bu məsələni daim diqqətdə saxladı, hüquqi və siyasi müstəvidə mübarizəsini davam etdirdi. Nəticədə, tarixi ədalət tədricən öz yerini tapmağa başladı. Bu gün Xocalı ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada tanınması, bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu aydın şəkildə görürük. Bu abidə yalnız keçmişin ağrılarını xatırlatmır, eyni zamanda xalqın gücünü, iradəsini və gələcəyə olan inamını nümayiş etdirir.
Ən çətin sınaqlardan keçən bir xalqın sınmadığını, əksinə daha da möhkəmləndiyini göstərir. Bu ruh, Azərbaycanın müstəqilliyini qorumaqda və inkişaf yolunda irəliləməkdə əsas dayaqlardan biridir. Memorialın memarlıq həlli və ideya məzmunu da xüsusi diqqətə layiqdir. Burada hər bir detal, hər bir element faciənin miqyasını, insanların yaşadığı dəhşətləri və eyni zamanda xalqın dirəniş gücünü əks etdirir. Ziyarətçilər bu məkanda yalnız tarixlə tanış olmur, eyni zamanda həmin hadisələri mənəvi olaraq hiss edir, düşünür və nəticə çıxarırlar. Bu isə memorialın əsas məqsədlərindən biridir – yaddaşı yaşatmaq və unutmamağa çağırmaq. Azərbaycan dövləti üçün Xocalı faciəsi yalnız keçmişin acı bir xatirəsi deyil, həm də gələcəyə yönəlmiş bir dərsdir.
Bu dərs xalqın
birliyini qorumağın, güclü dövlət qurmağın və milli maraqları hər şeydən üstün
tutmağın vacibliyini göstərir. Xocalı qurbanlarının xatirəsi hər zaman
ehtiramla yad edilir və onların ruhu qarşısında borcun yerinə yetirilməsi üçün
bütün səylər davam etdirilir. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı
Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu, yalnız bir
abidənin istifadəyə verilməsi deyil, həm də tarixi yaddaşın möhkəmləndirilməsi,
ədalətin bərpası və milli ruhun təntənəsidir. Prezident İlham Əliyevin
çıxışında səsləndirilən fikirlər də məhz bu reallıqları əks etdirir. Azərbaycan
xalqı öz tarixini unutmur, şəhidlərini yad edir və gələcəyə daha inamla
addımlayır.
Fuad
Həbibzadə
YAP
Yasamal rayon təşkilatının məsləhətçisi