"İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun təzahürüdür"   

13:36 - 06 Mart 2026

\"İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun təzahürüdür\"   
  • 5 mart 2026-cı il tarixində İran tərəfindən Naxçıvana edilən dron hücumu Azərbaycana qarşı İran dövləti səviyyəsində həyata törədilən terror aktıdır.


  • Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyeklər İran tərəfindən hədəf alınaraq namərd atəşə məruz qalıb. Bu terror aktı regionda təhlükəsizlik və siyasi münasibətlər baxımından ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu hadisə hansısa təsadüfi bir hərbi insident deyil, bu, regionda formalaşan geosiyasi mühitə yönələn çox təhlükəli mesajdır və buna adekvat siyasi qiymət və cavab verilməlidir.

İran İslam Respublikasının ərazisindən Naxçıvana həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycanın suveren ərazisinə qarşı belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir.

Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi çökməkdə olan molla rejiminin Azərbaycana münasibətdə sərgilədiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Mülki infrastruktura qarşı dron hücumunun təşkil edilməsi hərbi güc nümayişindən daha çox acizlik, namərdlik və qorxaqlıq əlamətidir. Xüsusilə mülki vətəndaşların istifadə etdiyi obyektlərin hədəf seçilməsi beynəlxalq humanitar hüququn prinsiplərinin kobud surətdə pozulmasıdır.

Hesab edirəm ki, İran İslam Respublikası qısa zaman ərzində bu məsələyə tam aydınlıq gətirməli, baş verən hadisə ilə bağlı rəsmi izahat verməli, Azərbaycandan üzr istəməli, bu terror aktını törədənləri cinayət məsuliyyətinə cəlb edilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir. Əks halda bu hadisə regionda etimad mühitinə ciddi zərbə vuracaq və qarşıdurma riskini artıracaq.

Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Hesab edirəm ki, bu fakt region ölkələri tərəfindən də yaxşı bilinir.

Bu məqamda Azərbaycan dövlətinin nümayiş etdirdiyi humanist və konstruktiv mövqeni də xatırlatmaq vacibdir. Məlum olduğu kimi, İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal başsağlığı verib və İran səfirliyini ziyarət edib. Azərbaycandan başqa heç bir dövlətin başçısı bu addımı atmayıb. Bu addım Azərbaycanın humanizm və diplomatik etikaya sadiqliyinin növbəti nümunəsi idi. Eyni zamanda, Azərbaycan İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək edib və digər bu kimi addımlar atıb. Azərbaycanın İrana humanitar yardım göndərməsi məsələsinin də gündəmdə olması ölkəmizin səmimi münasibətinin göstəricisidir. Hazırkı vəziyyətdə İranın beynəlxalq aləmdə təkləndiyi bir məqamda Azərbaycanın sərgilədiyi belə bir mövqe qarşısında İranın Naxçıvana dron hücumları təşkil etməsi nankorluğun son həddidir.

Prezident İlham Əliyev 5 mart 2026-cı il tarixində keçirilmiş Təhlükəsizlik Şurasının iclasında bu məsələyə toxunaraq Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malik olduğunu xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan heç vaxt təxribat yolu seçməyib, lakin ölkəmizin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq. Prezident həmçinin qeyd etdi ki, Azərbaycan regionda sülh və əməkdaşlıq tərəfdarıdır, lakin bu sülh birtərəfli ola bilməz.

Hesab edirəm ki, dövlət başçısının bu mesajı həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın siqnaldır. Azərbaycan öz milli təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

Tarix də göstərir ki, Azərbaycana qarşı təxribat və hücumlara əl atan qüvvələr sonda bunun peşmanlığını yaşayıblar. Hesab edirəm ki, İran tərəfi də bu məsuliyyətsiz və təhlükəli addımın nəticələrini ciddi şəkildə düşünməlidir.

Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu kimi hücum aktlarının cavabsız qalmayacağı barədə mövqeyini açıq şəkildə ifadə edib.

Hesab edirəm ki, regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün bütün dövlətlər məsuliyyətli davranmalı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli və təxribat xarakterli addımlardan çəkinməlidirlər.


 Vasif Qafarov

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az