Bakıda qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu

09:59 - 13 Mart 2026

Bakıda qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu

Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib.


Forumun açılışında çıxış edən Prezident İlham Aliyev vurğuladı ki, müasir dünyada təhlükəsizlik və sabitlik hər bir dövlət üçün əsas prioritetə çevrilib. Çünki təhlükəsizlik olmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq mümkün deyil. Sülh və təhlükəsizlik bütün digər inkişaf proseslərinin təməlidir.

Prezident təxminən 30 il ərzində Azərabycan ərazilərinin Ermənistanın işğalı altında qalması və bu dövrdə beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi problemlərdən danışdı.


Beynəlxalq sistemdə ədalətsizliklərin olmasını vurğuladı. Prezident Azərbaycanın öz suverenliyini bərpa etməsini beynəlxalq hüquqa əsaslanan legitim addım olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücünə bərpası region üçün dönüş nöqtəsi yaratdı. Prezident bu prosesdən sonra sülhün bərqərar edilməsinin daha çətin mərhələ olduğunu vurğuladı. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və regionda sabitliyin təmin edilməsi üçün siyasi iradə tələb olunurdu. Bu kontekstdə sülhün əldə olunması Azərbaycan tərəfindən təqdim olunan mühüm diplomatik uğurdur.

Prezident öz çıxışı zamanı Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola da toxundu. Müasir dünyada enerji resursları yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik məsələsi kimi qəbul olunur. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi və neft və qaz ixrac edən ölkə olaraq müxtəlif regionların enerji təhlükəsizliyinə töhfə verir və bu istiqamətdə əməkdaşlığı genişləndirir.

Prezident həmçinin, vurğuladı ki, münaqişələr və geosiyasi gərginliklər beynəlxalq ticarət marşrutlarının fəaliyyətində çətinliklər yaradır və buna görə də alternativ logistika yolları böyük əhəmiyyət qazanır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi kimi qlobal ticarət və tranzit sistemində vacib rol oynayır. Bu isə ölkəmizin regional inteqrasiyada strateji mövqeyini gücləndirir.


Çıxışın sonunda Prezident beynəlxalq əməkdaşlığın və dialoqun vacibliyini bir daha vurğuladı. O qeyd etdi ki, müasir dünyada mövcud olan münaqişələr və qarşıdurmalar yalnız dialoq və əməkdaşlıq yolu ilə həll oluna bilər.

Digər beynəlxalq platformalardan fərqli olaraq, Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər də müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az