17 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Manset.az xəbər verir ki, bayram şənliyi Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllülərinin iştirakı ilə yüksək əhval-ruhiyyədə baş tutub.
Əvvəlcə Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov bayram münasibətilə təşkil olunan tədbir meydanı - Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilərlə tanış olub.
Şənlik Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin konsert proqramı ilə davam etmişdir. Novruz simvolları olan Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı səhnəciklər təqdim olunub.
Sonda el ağsaqqalı Dədə Qorqud xeyir dua vermiş, rayon rəhbəri ilə birgə bayram tonqalını alovlandırmışlar.
Ümumrayon Novruz tədbiri rayon sakinlərinə xoş bayram ovqatı bəxş edib və qədim ənənələrimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyıb.