"Azərbaycan və Gürcüstan arasında
siyasi dialoq ən yüksək səviyyədə aparılır və qarşılıqlı etimada əsaslanır.
Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu
münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki
ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır və
strateji tərəfdaşlığı daha da möhkəmləndirir".
Bu barədə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib. O, qeyd edib ki, iqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir:

"Ticarət
dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi əlaqələrin
şaxələndirilməsi iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını
gücləndirir. Ötən il ərzində Azərbaycanla Gürcüstan arasında ticarət
dövriyyəsinin həcmi 881 milyon ABŞ dolları təşkil edib.
Enerji sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazının
Gürcüstan üzərindən Avropaya nəqli Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan
Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız ikitərəfli
deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bu layihələr Avropanın enerji
mənbələrinin şaxələndirilməsinə töhfə verir və Azərbaycanın etibarlı enerji
tərəfdaşı kimi rolunu gücləndirir".
Deputat onu da əlavə edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır:
"5 milyon ton daşıma gücünə malik Bakı-Tbilisi-Qars
dəmir yolu xətti Şərqlə Qərb arasında səmərəli bağlantı yaradaraq regionun
tranzit potensialını artırır. Hazırki
regional geosiyasi proseslər bu yolun Avropa-Asia istiqaməti üzrə əhəmiyyətini
daha da artırıb. Yeni əməkdaşlıq sahəsi olan, Ermənistan-Azərbaycan normallaşma
və etimad-quruculuğunun növbəti addımı kimi Ermənistana Azərbaycan neftinin
daşınması da məhz, buradan keçir.
Bununla yanaşı, humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq və
qarşılıqlı anlayışı daha da gücləndirir. İki ölkə beynəlxalq təşkilatlar
çərçivəsində də bir-birini dəstəkləyir, suverenlik və ərazi bütövlüyü
məsələlərində ortaq mövqe nümayiş etdirir.
Regional təhlükəsizlik məsələləri də əməkdaşlığın əsas istiqamətlərindəndir.
Müdafiə və təhlükəsizlik sahəsində dialoq qarşılıqlı etimadı artırır və
regionda sabitliyin qorunmasına xidmət edir.
Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli
əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və qlobal kontekstdə
mühüm rol oynayır. Bu tərəfdaşlıq modeli sabitlik, inkişaf və qarşılıqlı fayda
prinsiplərinə əsaslanaraq region üçün uğurlu nümunə kimi çıxış edir".