Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi geniş bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin strateji mahiyyətini, dinamik inkişaf trayektoriyasını və regional əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, vurğuladığı məqamlar və verdiyi mesajlar göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir və bu münasibətlər regionun gələcək inkişafının əsas dayaqlarından biri kimi çıxış edir.
Tarixi
kontekstdə yanaşdıqda, Azərbaycan və Gürcüstan xalqları arasında əlaqələrin əsrlər
boyu davam edən dostluq və qardaşlıq ənənələrinə söykəndiyini görürük.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu tarixi bağlar müasir dövlətlərarası
münasibətlər üçün möhkəm zəmin formalaşdırmışdır. Əsrlər boyu eyni coğrafiyada
sülh və qarşılıqlı hörmət şəraitində yaşayan xalqlarımız
bu gün müstəqil dövlətlər kimi eyni prinsiplərə sadiq qalaraq əməkdaşlıqlarını
davam etdirirlər. Bu baxımdan, iki ölkə arasındakı münasibətlərin inkişafı təsadüfi
deyil, tarixi zərurətin və qarşılıqlı maraqların məntiqi nəticəsidir.
Prezident
İlham Əliyevin bəyanatında xüsusi yer tutan məqamlardan biri də Gürcüstanın əldə
etdiyi uğurların yüksək qiymətləndirilməsi oldu. O, Gürcüstanın dinamik
iqtisadi inkişafını, ölkədə formalaşmış müsbət investisiya mühitini və siyasi
sabitliyi xüsusi vurğuladı. Bu yanaşma, bir tərəfdən, dost ölkəyə verilən yüksək
qiymətin göstəricisi, digər tərəfdən isə regionda sabitliyin və inkişafın
qarşılıqlı şəkildə bir-birini tamamladığını göstərən mühüm siyasi mesajdır.
Çünki müasir dünyada iqtisadi inkişafın əsas şərti kimi çıxış edən siyasi
sabitlik Gürcüstanda mövcuddur və bu da ölkəni investorlar üçün cəlbedici məkana
çevirir.
Azərbaycan investorlarının Gürcüstana artan marağı da
bu reallığın bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə
qoyulmuşdur ki, bu da iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini
sübut edir. Bu investisiyalar yalnız iqtisadi göstərici deyil, həm də
qarşılıqlı etimadın, uzunmüddətli tərəfdaşlığın və strateji baxışın təzahürüdür.
Üstəlik, gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata
keçirilməsi perspektivi iki ölkənin əməkdaşlığının coğrafiyasının daha da
genişlənəcəyindən xəbər verir.
İkitərəfli ticarət əlaqələrinin inkişafı da diqqətəlayiqdir.
800 milyon dollardan artıq ticarət dövriyyəsi və artım dinamikası göstərir ki,
Azərbaycan-Gürcüstan iqtisadi münasibətləri sabit və davamlı inkişaf xətti üzrə
irəliləyir. Bu dinamika onu deməyə əsas verir ki, yaxın perspektivdə ticarət
dövriyyəsinin 1 milyard dollara çatması real və mümkündür. Bu isə öz növbəsində
iqtisadi əlaqələrin daha da şaxələndirilməsi və yeni əməkdaşlıq sahələrinin
yaranması üçün geniş imkanlar açır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan
istiqamətlərdən biri də enerji əməkdaşlığı oldu. Azərbaycan uzun illərdir ki,
regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol
oynayır və bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli
layihələr iki ölkənin əməkdaşlığının zirvəsini təşkil edir. Bu layihələr yalnız
iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır, çünki onlar regionda
enerji marşrutlarının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə
xidmət edir.
Enerji layihələri ilə yanaşı, nəqliyyat sahəsində əməkdaşlıq
da strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində
formalaşan Orta Dəhliz bu gün Avrasiya məkanında mühüm nəqliyyat arteriyasına
çevrilmişdir. Bu dəhliz vasitəsilə Şərq ilə Qərb arasında yük daşımalarının həcmi
sürətlə artır və bu proses hər iki ölkənin iqtisadi potensialını daha da gücləndirir.
Nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər göstərir
ki, Azərbaycan və Gürcüstan bu sahədə də uzunmüddətli strateji planlara
malikdir.
Regional
təhlükəsizlik məsələləri də Prezident İlham Əliyevin bəyanatında mühüm yer
tutdu. O, qeyd etdi ki, bu gün Cənubi Qafqazda yeni reallıqlar formalaşır və
region ölkələri bu imkanlardan maksimum istifadə etməlidir. Uzun illər münaqişələr
və gərginliklərlə yadda qalan regionun bu gün sülh və əməkdaşlıq məkanına
çevrilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə
Gürcüstanın rolu da yüksək qiymətləndirildi ki, bu da regional əməkdaşlığın
inklüziv xarakter daşıdığını göstərir.
Azərbaycan
ilə Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev vurğuladı
ki, sülhün möhkəmləndirilməsi üçün yalnız sənədlərin imzalanması kifayət deyil,
real əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır. Bu baxımdan, ticarət əlaqələrinin
inkişafı mühüm rol oynaya bilər. Gürcüstanın bu prosesdə tranzit və vasitəçi
kimi oynadığı rol xüsusi qeyd olundu və bu, üçtərəfli əməkdaşlıq perspektivlərinin
mövcudluğunu göstərir.
Beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də Azərbaycan-Gürcüstan münasibətlərinin
mühüm komponentlərindən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki
ölkə hər zaman bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin
toxunulmazlığını dəstəkləmişdir və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.
Bu prinsipial mövqe beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyin göstəricisi
olmaqla yanaşı, iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir.
Humanitar
və mədəni əlaqələr də bu münasibətlərin ayrılmaz hissəsidir. Azərbaycan və
Gürcüstan xalqları arasında mövcud olan tarixi dostluq münasibətləri bu gün də
müxtəlif sahələrdə əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilir. Təhsil, mədəniyyət
və turizm sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı
anlaşmanı gücləndirir və bu da siyasi münasibətlərə müsbət təsir göstərir.
Prezident
İlham Əliyevin bəyanatında səsləndirilən fikirlərdən belə nəticəyə gəlmək olar
ki, Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dinamik xarakter daşıyır.
Bu münasibətlər yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda
regionun sabitliyi və inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı
hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu əməkdaşlıq modeli digər
ölkələr üçün də nümunə kimi çıxış edə bilər.
Yekunlaşdırsaq qeyd edə bilərik ki, Prezident
İlham Əliyevin Gürcüstana dövlət səfəri və mətbuata verdiyi bəyanat Azərbaycan
diplomatiyasının uğurlu nümunəsi olmaqla yanaşı, regionda yeni əməkdaşlıq mərhələsinin
başlanğıcını ifadə edir. Bu səfər göstərdi ki, Azərbaycan və Gürcüstan gələcəyə
inamla baxan, strateji baxışa malik və qarşılıqlı faydalı əməkdaşlığı prioritet
hesab edən ölkələrdir. Mövcud dinamika və əldə olunan nailiyyətlər deməyə əsas
verir ki, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da yüksələn xətlə
inkişaf edəcək və regionun sabitliyinə, təhlükəsizliyinə və rifahına mühüm töhfələr
verəcəkdir.
Zahid Cəfərov
Hüquq elmləri doktoru, professor