Hər bir xalq üçün böyük xoşbəxtlikdir ki, onun yetirdiyi şəxsiyyətlər arasında bu cür nadir, dərin məzmunlu ömürlər yaşamış insanlar vardır. Bu şəxsiyyətlər gördükləri işlərlə birgə həm də yaratdıqları dəyərlər sistemi ilə gələcək nəsillərə istiqamət verirlər. Onların həyat yolu bir məktəb, fəaliyyətləri isə bir ideya platforması kimi cəmiyyətə xidmət edir. Belə böyük və nümunəvi şəxsiyyətlərdən biri də humanistliyi, ziyalılığı və yüksək intellekti ilə seçilən görkəmli oftalmoloq-alim, akademik, ictimai xadim Zərifə xanım Əliyevadır.
Akademik
Zərifə xanım Əliyeva zəngin mənəvi dünyaya sahib, yüksək əxlaqi keyfiyyətləri
ilə seçilən əsl ziyalı kimi mənalı və şərəfli bir ömür yaşamışdır. Onun həyatı
elmə, insanlara və Vətənə xidmət nümunəsi kimi dəyərləndirilir. Oftalmologiya
sahəsində apardığı fundamental tədqiqatlar Azərbaycan tibb elminin inkişafında
mühüm mərhələ təşkil etmişdir. Onun elmi əsərləri yalnız nəzəri baxımdan deyil,
praktik əhəmiyyətinə görə də yüksək qiymətləndirilmiş, tibbi təcrübədə geniş tətbiqini
tapmışdır. Zərifə xanımın tədqiqatlarında qaldırılan problemlər, irəli sürülən
yenilikçi müalicə üsulları və profilaktik yanaşmalar bu gün də aktuallığını
qorumaqdadır. O, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı
araşdırmalarla bu sahədə yeni elmi istiqamətlərin formalaşmasına təkan
vermişdir.
Onun
təşəbbüsü ilə Azərbaycanda oftalmologiya sahəsində ilk ixtisaslaşmış elmi-tədqiqat
laboratoriyasının yaradılması ölkəmizdə tibbi elmin institusional inkişafında
mühüm hadisə olmuşdur. Bu laboratoriya elmi araşdırmaların aparıldığı bir mərkəz
olmaqla yanaşı yeni nəslin formalaşdığı,
müasir tibbi düşüncənin inkişaf etdiyi bir ocaq idi. Zərifə xanım burada həm
alim, həm müəllim, həm də təşkilatçı kimi fəaliyyət göstərərək, gənc kadrların
yetişməsinə xüsusi diqqət yetirmişdir. Onun pedaqoji fəaliyyəti, tələbələrə və
gənc həkimlərə yanaşması, peşə etikası ilə bağlı tövsiyələri bu gün də
aktuallığını itirməmişdir.
Zərifə
xanım Əliyevanın həkimlik fəaliyyəti xüsusi vurğulanmalıdır. O, yüksək peşəkarlığa
malik praktik həkim idi. Onun həyata keçirdiyi mürəkkəb əməliyyatlar, minlərlə
insana bəxş etdiyi şəfa, insanların həyatına qaytardığı işıq onun insanpərvərliyinin
ən parlaq göstəricilərindən biridir. Görmə qabiliyyətini itirmək təhlükəsi ilə
üzləşən insanlar üçün o, ümid ünvanı idi. Onun hər bir xəstəyə fərdi yanaşması,
diqqəti, qayğısı və səmimiyyəti həkim peşəsinin ən ali dəyərlərini özündə
ehtiva edirdi. O, hesab edirdi ki, həkim yalnız bilik və bacarıq sahibi deyil,
eyni zamanda yüksək mənəviyyata malik bir insan olmalıdır.
Zərifə
xanımın şəxsiyyətinin formalaşmasında onun böyüdüyü ailə mühitinin rolu əvəzsizdir.
O, görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin ailəsində dünyaya göz
açmışdır. Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında mühüm xidmətlər göstərmiş,
öz zəngin fəaliyyəti ilə böyük nüfuz qazanmış şəxsiyyət idi. Onun həyat
prinsipləri, yüksək intellekti və insani keyfiyyətləri Zərifə xanımın
dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Atasının timsalında
gördüyü nümunə ona həm peşəkar, həm də mənəvi baxımdan düzgün yol seçməyə kömək
etmişdir. Bu ailədə hökm sürən ziyalılıq, əməksevərlik, xeyirxahlıq və vətənpərvərlik
kimi dəyərlər onun həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Zərifə
xanım Əliyeva eyni zamanda ailə dəyərlərinə sadiqliyi ilə seçilən bir insan
olmuşdur. O, müasir Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər
Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Bu
münasibət yalnız ailə bağları ilə məhdudlaşmır, eyni zamanda dərin qarşılıqlı
hörmət, anlayış və mənəvi dəstəyə əsaslanırdı. Zərifə xanım ən çətin və məsuliyyətli
dövrlərdə belə Ulu Öndər Heydər Əliyevin yanında olmuş, ona mənəvi dayaq
vermişdir. Onun müdrikliyi, təmkinliliyi və uzaqgörənliyi ailənin möhkəmliyini
təmin edən əsas amillərdən biri olmuşdur.
O,
həm də qayğıkeş ana kimi övladlarının tərbiyəsinə xüsusi diqqət yetirmiş,
onlara yüksək mənəvi dəyərləri aşılamışdır. Bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fəaliyyətində həmin ailə tərbiyəsinin, mənəvi irsin təsirini
aydın şəkildə görmək mümkündür. Prezident İlham Əliyev anasının xatirəsini daim
böyük ehtiramla yad edərək onun həyatındakı rolunu xüsusi vurğulamışdır. Bu,
bir daha göstərir ki, Zərifə xanım güclü ailə dəyərlərinin daşıyıcısı idi.
Akademik
Zərifə Əliyeva ictimai fəaliyyət sahəsində də fəal olmuşdur. O, müxtəlif beynəlxalq
və ümumittifaq təşkilatlarında təmsil olunaraq sülh, elm və humanizm
ideyalarının təbliğinə öz töhfəsini vermişdir. Onun bu fəaliyyəti Azərbaycan
elminin və ziyalılıq ənənələrinin beynəlxalq müstəvidə tanınmasına xidmət
etmişdir. Dövlət tərəfindən onun xidmətləri yüksək qiymətləndirilmiş, o, müxtəlif
fəxri ad və mükafatlara layiq görülmüşdür.
Zərifə
xanımın həyat fəlsəfəsi onun elmi və tibbi fəaliyyətində aydın şəkildə öz əksini
tapırdı. O, hesab edirdi ki, həkimlik yalnız peşə deyil, həm də yüksək mənəvi məsuliyyət
tələb edən bir missiyadır. Onun fikrincə, əsl həkim xəstənin ağrılarını dərindən
hiss etməli, ona yalnız tibbi deyil, həm də mənəvi dəstək göstərməlidir. Bu
yanaşma onun fəaliyyətinin əsasını təşkil etmiş, onu həmkarlarından fərqləndirən
başlıca xüsusiyyətlərdən biri olmuşdur.
Bu
gün Zərifə xanım Əliyevanın xatirəsi Azərbaycanda böyük ehtiramla yad edilir.
Onun adı yalnız tibb elmi ilə deyil, eyni zamanda yüksək mənəviyyat, humanizm və
ziyalılıq anlayışları ilə birgə çəkilir. Onun qoyub getdiyi elmi irs,
yetişdirdiyi kadrlar və formalaşdırdığı dəyərlər sistemi bu gün də yaşayır və
inkişaf edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva onun bu nəcib ənənələrini uğurla davam etdirərək, ölkəmizdə humanitar və
sosial sahələrin inkişafına mühüm töhfələr verir.
Zərifə
xanım Əliyevanın həyatı və fəaliyyəti hər bir insan üçün örnəkdir. Onun ömür
yolu bizə göstərir ki, insan yalnız yaşadığı dövrdə deyil, qoyduğu izlərlə də gələcəyə
təsir edə bilər. O, öz zərifliyi, müdrikliyi və yüksək mənəviyyatı ilə
yaddaşlarda əbədi yaşayır. Onun işıqlı xatirəsi hər zaman böyük ehtiram və
sevgi ilə anılacaq, gələcək nəsillər üçün ilham mənbəyi olaraq qalacaqdır.
Bəxtiyar
Nəbiyev
YAP
Yasamal rayon təşkilatının sədri