Antalyada
keçirilən Antalya Diplomacy Forum artıq fəaliyyətinə başlamışdır. Forumda
parlamenti Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və
beynəlxalaq münasibətlər və parlamentləarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov təmsil edir.
Manset.az xəbər verir ki, forum
çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin beynəlxalq mövqeyinin daha
da gücləndirilməsi istiqamətində fəal iştirak edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən mühüm mesajlar qlobal və
regional gündəlik baxımından xüsusi əhəmiyyət daşıyır və ölkəmizin prinsipial
mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırır. Enerji təhlükəsizliyi ilə
bağlı müzakirələr forumun əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanın
energetika naziri Pərviz Şahbazov “Qlobal Enerji Xəritəsinin Yenidən Çəkilməsi:
Təhlükəsizlik və Qeyri-müəyyənlik” panelində çıxış edərək ölkəmizin etibarlı
tərəfdaş kimi rolu və mövcud çağırışlar fonunda əməkdaşlıq perspektivlərini
təqdim etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Hikmət Hacıyev “Dəyişən Dünyada Regional Sahibliyin Rolu” mövzusunda çıxışı ilə
müasir beynəlxalq münasibətlər sistemində regional məsuliyyətin və
təşəbbüskarlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Forum çərçivəsində
parlamentarilər intensiv görüşlər keçirərək parlament diplomatiyasının
inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində
fəaliyyətlərini davam etdiririrlər. Müxtəlif ölkələrin nümayəndələri ilə
aparılan müzakirələr Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinə
dəstəyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli
Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və beynəlxalaq
münasibətlər və parlamentləarası əlaqələr komitəsinin sədri Səməd Seyidov
TRT Avaz telekanalına müsahibə verərək Azərbaycanın beynəlxalq münasibətlər
sistemində artan rolu, regionda sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən siyasət barədə fikirlərini bölüşüblər. Eyni
zamanda, parlamentarilər Türkiyənin nüfuzlu siyasi xadimləri – Mövlud Çavuşoğlu
və Fuat Oktay ilə keçirilən görüşlərdə Azərbaycan–Türkiyə münasibətlərinin daha
da inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı
maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Antalya
Diplomatik Forumu çərçivəsində həyata keçirilən bütün bu təmaslar ölkəmizin
beynəlxalq platformalarda fəal iştirakını və strateji maraqlarının ardıcıl
şəkildə təşviq olunduğunu bir daha nümayiş etdirir.