“Sülh yalnız müharibənin olmaması deyil, daha geniş məna daşıyan anlayışdır. Biz mürəkkəb keçmişi inkar etmirik, lakin onu aşırıq və gələcəyə baxırıq”.
Manset.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti də transformasiya mərhələsindən keçir:
“Biz yalnız Cənubi Qafqazla məhdudlaşmırıq, geosiyasi kimliyimizi genişləndiririk. Bu nə deməkdir? Bir tərəfdən biz Cənubi Qafqaz xalqlarındanıq və bu, çoxsaylı geosiyasi kimliklərimizdən biridir. Digər tərəfdən, biz həm də Orta Asiyanın bir hissəsiyik. Orta Asiya ilə bizi etnik qohumluq və tarixi-mədəni bağlar birləşdirir. Son dövrlərdə isə Azərbaycan Orta Asiya qrupunun – S6-nın tərkib hissəsinə çevrilib”.
“Eyni zamanda biz türk dünyasını təmsil edirik. Türk Dövlətləri Təşkilatı yeni geosiyasi reallıq və əməkdaşlıq platformasına çevrilir. Azərbaycanın Yaxın Şərq üzərində təsirini də inkar etmək olmaz, çünki biz bu regionla sərhəddəyik və bu, Azərbaycana Yaxın Şərqə əlavə çıxış imkanı yaradır. Suriya, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq bunun növbəti sübutudur”, – deyə o əlavə edib.
H. Hacıyev bildirib ki, Cənubi Qafqazda real sülh mövcuddur:
“Azərbaycan öz üzərinə düşəni edəcək və onun qurulması üçün artıq diplomatik cəsarət nümayiş etdirib. Fransız və alman həmkarlarımla zarafat edirəm: 1945-ci ildən sonra sülh sazişinə nail olmaq üçün 18 il vaxt lazım oldu. Halbuki Ermənistan və Azərbaycan arasında bu proses iki ildən də az çəkdi. 2023-cü il hadisələrindən sonra biz sahədə praktiki və praqmatik addımlar nəticəsində əldə olunmuş faktiki sülhə malikik”.