Sülh, nəqliyyat və güc balansı - Azərbaycanın təcrübəsi Antalya Forumunun gündəliyində

08:59 - 22 Aprel 2026

Sülh, nəqliyyat və güc balansı - Azərbaycanın təcrübəsi Antalya Forumunun gündəliyində

Öncə ondan başlayaq ki, 5-ci Antalya Diplomatiya Forumu müasir, qeyri-sabit və parçalanmış beynəlxalq aləmdə diplomatiyanın rolunu yenidən ön plana çıxaran mühüm platformalardan biridir.


Bu forumun əsas siyasi əhəmiyyəti ondadır ki, o, artan münaqişələr və böyük güclər arasında rəqabət fonunda dövlətləri, siyasətçiləri və ekspertləri bir masa arxasına toplayaraq dialoqu, qansız-qadasız, müharibəsiz həll yollarını təşviq edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, eləcə də (ABŞ-İsrail-İran hərbi qarşıdurması)  Yaxın Şərqdəki gərginliklər kimi qanlı hadisələr göstərir ki, müasir dünyada hərbi toqquşmaların qarşısını almaq üçün diplomatik kanalların açıq qalması həyati əhəmiyyət  daşıyır.  Forum bu baxımdan yalnız rəsmi danışıqları deyil, həmçinin də qeyri-rəsmi, müstəqil ekspertlər  səviyyəsində aparılan diplomatik təmaslar vasitəsilə də qarşılıqlı anlaşmanı, etimadı gücləndirməyə xidmət göstərir.


Azərbaycan Prezidenti İlham Əliyevin də belə bir vacib forumda iştirakı,  Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu iştirak ölkənin post-münaqişə dövründə formalaşdırdığı yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq, regional sülh gündəliyini təqdim etmək və Azərbaycanın artan geosiyasi rolunu vurğulamaq baxımından olduqca vacibdir. Eyni zamanda, Azərbaycan özünü Avropa və Asiya arasında etibarlı enerji və nəqliyyat tərəfdaşı kimi də təqdim edir, bu isə ölkənin strateji əhəmiyyətini daha da artırır.


Forum çərçivəsində qlobal təhlükəsizlik, enerji təminatı, regional münaqişələr və iqtisadi inteqrasiya kimi məsələlərlə yanaşı, beynəlxalq nəqliyyat marşrutları da xüsusi diqqət mərkəzində olub. Bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu mühüm alternativ ticarət yolu kimi qiymətləndirilir. Bu dəhliz Çinlə Avropa  arasında yükdaşımalar üçün ənənəvi marşrutlara alternativ olaraq getdikcə daha çox aktuallaşır və Azərbaycanın bu marşrutda əsas logistika qovşaqlarından biri olduğu vurğulanır. Bununla yanaşı, Zəngəzur dəhlizi  də diqqət çəkən məsələlər sırasında olub. Bu layihə regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişlənməsi baxımından böyük potensiala malik olsa da, xüsusilə Ermənistanla münasibətlər fonunda hələ də həssas məsələ kimi qalmaqdadır.


Nəzərə alsaq ki, Ermənistan parlament seçkiləri ərəfəsindədir, ölkədə revanşistlər hələ də Azərbaycanla normallaşma prosesini pozmaqda iddialıdırlar – belə bir durumda Manşet.az-ın baş redaktoru Əli Vəliyevin V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan mətbuat konfransında Türkiyənin Xarici işlər naziri Hakan Fidana ünvanladığı  “Türkiyə bundan sonra hansı yumşaq güc mexanizmlərindən istifadə edə bilər?” və “Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı Türkiyənin bundan sonra daha hansı təşəbbüsləri olacaq?” kimi sualları tam aktual səslənir.  Türkiyənin baş diplomatı Manşet.az-ın suallarına  cavab olaraq bildirib : "Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid edir.  Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var. Orta Dəhlizin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi də Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də birgə iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq".


Göründüyü kimi Hakan Fidan  Türkiyənin  dəhlizləri, körfəzləri, ümumiyyətlə isə nəqliyyat arteriyalarını bölgədə, eləcə də dünyada sülh və əməkdaşlıq üçün vacib infrastruktur kimi yüksək dəyərləndirdiyini qeyd edir. Elə Antaliya forumunun qarşısında qoyduğu əsas hədəflərdən biri də dünyada gərginliyi azaldan, anlaşılmazlığı aradan qaldıran  bu cür iqtisadi və həm də siyasi mexanizmləri təbliğ etməkdir. Bu cür qlobal platformalarda əsas siyasi qazanc qarşıdurmada olan tərəflər arasında dialoqun davam etdirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və müxtəlif regionların, o cümlədən Cənubi Qafqazın artan strateji əhəmiyyətinin beynəlxalq səviyyədə daha aydın şəkildə qəbul olunmasıdır. Yəni bu forumu daha çox qlobal siyasətdə gələcək razılaşmalar üçün zəmin yaradan və diplomatiyanın rolunu gücləndirən bir platforma kimi qiymətləndirmək daha düzgün olardı.


QAFQAZ   CƏNUBLU


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az