Azərbaycan
Respublikası ilə Ukrayna
arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu,
əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Xüsusilə iqtisadi, ticarət
və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin
möhkəmliyindən qaynaqlanır.
İkitərəfli
münasibətlərin institusional əsasları kifayət qədər güclüdür: Xarici İşlər Nazirlikləri
arasında məsləhətləşmələr,
hökumətlərarası iqtisadi komissiya və parlamentlərarası dostluq qrupları
əməkdaşlığın davamlılığını təmin edir. Parlament diplomatiyasının aktivliyi və 1995-dən fəaliyyət göstərən dostluq qrupları
qarşılıqlı siyasi etimadın göstəricisidir.
Eyni
zamanda tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini
dəstəkləyir ki, bu da münasibətlərin yalnız ikitərəfli deyil, çoxtərəfli
müstəvidə də strateji xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev Prezident Volodimir Zelenskinin
aprelin 25-də Azərbaycana səfəri zamanı liderlər mətbuata birgə bəyanat vermişdir. Dövlət
başçımız bildirib ki, Volodimir Zelenski ilə görüşlər müntəzəmdir və son 4 ildə 7
dəfə keçirilərək əlaqələri gücləndirib.
Bəyanatda Prezident İlham Əliyev Azərbaycanla Ukraynanın bir-birinin
ərazi bütövlüyünü və suverenliyini bütün beynəlxalq platformalarda
dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Ümumilikdə, Azərbaycan–Ukrayna münasibətləri siyasi
yaxınlıq, institusional əməkdaşlıq və beynəlxalq dəstək üzərində qurulan, lakin
iqtisadi sahədə daha sabit artım potensialı olan strateji tərəfdaşlıq kimi
qiymətləndirilə bilər.
İqtisadi
göstəricilərə
əsasən, 2021-ci ildə ticarət
dövriyyəsi pik həddə çatsa da, sonrakı illərdə azalma müşahidə olunur. Bununla
belə, tərəflər
bugünədək 162 hüquqi sənəd imzalayaraq əməkdaşlıq
üçün geniş hüquqi baza yaradıblar.
Əməkdaşlıq
xüsusilə energetika sahəsində, SOCAR-la əməkdaşlıq, ticarət və hərbi-texniki sahələrdə geniş
perspektivlərə malikdir. Tərəflər birgə layihələr və investisiyaların
artırılmasını müzakirə ediblər.
Ümumilikdə, səfər iki ölkə arasında dinamik inkişaf edən münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı