Müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal çağırışların artdığı bir dövrdə Azərbaycan və Çexiya dövlətlərinin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.
Cari ilin aprelin 27-də Çexiya Respublikasının Baş Naziri Andrey Babiş tərəfindən ölkəmizə edilən səfər və Qəbələ şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Bu görüş t cari əməkdaşlıq məsələlərinin müzakirəsi ilə məhdudlaşmadı, eyni zamanda iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirdi.
Azərbaycan ilə Çexiya arasında münasibətlərin tarixi
çox dərin olmasa da, son illərdə bu əlaqələr dinamik inkişaf yolu keçmişdir. Bu
inkişafın əsasını qarşılıqlı etimad, siyasi dialoqun intensivliyi və iqtisadi
maraqların uzlaşdırılması təşkil edir. Qəbələdə keçirilən yüksək səviyyəli
görüş bir daha göstərdi ki, tərəflər mövcud potensialdan maksimum istifadə etmək
və əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək niyyətindədirlər. Xüsusilə
Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar bu əməkdaşlığın yalnız
mövcud sahələrlə məhdudlaşmadığını, eyni zamanda yeni istiqamətlər üzrə genişlənəcəyini
təsdiqləyir.
Siyasi dialoq iki ölkə münasibətlərinin əsas
sütunlarından biridir. Bu gün Azərbaycan ilə Çexiya arasında fəal və açıq
siyasi dialoq mövcuddur. Bu dialoq ikitərəfli məsələlərdən əlavə regional və qlobal problemləri əhatə edir. Qəbələdə
keçirilən görüş zamanı tərəflər regional təhlükəsizlik, enerji təhlükəsizliyi,
Avropa məkanında baş verən geosiyasi proseslər və digər mühüm məsələlər ətrafında
geniş fikir mübadiləsi aparmışlar. Bu isə onu göstərir ki, Azərbaycan və Çexiya
beynəlxalq arenada bir-birini anlayan və bir çox məsələlərdə ortaq mövqedən
çıxış edən tərəfdaşlardır.
İqtisadi
əməkdaşlıq Azərbaycan–Çexiya münasibətlərinin əsas hərəkətverici qüvvələrindən
biri kimi çıxış edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 800
milyon ABŞ dollarını ötməsi əməkdaşlığın real nəticələrini göstərir. Lakin bu rəqəm
potensialın yalnız bir hissəsini əks etdirir. Ticarət dövriyyəsinin strukturuna
nəzər saldıqda əsas payın Azərbaycan neftinin ixracına düşdüyü müşahidə olunur.
Bu isə iqtisadi əlaqələrin daha da şaxələndirilməsinin zəruriliyini ortaya
qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin
daha balanslı və dayanıqlı strukturunun formalaşdırılmasıdır.
Bu baxımdan biznes forumların keçirilməsi xüsusi əhəmiyyət
daşıyır. Qəbələdə təşkil olunan biznes forum iki ölkənin iş adamları arasında
birbaşa əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayır. Çexiyadan Azərbaycana
gələn geniş iş adamları heyəti iqtisadi əməkdaşlığın genişlənməsi üçün real
imkanlar yaradır. Bu cür tədbirlər yeni investisiya layihələrinin başlanmasına,
texnologiya transferinə və qarşılıqlı ticarətin artmasına təkan verir. Xüsusilə
qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi
inkişaf strategiyalarına uyğun gəlir.
Energetika
sahəsi Azərbaycan–Çexiya əməkdaşlığının ən mühüm istiqamətlərindən biridir. Azərbaycan
uzun illərdir ki, Çexiya üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Azərbaycan
nefti Çexiyanın enerji balansında mühüm yer tutur və bu əməkdaşlıq tərəflər
arasında qarşılıqlı etimadın göstəricisidir. Eyni zamanda Azərbaycan qazının
Avropa bazarlarına ixracı çərçivəsində Çexiyanın qonşu ölkələri də bu
resurslardan faydalanır. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı rolu daha da artırır.
Bu kontekstdə Avropa İttifaqı ilə əməkdaşlıq xüsusi
qeyd olunmalıdır. Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı enerji tərəfdaşı
kimi qiymətləndirilir. Bu qiymətləndirmə təsadüfi deyil. Azərbaycan enerji
resurslarının ixracında sabit və proqnozlaşdırıla bilən siyasət həyata keçirir.
Bu isə Avropa ölkələri, o cümlədən Çexiya üçün böyük əhəmiyyət daşıyır. Gələcəkdə
enerji əməkdaşlığının daha da genişlənməsi, alternativ enerji layihələrinin həyata
keçirilməsi və yaşıl enerji sahəsində birgə təşəbbüslərin reallaşdırılması
mümkün perspektivlər kimi çıxış edir.
Müdafiə
sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdən biridir. Azərbaycan
son illərdə öz müdafiə sənayesini sürətlə inkişaf etdirir və bu sahədə yerli
istehsal imkanlarını genişləndirir. Çexiya isə müdafiə sənayesi sahəsində zəngin
təcrübəyə malik ölkələrdən biridir. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq
qarşılıqlı faydalı xarakter daşıyır. Hazırda Azərbaycan Çexiyadan müxtəlif hərbi
təyinatlı məhsullar alır və gələcəkdə birgə istehsal layihələrinin həyata
keçirilməsi nəzərdə tutulur. Bu isə müdafiə sənayesi sahəsində əməkdaşlığın
yeni mərhələyə keçəcəyini göstərir.
Azərbaycan–Çexiya münasibətlərinin inkişafında
institusional mexanizmlər də mühüm rol oynayır. Hökumətlərarası Komissiyanın fəaliyyəti
bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu komissiya iqtisadi, ticarət və
texniki əməkdaşlığın koordinasiyası üçün əsas platforma rolunu oynayır. Qəbələdə
keçirilən görüş zamanı bu komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi
məsələsi müzakirə edilmişdir. Bu isə əməkdaşlığın sistemli və davamlı şəkildə
inkişafına şərait yaradır.
Humanitar
və mədəni sahələrdə əməkdaşlıq da diqqətdən kənarda qalmamalıdır. Təhsil, elm,
mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Tələbə mübadiləsi
proqramları, birgə elmi layihələr və mədəni tədbirlər bu əməkdaşlığın əsas
istiqamətləri kimi çıxış edir. Bu sahədə əməkdaşlığın genişlənməsi iki ölkə
arasında münasibətlərin sosial əsaslarını daha da gücləndirir.
Regional və qlobal kontekstdə Azərbaycan–Çexiya əməkdaşlığı
xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqaz regionunda mühüm
geosiyasi aktor kimi çıxış edir və regionda sabitliyin təmin olunmasında mühüm
rol oynayır. Çexiya isə Mərkəzi Avropanın inkişaf etmiş ölkələrindən biri
olaraq Avropa siyasətində fəal iştirak edir. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq
müxtəlif regionlar arasında körpü rolunu oynayır. Bu əməkdaşlıq həm də Şərq ilə
Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir.Mövcud
reallıqlar göstərir ki, Azərbaycan–Çexiya münasibətlərinin gələcək perspektivləri
olduqca genişdir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və
rəqəmsal iqtisadiyyat kimi sahələr əməkdaşlığın genişləndirilməsi üçün böyük
potensiala malikdir. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq
imkanları diqqət çəkir. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi
Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.
Çexiya isə bu dəhlizdən faydalanaraq yeni bazarlara çıxış əldə edə bilər. Bununla yanaşı, yaşıl enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq
da perspektivli istiqamətlərdən biridir. Azərbaycan bərpa olunan enerji mənbələrinin
inkişafına böyük önəm verir və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir.
Çexiya isə texnoloji imkanları və təcrübəsi ilə bu prosesə töhfə verə bilər. Bu
isə hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır.
Qəbələdə keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin strateji xarakter aldığını bir daha təsdiqlədi. Bu münasibətlər qarşılıqlı maraqlara, etimada və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanır. Mövcud əməkdaşlıq sahələrinin genişləndirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaqdır. Bu isə həm Azərbaycan, həm də Çexiya üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından mühüm dividendlər vəd edir.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri