Masallıda növbəti əmək yarmarkası - FOTOLAR

17:28 - 28 Aprel 2026

Masallıda növbəti əmək yarmarkası - FOTOLAR

28 aprel 2026-cı il tarixində Masallı şəhəri “Karal Otel”in inzibati binasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti Əmək yarmarkası təşkil olunmuşdur.


Manset.az xəbər verir ki, tədbir regionda məşğulluğun artırılması, işaxtaran vətəndaşların işlə təmin olunmasına dəstək göstərilməsi məqsədi daşımışdır.

Əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 15 işəgötürən iştirak etmiş və ümumilikdə 104 vakant iş yeri təqdim olunmuşdur. Təklif edilən vakansiyalar xidmət, ticarət, istehsalat, tikinti və digər sahələri əhatə etmiş, müxtəlif ixtisas və peşələr üzrə iş imkanları yaradılmışdır.

Yarmarkaya 200-ə yaxın işsiz və işaxtaran vətəndaş qatılmışdır. İştirakçılar arasında Vətən müharibəsi iştirakçıları, qazilər, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, eləcə də ali və orta ixtisas təhsilli gənc məzunlar da yer almışdır. Bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması tədbirin əsas prioritet istiqamətlərindən biri olmuşdur.

Tədbir çərçivəsində işəgötürənlər tərəfindən vakansiyalar barədə ətraflı məlumat verilmiş, işaxtaranlarla ilkin müsahibələr aparılmışdır. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək qeydiyyata alınmış, ixtisas və bacarıqlarına uyğun gələn namizədlər növbəti seçim mərhələsinə dəvət olunmuşdur.

Bununla yanaşı, iştirakçılara məşğulluq imkanları, aktiv məşğulluq tədbirləri, peşə hazırlığı kursları və özünüməşğulluq proqramları barədə də məlumatlar təqdim edilmiş, onlara karyera istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Qeyd edək ki, bu cür əmək yarmarkalarının keçirilməsi regionda əmək bazarının inkişafına, işsizliyin azaldılmasına və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqələrin qurulmasına mühüm töhfə verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az