İrəvanda Avropa liderlərinin birbaşa üzünə SƏRT MESAJ

22:23 - 04 May 2026

İrəvanda Avropa liderlərinin birbaşa üzünə SƏRT MESAJ

Bu gün, mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Prezident İlham Əliyevin videobağlantı formatında etdiyi çıxışda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının əsl mahiyyəti, siyasi iflası və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən, Ermənistanın işğalına son qoyduqdan sonra bu qurumların ölkəmizin əldə etdiyi nailiyyətlərə qarşı sərgilədiyi haqsız və düşmən mövqe ilə bağlı söylədiyi fikirlər tarixi əhəmiyyətə malikdir və verilən mesajları bir neçə istiqamətdə dəyərləndirmək lazımdır.


- Cənab Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli və düşmən mövqeyinin səbəbini Avropa dövlətlərinin liderlərinin birbaşa üzünə dedi. Bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdiyinə, Ermənistanın işğalına son qoyduğuna, müharibə cinayətləri törətmiş  caniləri cəzalandırdığına görə ölkəmiz bu iki qurum tərəfindən heç bir reallığa və obyektivliyə sığmayan siyasətlə, çirkin kampaniya ilə  üzləşib. Bu siyasət nəinki qərəzlidir, hətta açıq düşmənçilik, ayrı-seçkilikdir və beynəlxalq hüquqa, eləcə də bu qurumların nizamnamələrinin tələblərinə tam ziddir. Bu çıxışın və iradın çox güclü siyasi təsiri var. Çünki bunlar Avropa dövlətlərinin liderlərinin birbaşa üzünə, həm də Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirildi.

- Cənab Prezident bir daha göstərdi ki, heç kim, heç bir beynəlxalq qurum Azərbaycanın milli maraqlarını heçə saya bilməz. Heç kim ölkəmizlə ultimatum dilində danışa, təzyiq göstərə, şantaj və böhtan yolu ilə nəyəsə nail ola bilməz. İndiyə qədər bu cür hücumlara adekvat cavab vermişik və bundan sonra da belə olacaq. Mayın 1-də Milli Məclisin bu haqsızlıq və ikiüzlülüyə cavab olaraq Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlamaq barədə rəsmi qərarı buna bariz sübutdur.

- Cənab Prezident Avropa liderlərinə öz ölkələrində baş verən problemlərə diqqət ayırmağı tövsiyə etdi. O, Avropa Parlamentinə və üzv ölkələrə ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələlərin həllinə fokuslanmağı məsləhət gördü. Prezident qeyd etdi ki, Avropa Parlamenti bu problemlərin həlli istiqamətində ciddi addımlar atmadığı halda, heç bir hüquqi öhdəliyi və üzvlüyü olmayan Azərbaycana qarşı son 5 ildə, yəni İkinci Qarabağ müharibəsindən cəmi altı ay sonra, 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə, bu artıq aludəçilikdir. Ən sonuncusu isə cəmi dörd gün əvvəl, məqsədli şəkildə Zirvə görüşü ərəfəsində qəbul edilib. Bu isə sözün əsl mənasında siyasi riyakarlıq və təxribatdır. 

- Cənab Prezident bu mesajla onu da vurğuladı ki, Avropa Parlamenti və AŞPA Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunmasında qətiyyən maraqlı deyil. Bu qətnamələrlə Ermənistan–Azərbaycan normallaşma prosesinə mane olmaq, prosesi sabotaj etmək niyyəti güdürlər. Bu isə erməni revanşizminə və bölgədə geosiyasi mövcudluğunu qorumağa çalışan üçüncü tərəflərin maraqlarına xidmət etməkdən başqa bir şey deyil.


- Azərbaycan Avropa Parlamentinin bu təxribatlarına baxmayaraq, Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcək. Cənab Prezidentin bugünkü çıxışında Ermənistan–Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etməsi bu baxımdan mühüm siqnaldır.  Yəni Avropa Komissiyası Avropa Parlamentindən açıq şəkildə fərqləndirildi ki, bu da bəzi dairələrin, xüsusilə, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığını pozamağa çalışanların planlarının pozulması deməkdir.

Bütövlükdə, cənab Prezidentin açıqlaması bir daha göstərdi ki, bu cür yarıtmaz və pozucu siyasət yürüdən qurumlarla Azərbaycanın əməkdaşlıqdan imtina etməsi ən doğru addımdır və buna görə biz heç nə itirmirik. Onsuz da bizə lazım olan məqamlarda bu təşkilatlardan heç bir ədalətli mövqe və ya dəstək görməmişik. Torpaqlarımızı azad etdikdən və regionda geosiyasi vəziyyəti, güc balansını öz xeyrimizə dəyişdikdən sonra bu cür dəyərsizləşmiş və etibarını itirimiş qurumlara qətiyyən ehtiyacımız yoxdur. Qoy, artıq bundan sonra iflasa uğramış bu kimi təşkilatlar özləri düşünsünlər: nə itirdilər, nə qazandılar. Hər halda itirən Avropa Parlamenti və AŞPA oldu.

Azay Quliyev

Milli Məclisin deputatı 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az