Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar telefon danışığı apardığını açıqlayıb.
Manset.az xəbər verir ki, ukraynalı diplomat bu barədə "X" hesabında paylaşım edib.
O bildirib ki, Qəbələdə liderlər arasında keçirilən danışıqlar zamanı göstərilən qonaqpərvərliyə və son səfərə görə azərbaycanlı həmkarına təşəkkür edib.
“Tərəflər həmin danışıqlarda əldə olunan razılaşmaların icrasını müzakirə edib, ikitərəfli əməkdaşlığın inkişafı üçün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar”, – deyə Sibiha qeyd edib.
Nazirlər həmçinin regional təhlükəsizlik vəziyyəti və beynəlxalq gündəmdəki prosesləri müzakirə ediblər.
Ukrayna XİN rəhbəri vurğulayıb ki, Kiyev Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyi, eləcə də xüsusilə enerji sahəsində humanitar yardımı yüksək qiymətləndirir.
Tərəflərin aktiv dialoqu davam etdirmək və təmasları sürdürmək barədə razılığa gəldiyi bildirilib.