"Qohum nikahları və erkən evliliklər azalmaq bilmir" - Deputat rəqəmləri açıqladı

16:08 - 26 May 2026

\"Qohum nikahları və erkən evliliklər azalmaq bilmir\" - Deputat rəqəmləri açıqladı

"Sosial şəbəkələr belə ciddi ictimai problemlərə daha çox diqqət ayırmalı, erkən nikahların və qohum evliliklərinin yaratdığı fəsadları cəmiyyətə daha fəal şəkildə çatdırmalıdırlar".


Bunu Manset.az-a açıqlamasında  Milli Məclisin deputatı Azay Quliyev deyib. O ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradovaya “2025-ci il üzrə Gender bərabərliyinin təminatına dair Məlumat”ın hazırlanmasına görə təşəkkürünü bildirib:

"303 səhifədən ibarət olan bu sənədlə diqqətlə tanış oldum və qeyd etməliyəm ki, məlumat kifayət qədər əhatəli və sistemli şəkildə hazırlanıb. Sənəddə bütün mühüm sahələr üzrə statistik göstəricilər təhlil olunub, görülmüş işlər, əldə edilmiş nəticələr və mövcud problemlər obyektiv şəkildə əks etdirilib.

Təbiidir ki, məlumatda yer alan bütün məsələlərə çıxış çərçivəsində münasibət bildirmək zaman baxımından mümkün deyil. Buna görə də mən cəmiyyəti daha çox narahat edən bir məsələyə qısa şəkildə toxunmaq istərdim. Baxmayaraq ki, bu problemlər həm Komitə, həm də Milli Məclisin üzvləri tərəfindən dəfələrlə qeyd olunub, onlar əsas çağırışlar kimi hələ də aktuallığını qoruyub saxlayır. Hesab edirəm ki, biz bu məsələləri daim ictimaiyyətin diqqətinə çatdırmalıyıq".

Deputat qeyd edib ki, bunlardan biri həm yaxın qohumlar arasında nikahlar, həm də erkən nikah problemidir:

"Yaxın qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların 2020–2025-ci illər üzrə statistikası ciddi narahatlıq doğurur:

2020-ci il – 395
2021-ci il – 2200
2022-ci il – 2542
2023-cü il – 1950
2024-cü il – 2058
2025-ci il – 1412

Bu rəqəmlər göstərir ki, 2024-cü ilin iyun ayında qəbul edilmiş və 2025-ci ildən qüvvəyə minmiş qohum nikahlarını qadağan edən qanun problemin tam həllinə hələ də yetərli təsir göstərə bilməyib. Yəni,  bəzi vətəndaşlar qanunun tələblərinə baxmayaraq, yenə də qohumlar arasında nikaha üstünlük verirlər.

Eyni zamanda, 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı da ciddi narahatlıq doğurur. 2024-cü ildə bu göstərici 1279, 2025-ci ildə isə 877 olub. Son bir ildə müəyyən azalma müşahidə olunsa da, bu arzuolunmaz hal hələ də davam edir.

Hesab edirəm ki, hər iki problemin əsas səbəblərindən biri bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmaq istəyi ilə bağlıdır. Elə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların cins bölgüsü də buna əyani nümunədir:

Qızlar – 786 957 nəfər
Oğlanlar – 892 774 nəfər

Göründüyü kimi, təhsil alanlar arasında fərq 105 817 nəfər, yəni 6,5 faiz təşkil edir.

Məlumatdan da aydın görünür ki, ən ciddi azalma əsasən 9-cu sinifdən 10-cu sinfə keçid mərhələsində baş verir. Bu isə onu göstərir ki, bir çox qızlar 9-cu sinifdən sonra təhsilini davam etdirmir, yəni təhsildən ysyınır, onların müəyyən hissəsi erkən nikaha cəlb olunur.

Təəssüf ki, bu uşaqların valideynləri hələ də köhnə düşüncə tərzindən uzaqlaşa bilmirlər.

2025-ci ildə Daxili lşlər Nazirliyi erkən nikahın və yaxın qohumlar arasında nikahların qarşısını almaq, qanunun tələblərini pozan vətəndaşlara münasibətdə müvafiq tədbirlər görmək məqsədilə çox işlər görüb. 

Görünür, problemin həllinə yalnız inzibati və ya hüquqi məsuliyyət tədbirləri ilə nail olmaq mümkün deyil. Bu məsələdə cəmiyyətin özü, həmin şəxslərin yaxınları, qohumları və qonşuları da prinsipial mövqe nümayiş etdirməlidirlər. 

Hesab edirəm ki, sosial şəbəkələr belə ciddi ictimai problemlərə daha çox diqqət ayırmalı, erkən nikahların və qohum evliliklərinin yaratdığı fəsadları cəmiyyətə daha fəal şəkildə çatdırmalıdırlar. Xüsusilə də övladlarını erkən nikaha və ya qohum evliliyinə məcbur edən valideynlərin yanaşmasının nə qədər zərərli olduğu ictimai şəkildə qınanmalıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az