Qlobal enerji bazarlarında yeni geosiyasi
reallıqların formalaşdığı, enerji təhlükəsizliyi və yaşıl keçidin beynəlxalq
gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə Azərbaycan özünü yalnız
enerji istehsalçısı kimi deyil, həm də enerji siyasətini formalaşdıran və
regionlararası əməkdaşlığı təşviq edən mühüm tərəfdaş kimi təsdiqləyib.
Bu gün Azərbaycanın enerji sahəsində əldə
etdiyi uğurların təməli 1990-cı illərin ortalarında Ümummilli Lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulub. 1994-cü ildə imzalanan “Əsrin
müqaviləsi” və daha sonra reallaşdırılan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri
layihəsi ölkənin enerji tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin
Bakı Enerji Həftəsində qeyd etdiyi kimi, Azərbaycanın enerji inkişafı məhz
həmin dövrdə başladı və ölkənin iqtisadi müstəqilliyinin əsasını təşkil etdi.
Bu il iyulun 13-də istifadəyə verilməsinin
20 illiyi qeyd olunacaq BTC kəməri təkcə neft ixracı layihəsi deyil, həm də
regionda əməkdaşlıq, sabitlik və enerji təhlükəsizliyi modeli kimi tarixə
düşüb. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bu layihə Azərbaycanı dünya
enerji xəritəsində mühüm mövqeyə çıxardı və sonrakı qlobal enerji
təşəbbüslərinin əsasını yaratdı.
Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə, o
cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Prezident İlham
Əliyevin vurğuladığı kimi, Avropanın enerji təhlükəsizliyini Cənub Qaz Dəhlizi
olmadan təsəvvür etmək çətindir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən
TANAP, TAP və digər infrastruktur layihələri ölkəmizi etibarlı enerji
tərəfdaşına çevirib.
Lakin Azərbaycanın enerji siyasəti artıq
yalnız neft və qazla məhdudlaşmır. Son illərdə ölkə yaşıl enerji sahəsində də
böyük addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji
mənbələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirilib. Azərbaycanın quruda 135 giqavat, dənizdə isə 157 giqavat
həcmində texniki bərpaolunan enerji potensialına malik olması ölkəmizə bu
sahədə mühüm üstünlüklər qazandırır.
Hazırda ölkədə onlarla yaşıl enerji
layihəsi həyata keçirilir. Mingəçevirdə yeni elektrik stansiyasının açılması,
Cəbrayılda yeni günəş elektrik stansiyalarının tikintisi, işğaldan azad olunmuş
ərazilərdə minlərlə ev və ictimai binada günəş panellərinin quraşdırılması bu
siyasətin praktik nəticələridir. Qarabağ və Şərqi Zəngəzur artıq “Yaşıl Enerji
Zonası” elan olunub və həmin ərazilərdə hidroenerji layihələri də sürətlə
inkişaf edir.
Prezident İlham Əliyevin Bakı Enerji
Həftəsində bildirdiyi kimi, gələn ilin sonunadək Azərbaycanın günəş və külək
enerjisi üzrə gücü 2 giqavata, 2032-ci ilədək isə 8 giqavata çatacaq. Bu,
ölkənin enerji balansında bərpaolunan mənbələrin rolunu əhəmiyyətli dərəcədə
artıracaq.
Azərbaycan eyni zamanda regionun yaşıl
enerji mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Hazırda dörd
yaşıl enerji dəhlizi üzərində iş aparılır. Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi, eləcə də
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yaşıl enerji layihələri
Xəzərdən Avropaya uzanan yeni enerji xəritəsinin formalaşmasına xidmət edir.
Bununla yanaşı, Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiyanın
yaşıl enerjisinin Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq.
2024-cü ildə Azərbaycanın ev sahibliyi
etdiyi COP29 isə bu proseslərə əlavə təkan verdi. COP29 çərçivəsində qəbul
edilən qərarlar və qlobal öhdəliklər enerji keçidinin sürətləndirilməsi, yaşıl
investisiyaların artırılması və iqlim fəaliyyətinin gücləndirilməsi baxımından
mühüm mərhələ oldu.
Prezident İlham Əliyev Bakı Enerji
Həftəsində çıxışında xüsusi vurğuladı ki, ölkələr neft və qaz ehtiyatlarına
malik olduqları üçün deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə
etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycan məhz bu model üzrə
hərəkət edərək enerji gəlirlərini sosial inkişafa, infrastrukturun qurulmasına,
insan kapitalına və yaşıl gələcəyə yönəldib.
Bu gün Azərbaycan dənizə çıxışı olmayan ölkə olsa da, strateji diplomatiya, uğurlu enerji siyasəti və regional əməkdaşlıq sayəsində Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib. Ənənəvi enerji resursları ilə yaşıl enerjinin harmoniyasını yaradan Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində və enerji keçidinin sürətləndirilməsində öz lider mövqeyini daha da möhkəmləndirir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı