- 15 İyun Milli Qurtuluş Günü, Azərbaycanın dövlətçilik tarixinə müasir geosiyasi qüdrətimizin və sarsılmaz milli birliyimizin ideoloji təməl daşı kimi həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, ölkəmizi daxili xaos və parçalanma təhlükəsindən qurtararaq, müstəqil xarici siyasət yürüdən güclü dövlət modelinin əsasını qoydu.
- Bu tarixi dönüş nöqtəsi, milli maraqların ali tutulduğu yeni bir məfkurə formalaşdıraraq, Azərbaycanın gələcək hərbi zəfərlərinin və beynəlxalq müstəvidə diktə etdiyi sülh gündəliyinin strateji hərəkətverici qüvvəsinə çevrildi. Qurtuluş fəlsəfəsindən qaynaqlanan bu uzaqgörən siyasi xətt, bu gün qlobal güclərin masasında Azərbaycanın suveren iradəsini və sarsılmaz mövqeyini təmin edən ən böyük milli qarantdır. Məhz 15 İyun irsinin qanunauyğun
- nəticəsidir ki, müasir Azərbaycan regional liderliyini möhkəmləndirərək, qlobal miqyasda tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan əbədi sülhün memarı kimi çıxış edir.
- Ümummilli lider
Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı
gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları
ilə gələcəyin aydın mənzərəsini təqdim edən dahi şəxsiyyət göz önünə gəlir. Dünya təcrübəsi göstərir
ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi
təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və
siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin
məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır
ki, onun milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini
müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi
şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək
istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək
və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə
bilməkdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Onun
ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Bu gün hər kəs,
istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan
azərbaycanlılar yaxşı bilir ki, Ulu Öndər Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən
parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ
sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların
sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və
qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi,
bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var
ki, bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı,
onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin
təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi
şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər
vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi
şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 33 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz
yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə
ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi
böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Ümummilli Lider Heydər Əliyevin adı tariximizə həm də böyük
xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi
tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi
təhlükəsi ilə üzləşdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma
nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə
aldı. Beləliklə, 1991-ci ildən 1993-cü illərin
ortalarınadək ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, avantürist
eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni
yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi
hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrdəki iqtidar əhali arasında
gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara
bilmirdi.
Azərbaycan torpaqlarının
Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən
siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu
bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki,
müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız
Ümummilli Liderin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək
niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya
qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin
gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru
mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən
başlandı. Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev 15 iyun 1993-cü ildə
Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu mühüm siyasi addım
dövlətçiliyin məhv olmaq təhlükəsindən qurtulmasına və ölkədə sabitliyin
bərqərar olmasına yol açdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına
həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş
həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada
ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir
sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə
bilməz”.
1994-cü il
sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft
kontraktı müasir Azərbaycanın enerji strategiyasının başlanğıcı və iqtisadi
müstəqilliyinin əsasını təşkil edən mühüm sənəd oldu. Bu müqavilə dövlətimizin
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun
işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə tərəfdaşlığa daxil olması
baxımından strateji əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi
iradəsi və uzaqgörənliyi ilə həyata keçirilmiş bu nəhəng layihə ölkənin gələcək
taleyini müəyyən edən dönüş nöqtəsinə çevrildi. “Əsrin müqaviləsi” nəticəsində
Azərbaycan ilk dəfə olaraq beynəlxalq enerji bazarına inteqrasiya olundu və öz
təbii sərvətlərindən səmərəli istifadə edərək güclü iqtisadi bünövrə
formalaşdırmağa başladı. Transmilli şirkətlərlə qurulan əməkdaşlıq sayəsində
ölkəyə milyardlarla dollar məbləğində xarici sərmayə cəlb olundu, bu isə həm
enerji sektorunun, həm də qeyri-neft sahələrinin canlanmasına təkan verdi. Eyni
zamanda, müqavilənin reallaşdırılması üçün Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq
əhəmiyyətli neft kəmərinin inşası zərurəti yarandı və nəticə etibarilə
Azərbaycan neftinin dünya bazarlarına təhlükəsiz və stabil çıxışı təmin olundu.
Bu kəmər ölkəmizin nəinki enerji ixracatçısı, eyni zamanda enerji
təhlükəsizliyinin təminatçısı olan mühüm regional aktora çevrilməsində
həlledici rol oynadı.
Ulu Öndərin
yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya
azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə
çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr
etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və
qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik,
uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və
zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin
əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev
irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Beləliklə, bu mühüm tarixi
gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən
parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ötən illər
ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası
məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan
Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün milli qurtuluş
ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü
aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını
qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji
fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz
və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabr ayından Ulu Öndər Heydər
Əliyev siyasi kursunun ən layiqli davamçısı - ölkə başçsı cənab İlham Əliyevin
rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik
strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş
möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə
çevrilmişdir. Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində siyasi
varisliyin təmin edilməsi respublikada davamlı və dayanıqlı inkişafın baş
verməsini şərtləndirmişdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 22 il ərzində Prezident İlham Əliyev dünyada gedən
proseslərə, ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir
məsələnin görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib
dəyərləndirməsi, yeni çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə
yanaşı, hətta bir çox hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi
ilə səciyyələnir.
Ölkə Prezidenti
cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində
Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.
Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir.
Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də ölkə başçısı həmin
inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.
Bu gün
Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç
şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən
tapdağından azad etməsidir. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin
olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident
İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata
keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Azərbaycan
heç vaxt indiki qədər güclü olmayıb, xalqımızın çoxəsrlik tarixində buna bənzər
Qələbə olmayıb. Əbədiyaşar Lider haqqında söhbət açarkən Prezident İlham
Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını
qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Mən bu
gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu
Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları!”
Bundan əlavə
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin
19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin
ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində,
Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi
Zəfərlərimizin zirvəsi oldu. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza
yeni həyat qayıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan,
ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən
ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən
Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində
mühüm layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan dövləti Qarabağın və
Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı
şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın
yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Fond tərəfindən tikilən
məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o
yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu
Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir. Şübhəsiz, bütün
bunların fövqündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün
Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü siyasi
iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu Ulu Öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!
Qeyd edək ki,
regionun söz sahibi olan Azərbaycan beynəlxalq aləmdəki artan nüfuzu ilə
əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir və müstəqil Azərbaycanın
xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı,
sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas
götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər
təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə,
təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
Xüsusi olaraq
qeyd etmək lazımdir ki, Ümummilli Lider Heydər Əliyev siyasi irsinin uzaqgörən
milli maraqlar və balanslaşdırılmış diplomatiya strategiyası, 2025-ci il
avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin
paraflanması ilə özünün tarixi və məntiqi zirvəsinə çatmışdır. Ümummilli
Liderin hələ 1993-cü ildə əsasını qoyduğu güclü dövlətçilik, iqtisadi
müstəqillik və qüdrətli ordu quruculuğu təməli, Prezident İlham Əliyevin
rəhbərliyi ilə qazanılan Zəfərin və regionda diktə edilən yeni reallıqların
əsas hərəkətverici qüvvəsi olmuşdur. Vaşinqton sammitində ATƏT-in Minsk
qrupunun ləğv edilməsi barədə birgə müraciətin imzalanması və ədalətsiz 907-ci
düzəlişin fəaliyyətinin dayandırılması, Azərbaycan diplomatiyasının beynəlxalq
müstəvidə növbəti böyük qələbəsidir. Ağ Evdə paraflanan bu tarixi sənəd, eyni
zamanda Naxçıvanla birbaşa maneəsiz əlaqəni təmin edən "Tramp
Marşrutu" (TRIPP) vasitəsilə regional inteqrasiyanın və sabitliyin yeni
mərhələsini başlatmışdır. Beləliklə, Ulu Öndərin sülh, tərəqqi və ərazi
bütövlüyü naminə formalaşdırdığı milli strategiya və
strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi Cənubi Qafqazda
onilliklərdir davam edən münaqişəni rəsmən bitirərək regionu qlobal logistika
və rifah mərkəzinə çevirən müasir Azərbaycan reallığına çevrilmişdir.
Beləliklə, 15 İyun – Milli
Qurtuluş Günü Azərbaycan tarixində bir siyasi dönüş nöqtəsi olmaqla yanaşı xalqla liderin birliyinin, dövlətçiliyin xilasının və
gələcəyə aparan sabit yolun başlanğıcı olmuşdur. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı ölkəmizi dağılmaqdan xilas etmiş, milli dövlətçiliyin təməlini
möhkəmləndirmişdir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların – ərazi
bütövlüyümüzün bərpası, beynəlxalq nüfuzun artması, iqtisadi güclənmə və
sabitlik kimi nailiyyətlərin kökündə 1993-cü ilin 15 iyununda atılan qətiyyətli
addımlar dayanır. Milli Qurtuluş Günü, həm də
xalqın öz taleyinə sahib çıxmaq iradəsinin və siyasi yetkinliyinin
təntənəsidir. Bu gün biz iftixarla deyə bilərik ki, Ümummilli Liderin başladığı
siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və
Azərbaycan uğurla inkişaf edir. Əldə edilən tarixi Qələbələr də məhz həmin
ideoloji-siyasi təməlin parlaq nəticəsidir. 15 İyun tarixi xalqın birliyini,
əzm və iradəsini, milli ruhunu təcəssüm etdirən müqəddəs gündür. Bu günün
tarixi əhəmiyyəti illər keçdikcə daha aydın görünür və gələcək nəsillərə örnək
kimi çatdırılır. Azərbaycan xalqı üçün 15 İyun təkcə keçmişin deyil, həm də
sabit və parlaq gələcəyin başlanğıcıdır.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri