Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.
V.Zelenskinin sözlərinə görə, bu gün Ukrayna "dünyanın ən böyük dron potensialına" malikdir və tərəfdaşlarına "Drone Deal" təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir.
O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:
"Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək".
"Report"un daha əvvəl məlumat verdiyi kimi, aprelin 25-də Qəbələdə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında görüş çərçivəsində tərəflər hərbi sənaye kompleksinin inkişaf etdirilməsi barədə müzakirələr aparıblar. Müzakirələr zamanı hərbi sənayedə və ümumiyyətlə sənayedə birgə istehsalla bağlı çox gözəl imkanlar olduğu qeyd edilib. Bundan əlavə, dron əleyhinə mübarizə vasitələrinin hazırlanması sahəsində mümkün əməkdaşlıqdan, eləcə də bu sahədə təcrübə mübadiləsindən söhbət gedib.