Vətəndaş müraciətlərinin
və yerlərdə olan məsələlərin operativ həlli ilə əlaqədar olaraq
Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib. Rayonun
Aşağı Güzdək, Pirəkəşkül, Görədil, Fatmayı, Ceyranbatan, Saray kənd və qəsəbələrində
baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri,
Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Manset.az xəbər verir ki, səyyar
qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, işğaldan azad olunan şəhər və
kəndlərimizdə sürətlə aparılan təmir-bərpa işlərindən, doğma Qarabağımızda həyata
keçirilən beynəlxalq tədbirlərdən, soydaşlarımızın öz yurdlarına
qayıtmalarından ətraflı danışıb. Azərbaycanın döyüş meydanında qazandığı şanlı
qələbədən sonra da sülh tərəfdarı olduğunu qeyd edən Abdin Fərzəliyev ordumuzun
gücündən danışarkən bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da düşmənin
törədə biləcəyi bütün hərbi təxribatların qarşısı vaxtında almağa və layiqincə
cavablandırmağa qadirdir.
Qəbullarda
sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin
həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Vətəndaş
qəbulları çərçivəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində Ailə Sağlamlıq Mərkəzinin
yeni ünvanda istifadəyə verilən binasında yaradılan şəraitlə tanışlıq
keçirilib. Bildirilib ki, bir müddət öncə qəsəbə sakinləri tərəfindən Ailə
Sağlamlıq Mərkəzinin binasının qəzalı və təmirsiz olduğu bildirilərək yeni
ünvana köçürülməsi və təmirli binada tibbi xidmətin göstərilməsi xahiş olunub.
Bundan sonra Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin səyləri
nəticəsində məsələnin həlli müzakirə olunaraq tibb müəssisəsinin yeni binaya
köçürülməsi qərara alınıb. Hazırda fəaliyyət göstərəcək binada bir ildən çox
müddətə təmir işləri aparılıb və Aşağı Güzdək ASM-i bu binaya köçürülüb. Hazırda
tibb müəssisəsi 2920 nəfəri uşaq olmaqla 12 600 nəfər əhaliyə ilkin tibbi
sanitariya xidməti göstərir. 13 nəfərdən ibarət olan kollektivdə biri bölmə
müdiri olmaqla 4 nəfər həkim işləyir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini
və əlçatanlığını təmin etmək üçün tibb müəssisəsi ştat vahidi üzrə ailə həkimləri
- terapevt, pediatr və mama ginekoloqla təmin olunub. Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tibbi kollektivlə görüşüb, onlara fəaliyyətlərində
uğurlar arzulayıb.