logo
logo logo
logo

Azərbaycan BMT-də DİM üzrə təcrübəsini təqdim etdi - FOTOLAR

17:32 - 16 İyul 2026

Azərbaycan BMT-də DİM üzrə təcrübəsini təqdim etdi - FOTOLAR

15 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dayanıqlı İnkişaf üzrə Yüksəksəviyyəli Siyasi Forum (HLPF) çərçivəsində Local2030 Koalisiyası tərəfindən təşkil olunan "DİM 11-in və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi: Qlobal tərəqqi naminə yerli fəaliyyət" mövzusunda xüsusi tədbirdə iştirak edib. Tədbirdə müxtəlif ölkələrin nümayəndələri arasında Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə təcrübə və yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.


Anar Quliyev çıxışında Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması istiqamətində əldə etdiyi təcrübəni təqdim edərək bildirib ki, ölkədə 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin icrasının əsas alətlərindən biri ərazi planlaşdırılmasıdır. Qeyd olunub ki, hazırda Azərbaycanda 79 şəhərdən 68-i üzrə baş planlar yenilənib və bu sənədlər şəhərlərin məkan inkişafını müəyyən etməklə yanaşı, Yeni Şəhər Gündəliyinin prinsiplərinin yerli səviyyədə tətbiqini təmin edir.

Komitə sədri vurğulayıb ki, baş planlar torpaq ehtiyatlarının məqsədyönlü istifadəsi, mənzil təminatı, dayanıqlı nəqliyyat, sosial infrastrukturun inkişafı, eləcə də enerji səmərəliliyi istiqamətlərini əhatə edən kompleks yanaşma əsasında hazırlanır. Bu yanaşma DİM 1 (Yoxsulluğa son), DİM 5 (Gender bərabərliyi), DİM 7 (Sərfəli və təmiz enerji), DİM 9 (Sənaye, innovasiya və infrastruktur), DİM 11 (Dayanıqlı şəhərlər və icmalar) və DİM 17-nin (Məqsədlər üçün tərəfdaşlıq) həyata keçirilməsinə töhfə verir. Bildirilib ki, baş planlar regional və yerli icra orqanları ilə sıx əməkdaşlıq əsasında hazırlanır. Bu yanaşma hər bir ərazinin xüsusiyyətlərinin nəzərə alınmasını, yerli institusional potensialın gücləndirilməsini təmin edir və milli inkişaf prioritetlərinə uyğun investisiya qərarlarının qəbuluna zəmin yaradır. 

Həmçinin Anar Quliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramı Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsinin uğurlu nümunəsidir. Qeyd olunub ki, ərazilərdə dayanıqlı inkişaf prinsipləri kompleks ərazi planlaşdırması əsasında hazırlanmış baş planlar vasitəsilə tətbiq olunur. Baş planlar müasir, təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin formalaşdırılmasını, mənzil, nəqliyyat, mühəndis və sosial infrastrukturun planlı inkişafını təmin edir. Qeyd olunub ki, hazırda bölgədə 12 şəhərdən 8-i, eləcə də 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib, beş ildən bir qədər artıq müddətdə isə 90 minə yaxın insan doğma torpaqlarına qayıdaraq burada yaşayır, çalışır və təhsil alır.

Komitə sədri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesindən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 18-ci məqsəd kimi müəyyən edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü də diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan milli səviyyədə DİM 18-i formalaşdıraraq minatəmizləməni əhalinin təhlükəsiz qayıdışının, işğaldan azad olunmuş ərazilərin bərpasının və onların dayanıqlı inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirir.

Azərbaycanın təqdim etdiyi təcrübə Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üzrə beynəlxalq dialoqa töhfə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az