logo
logo logo
logo

Rusiya mediası yenidən Azərbaycanı niyə hədəfə alır?

08:59 - 18 İyul 2026

Rusiya mediası yenidən Azərbaycanı niyə hədəfə alır?

Son günlər Rusiya mediasında və sosial şəbəkələrin müxtəlif seqmentlərində, eləcə də teleqram kanallarında  Azərbaycanla bağlı tənqidi məzmunun artdığı müşahidə olunur. Bu, əvvəlki dövrlə müqayisədə informasiya müstəvisində ritorikanın yenidən sərtləşdiyini göstərir. 


Ayrı-ayrı media platformalarında oxşar mövzuların və qərəzli yanaşmaların paralel şəkildə, özü də kampaniya halında gündəmə gətirilməsi bu prosesin müəyyən informasiya gündəmi çərçivəsində  sistemli şəkildə formalaşması barədə haqlı müzakirələrə yol açır. Bütün bunlara baxmayaraq, rəsmi Bakı davranışlarında, eləcə də son bəyanatlarında ikitərəfli münasibətlərin, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin  qorunub saxlanılmasının vacibliyini vurğulayır və daim buna da çalışır. Amma adından da göründüyü kimi ikitərəfli münasibətlərdə iki tərəf iştirak edir, odur ki, gərək qarşı tərəf də bu münasibətləri dəyərləndirsin və qorusun. Təəssüf ki, Rusiya tərəfdən başqa davranışlar müşahidə olunur. Halbuki Azərbaycan  Prezident İlham Əliyevin IV Qlobal Şuşa Media Forumunda Rusiya-Azərbaycan əlaqələrinə dair sualı cavablandırarkən  səsləndirdiyi fikirlərində münasibətlərin normallaşması istiqamətində atılan addımlar, müxtəlif səviyyələrdə təmasların bərpası və əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi yüksək dəyərləndirilir.


Bildirilir ki: “Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir.”

Azərbaycan Prezidentinin bu fikirləri bir daha göstərir ki, rəsmi Moskva ilə münasibətlərin inkişaf  etdirilməsi   Bakının əsas prioritetləri sırasındadır. Elə xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya reallaşdırılan növbəti  səfəri də diplomatik dialoqun davam etdirilməsi niyyətindən xəbər verir.


Amma bu fonda qarşı tərəfin informasiya məkanında müşahidə olunan qərəz və hətta təhqir dolu sərt ritorikası rəsmi diplomatik təmaslarla müqayisədə  müəyyən ziddiyyətlər yaradır. Bir yandan Rusiya tərəfindən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müsbət, nikbin  mesajlar verilir, digər tərəfdən isə bəzi media resurslarında Azərbaycan və azərbaycanlılarla bağlı ümumiləşdirici, mənfi və emosional yanaşmalar tirajlanır. Belə hallar isə nəinki ictimai rəyə təsir göstərə, xalqlar arasında qarşılıqlı etimadı zəiflədə, eləcə də rəsmi münasibətləri də soyuda bilər. Xüsusilə Rusiyada yaşayan azərbaycanlılarla bağlı ümumiləşdirici ittihamların və mənfi stereotiplərin yayılması ayrı-seçkilik risklərini artıran tendensiya kimi qiymətləndirilə bilər. Etnik mənsubiyyətə görə bütöv bir icmanın kriminal hadisələrlə eyniləşdirilməsi həm ictimai münasibətlərə, həm də dövlətlərarası əlaqələrin humanitar tərəflərinə mənfi təsir göstərən yanaşmadır. Çünki bu cür ritorika cəmiyyətdə qarşıdurmanı dərinləşdirə və qarşılıqlı etimadı zəiflədə bilər. Rusiya mediasında müşahidə olunan növbəti informasiya kampaniyasının səbəbləri ilə bağlı isə müxtəlif real ehtimallar irəli sürə bilərik.


Ekspertlər hesab edir ki, rusiya mediasının son davranışlarında əsas hədəflər sırasında bunlar ola bilər: Dumaya seçkilər ərəfəsində ictimai etimadsızlığın artması, eləcə də son zamanlar Ukrayna ilə müharibədə ciddi uğursuzluqlar, ölkədə kəsikin yanacaq böhranı, xalqın getdikcə artan narazılığı Rusiya hakimiyyətini yeni düşmən obrazı axtarmaq, onu  yaratmaq və mövcud nifrəti, narazılığı o istiqamətə yönıəltmək, bununla da hökumətin yarıtmaz fəaliyyətindən yaranan problemlərdən ictimai diqqəti yayındırmaq. Ancaq reallıq  göstərir ki, Rusiyada vəziyyət getdikcə gərginləşir, Qərbin iqtisadi sanksiyalarının yaratdığı təzyiq və Ukrayna  ordusunun  enerji infrastrukturuna yönəlmiş dron zərbələrinin fonunda Rusiya müxtəlif ciddi iqtisadi və milli təhlükəsizlik çağırışları ilə üz-üzə qalıb. Belə bir şəraitdə informasiya məkanında yeni qarşıdurma mühitinin formalaşdırılması və ya Azərbaycan ətrafında mənfi gündəmin yaradılması təbii ki, mövcud problemlərin həllinə xidmət etmir. Əksinə, bu cür yanaşmalar regionda etimad mühitini zəiflətməklə yanaşı, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün əlavə risklər də  yaradır. Uzunmüddətli perspektivdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və konstruktiv dialoq həm siyasi, həm də iqtisadi baxımdan tərəflər üçün daha rasional seçim olardı. Kremldə,  xüsusilə də Rusiyanın aparıcı media qurumlarında çalışanlar bunu nə qədər tez dərk etsələr indiki durumda ölkələri üçün bir o qədər də faydalı olardı.

QAFQAZ  CƏNUBLU    

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az