22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir.
Hələ,
22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk
dəfə Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın
əsasını qoymuşdur. O dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii
fikrin inkişafına böyük təsir göstərmişlər. Həmin dövrdə Çar Rusiyası qəzetin
insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd
olmasındakı rolundan çəkinərək, qəzetin nəşrini dayandırmışdır. Cəmi 56 nömrəsi
işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" xalqın milli oyanışında, elm
və təhsilin təbliğində, ana dilinin inkişafında, ictimai şüurun formalaşmasında
və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdır. Bu qəzet sonrakı
dövrlərdə yaranan milli mətbuat orqanları üçün möhkəm təməl olmuşdur.
“Ziya”,
“Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”,
“İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”,
“Açıq söz” və digər nəşrlər tərəfindən uğurla davam etdirilmişdir. Bu mətbuat
orqanları milli özünüdərkin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin
qorunmasının və ictimai fikrin inkişafının formalaşmasına mühüm töhfələr
vermişdir.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı istiqamətində
mühüm islahatlar həyata keçirilmişdir. Xüsusilə, ümummilli lider Heydər
Əliyevin rəhbərliyi dövründə mətbuatın azad fəaliyyəti üçün hüquqi baza daha da
möhkəmləndirilmiş, 1998-ci ildə ölkədə senzura tamamilə ləğv edilmiş, bu isə
demokratik cəmiyyətin inkişafında mühüm mərhələ kimi tarixə düşmüşdür. Bunun nəticəsində
informasiya azadlığının təmin edilməsi, jurnalistikanın müstəqilliyinin gücləndirilməsi
və media institutlarının inkişafı üçün geniş imkanlar yaranmışdır. Göstərilən
ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş,
habelə qəzet və jurnal bolluğu yaranmışdır.
Bundan
sonra Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Bu
gün Azərbaycan Respublikasında media sahəsinin müasir çağırışlara uyğun
inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Rəqəmsal
texnologiyaların sürətli inkişafı fonunda media sektoru yeni imkanlar qazanmış,
informasiya təhlükəsizliyi, peşəkarlıq, operativlik və obyektivlik daha da ön
plana çıxmışdır. Jurnalistlər cəmiyyətin düzgün və operativ məlumatlandırılması,
milli maraqların qorunması, dövlətçilik ənənələrinin təbliği və ictimai həmrəyliyin
möhkəmləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar.
Müasir
dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə
çevrilmişdir. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarına
qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artmışdır. Etibarlı
informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların
düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən
biridir.
Ümummilli
Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə
miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə
ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın
sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan
milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley
medalı təsis olunmuşdur.
30
dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikasının
Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin
kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və
yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya
məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan
verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin
artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait
yaradılmasıdır.
Azərbaycanda
kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin
yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə,
KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın
inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi
haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.
Azərbaycan
mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək
ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində
dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında
mühüm rol oynamışdır. Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq
göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçirmişlər.
Milli
mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı
deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin
olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq
hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda media milli-mənəvi dəyərlərin,
dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında
mühüm vasitələrdən biridir.
Milli
mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu
gün də uğurla davam edir. Əminik ki, Azərbaycan mediası bundan sonra da milli maraqların
qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin düzgün məlumatlandırılmasına
və ölkəmizin inkişafına dəyərli töhfələr verməyə davam edəcəkdir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı