Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 151-ci ilini qeyd edirik. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanan bu şərəfli yol bu gün də milli sözün, maarifçiliyin, peşəkar jurnalistikanın və cəmiyyət qarşısında məsuliyyətin rəmzi olaraq davam edir. 151 illik zəngin inkişaf tarixi Azərbaycan mediasının güclü ənənələrə söykəndiyini, daim yenilənərək dövrün çağırışlarına uyğun inkişaf etdiyini təsdiqləyir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirildi, senzura ləğv olundu, azad və məsuliyyətli medianın inkişafı üçün möhkəm hüquqi əsaslar yaradıldı. Bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Medianın müasir çağırışlara uyğun inkişafı, rəqəmsal transformasiyanın dəstəklənməsi, peşəkar jurnalistikanın təşviqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Artıq ənənəvi xarakter alan və növbəti dəfə Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media əməkdaşlığına verdiyi önəmin, qlobal informasiya məkanında artan rolunun və müasir media siyasətinin uğurlu təzahürlərindən biridir.
Bu gün informasiya texnologiyalarının və süni intellekt imkanlarının sürətlə inkişaf etdiyi, dezinformasiyanın və manipulyativ məzmunun qlobal çağırışa çevrildiyi mürəkkəb informasiya mühitində medianın üzərinə daha böyük məsuliyyət düşür. Belə bir dövrdə peşəkar jurnalistikanın əsas missiyası yalnız operativ məlumat vermək deyil, həm də dəqiqliyin, obyektivliyin və etibarlılığın qorunmasına xidmət etməkdir. Bu prinsiplər insan hüquq və azadlıqlarının müdafiəsinin, ictimai etimadın möhkəmləndirilməsinin və sağlam informasiya mühitinin formalaşmasının əsas şərtlərindəndir.
Azərbaycan mediasının zəngin ənənələrə sadiq qalmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun inkişafını davam etdirməsi, beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirməsi, insan hüquqlarının təşviqinə, cəmiyyətimizin inkişafına və həqiqətin müdafiəsinə bundan sonra da mühüm töhfələr verməsi xüsusi əhəmiyyət kəsb edir. Bu yolda peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinə sadiqlik hər zaman əsas dəyər olaraq qalacaqdır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətinizdə yeni uğurlar, obyektivlik və yüksək məsuliyyət arzulayıram.
Səbinə Əliyev
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman)