Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı, milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, adət-ənənələr və mənəvi dəyərlər məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Azərbaycan dili də minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onun mənəvi dünyasını yaşadan və müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan zəngin və ahəngdar bir dildir.
“Bizim Azərbaycan dili şeir dilidir.”
Ulu Öndər Heydər Əliyev
Dünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan
dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını,
melodikliyini və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bu, Azərbaycan
dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və əsrlər boyu
formalaşmış mədəni irsinin göstəricisidir. Məhz buna görə Azərbaycan dili
yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın ruhunu, tarixini, mədəniyyətini və
milli kimliyini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Dil hər bir millətin
milliliyinin əsasıdır.” Bu fikir Azərbaycan dilinin dövlətçilik və milli kimlik
baxımından əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Ana dilini qorumaq, onu
inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər bir Azərbaycan vətəndaşının
müqəddəs borcudur. Gənclər müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli,
gündəlik həyatlarında, elm və təhsildə, informasiya məkanında, dövlət idarəçiliyində
və beynəlxalq platformalarda ondan düzgün və zəngin şəkildə istifadə etməlidirlər.
Sovet hakimiyyəti illərində milli dillərin
sıxışdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Xüsusilə
1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların
ictimai-siyasi həyatında dil məsələsinə ciddi məhdudiyyətlər tətbiq olunurdu. Hətta
1930-cu illərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz
qalır, sürgün edilirdilər. Belə mürəkkəb şəraitdə ana dilinin müdafiəsini açıq
şəkildə gündəmə gətirmək böyük siyasi iradə və cəsarət tələb edirdi.
Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan
dilinin qorunması və inkişaf etdirilməsi uğrunda ardıcıl mübarizə apararaq
tarixi xidmət göstərdi. O, ziyalıları və cəmiyyəti ana dilinin dövlət dili kimi
yaşamaq hüququ uğrunda səfərbər etdi, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi
istiqamətində prinsipial mövqe nümayiş etdirdi.
Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il
aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü
ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”
müddəasının təsbit edilməsi oldu. Həmin dövrün siyasi reallıqları nəzərə
alındıqda bu qərar milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri
hesab edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət
dili məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə
qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət
dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil
dövlətimizin əsas atributlarından biri kimi hüquqi status qazandı.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin
genişləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış
etdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman dövlət dili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və
bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradıldı.
2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqust –
Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana
dilimizin qorunması və təbliği istiqamətində dövlət siyasətinin mühüm mərhələsi
oldu.
2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi.
Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən
biri olduğu xüsusi vurğulandı.
Azərbaycan dilinin yazı normalarının müasir tələblərə
uyğunlaşdırılması istiqamətində isə Nazirlər Kabinetinin 16 aprel 2019-cu il
tarixli qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi.
Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan
dilinin inkişafı və qorunması istiqamətində mühüm dövlət proqramları və sərəncamlar
qəbul edilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli
Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan
dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə
də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair tədbirlər
bu siyasətin əsas istiqamətlərini təşkil edir.
2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərman dilimizin saflığının qorunmasına yeni təkan verdi.
2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan
dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət,
həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyəti Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi.
Qloballaşma, informasiya texnologiyalarının sürətli
inkişafı və xarici dillərin təsiri fonunda Azərbaycan dilinin saflığının
qorunması daha da aktuallaşmışdır.
Prezident İlham Əliyev bu barədə demişdir:
“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici
kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”
Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütün cəmiyyətə
ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar,
media nümayəndələri, dövlət qulluqçuları və xüsusilə gənclər Azərbaycan dilinin
normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə
etməlidirlər.
Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını
qoruyub saxlamış, müstəqillik dövründə isə dövlətçiliyimizin əsas sütunlarından
birinə çevrilmişdir. Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin
lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir.
Ana dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginliyini
gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Xarici dilləri
öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin dediyi
kimi, “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin.”
Azərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə,
dövlətçiliyimizə və gələcəyimizə hörmət deməkdir. Dilimizi yaşatmaq isə Azərbaycanı
yaşatmaq deməkdir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı