logo
logo logo
logo

Orta Dəhlizdən Türk Birliyinə - İlham Əliyevin Bişkek səfərinin strateji mənası

09:00 - 01 Avqust 2026

Orta Dəhlizdən Türk Birliyinə - İlham Əliyevin Bişkek səfərinin strateji mənası

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri Bakı ilə Bişkek arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının növbəti təsdiqidir. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsi göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri artıq ənənəvi dostluq çərçivəsini çoxdan aşaraq strateji tərəfdaşlıq məzmunu əldə edib.


Ümumilikdə, Orta Asiya respublikaları Azərbaycanın xarici siyasətində prioritet istiqamətlər kimi getdikcə daha mühüm yer tutur. Bunun səbəbi yalnız ortaq tarixi köklər, dil və mədəniyyət deyil. Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin önə çıxması və Avrasiya məkanında iqtisadi əlaqələrin yenidən qurulması Orta Asiya regionunun əhəmiyyətini daha da artırıb. Bu reallıq Azərbaycanın da geosiyasi maraq istiqamətlərinə birbaşa təsir göstərir.

Azərbaycan Xəzər hövzəsinin mühüm logistika və nəqliyyat mərkəzi kimi Orta Asiya ölkələri üçün də Avropa bazarlarına çıxış imkanları yaradır. Eyni zamanda, Orta Asiya dövlətləri Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin əsas tərəfdaşları kimi çıxış edirlər. Bu baxımdan Bakı ilə region ölkələri arasında əməkdaşlıq təkcə siyasi deyil, həm də ciddi iqtisadi və geostrateji əhəmiyyətə malikdir.

Qırğızıstanla münasibətlər də məhz bu kontekstdə inkişaf edir. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr göstərir ki, tərəflər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiriblər. Ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, kənd təsərrüfatı, sənaye, rəqəmsal texnologiyalar, təhsil, turizm və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin gündəliyində duran əsas məsələlərdəndir.

Xüsusilə Orta Dəhliz layihəsi Azərbaycan və Qırğızıstan üçün strateji əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Avropanı birləşdirən bu marşrut qlobal ticarət zəncirində alternativ və etibarlı nəqliyyat xətti kimi ön plana çıxır. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna yatırdığı böyük investisiyalar Orta Asiya ölkələrinin də bu marşrutdan daha səmərəli istifadə etməsinə imkan yaradır.

Bununla yanaşı, Azərbaycan və Qırğızıstan arasında münasibətləri yalnız iqtisadi maraqlarla izah etmək düzgün olmazdı. İki ölkəni ortaq tarix, mədəni irs, dil yaxınlığı və türk kimliyi birləşdirir. Məhz bu ortaq dəyərlər siyasi dialoqun etibarlı əsasını formalaşdırır və əməkdaşlığın davamlı inkişafına zəmin yaradır.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı xüsusi rol oynayır. Son illər təşkilat çərçivəsində qəbul edilən qərarlar göstərir ki, türk dövlətləri artıq yalnız mədəni-humanitar əməkdaşlıqla kifayətlənmir, iqtisadi inteqrasiya, nəqliyyat, investisiya, enerji təhlükəsizliyi və rəqəmsal inkişaf kimi istiqamətlərdə də ortaq siyasət formalaşdırmağa çalışırlar. Azərbaycan bu prosesin aparıcı iştirakçılarından biri kimi çıxış edir və təşkilatın institusional güclənməsinə mühüm töhfə verir. Qırğızıstan da bu istiqamətdə fəal tərəfdaşlardan hesab olunur. Prezident İlham Əliyevin Bişkekə dövlət səfəri də məhz bu strateji məqsədlərə xidmət edir. Səfər çərçivəsində aparılan müzakirələrin və əldə olunacaq razılaşmaların ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyi gözlənilir. Eyni zamanda, bu səfər türk dünyasında siyasi həmrəyliyin möhkəmlənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və Orta Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın daha da genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan-Orta Asiya münasibətlərinin inkişafı artıq seçim deyil, strateji zərurətdir. Qırğızıstana dövlət səfəri də göstərir ki, Bakı türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi, yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılması və regionun geosiyasi çəkisinin artırılması istiqamətində ardıcıl siyasətini davam etdirir.

QAFQAZ   CƏNUBLU


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az