logo
logo logo
logo

Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid

22:21 - 01 Avqust 2026

Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid

Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu münasibətləri yalnız ikitərəfli əlaqələr kontekstində qiymətləndirmək düzgün olmazdı. Səfərin nəticələri Azərbaycanın Mərkəzi Asiyada mövqelərinin möhkəmləndirilməsi, iqtisadi maraqlarının genişləndirilməsi, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi və regional təhlükəsizlik məsələlərində daha fəal aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


İlk növbədə, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi dövlət maraqları baxımından mühüm siyasi nəticədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri yalnız siyasi yaxınlıq deyil, eyni zamanda böyük məsuliyyət tələb edir. Tərəflərin beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı dəstəyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olan etibarlı tərəfdaşlıqlar şəbəkəsinin genişləndirilməsinə xidmət edir.

Azərbaycan üçün Qırğızıstanla münasibətlərin möhkəmləndirilməsi Mərkəzi Asiyada artan siyasi və iqtisadi imkanlardan daha fəal istifadə baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi ölkənin regionla münasibətlərində yeni siyasi imkanlar yaradır. Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Mərkəzi Asiya ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələri olan regional dövlət kimi rolunu gücləndirir.

Səfər çərçivəsində Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon ABŞ dollarına qədər artırılması iqtisadi baxımdan diqqətçəkən qərarlardan biridir. Fondun fəaliyyətinin genişləndirilməsi Azərbaycan kapitalının Qırğızıstan iqtisadiyyatında daha fəal iştirakına imkan yaradır. Birgə istehsal müəssisələrinin yaradılması və yeni iş yerlərinin formalaşdırılması iki ölkə arasında iqtisadi əlaqələri sadəcə ticarət münasibətlərindən qarşılıqlı investisiya və istehsal əməkdaşlığı mərhələsinə keçirir.

Bu proses Azərbaycan üçün həm də iqtisadi diversifikasiya baxımından əhəmiyyətlidir. Xarici bazarlarda investisiya imkanlarının genişləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına, milli şirkətlərin regional bazarlara çıxışının artmasına və ölkənin iqtisadi təsir imkanlarının genişlənməsinə şərait yarada bilər. Digər tərəfdən, Qırğızıstanda həyata keçirilən layihələr Azərbaycan iqtisadiyyatının Mərkəzi Asiya ilə daha sıx inteqrasiyasına zəmin yaradır.

İssık-Kul sahilində “Bakı” hotelinin fəaliyyətə başlaması da yalnız turizm layihəsi kimi qiymətləndirilməməlidir. Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən beşulduzlu hotel ölkənin xaricdə iqtisadi və mədəni varlığının simvollarından birinə çevrilir. Belə layihələr Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi ilə yanaşı, milli brendin xarici ölkələrdə tanıdılması baxımından da əhəmiyyətlidir.

Azərbaycan üçün Qırğızıstanla münasibətlərin digər mühüm istiqaməti humanitar və mədəni əlaqələrdir. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin yaradılması Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin simvolik və praktiki ifadəsidir. Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması da iki xalqın ortaq tarixi-mədəni yaddaşının möhkəmləndirilməsinə xidmət edir.

Mədəniyyət Günlərinin keçirilməsi, Bakı və Bişkekdə dostluq məkanlarının yaradılması, xalqların görkəmli şəxsiyyətlərinin irsinə qarşılıqlı hörmət göstərilməsi Azərbaycan–Qırğızıstan münasibətlərinin yalnız dövlətlərarası səviyyədə deyil, cəmiyyətlərarası müstəvidə də möhkəmlənməsinə imkan yaradır. Dövlət maraqları baxımından bu cür humanitar əlaqələr uzunmüddətli siyasi tərəfdaşlığın sosial bazasının formalaşdırılması üçün mühüm vasitədir.

Münasibətlərin təhlükəsizlik aspekti də xüsusi diqqət tələb edir. Azərbaycan və Qırğızıstanın beynəlxalq platformalarda və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir-birini dəstəkləməsi Azərbaycanın regional təhlükəsizlik arxitekturasında tərəfdaşlıq imkanlarını genişləndirir. Xüsusilə Türk dövlətləri arasında qarşılıqlı etimadın və siyasi həmrəyliyin güclənməsi Azərbaycanın xarici siyasətinin strateji məqsədləri ilə uzlaşır.

Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı olan I dərəcəli “Manas” ordeni ilə təltif olunması, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasındakı münasibətlərin siyasi səviyyəsini və qarşılıqlı hörmətin yüksək dərəcəsini nümayiş etdirir. Bu addımlar dövlətlərarası əlaqələrin institusional və siyasi əsaslarının möhkəmliyinə verilən qiymət kimi də dəyərləndirilə bilər.

Səfərin ən mühüm siyasi nəticələrindən biri isə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin daha geniş regional əməkdaşlıq kontekstinə daxil olmasıdır. Çolpon-Ata Bəyannaməsi və Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi ölkənin regional proseslərdə iştirak imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu, Azərbaycan üçün yeni diplomatik, iqtisadi və təhlükəsizlik imkanlarının formalaşması deməkdir.

Ümumilikdə, Azərbaycan–Qırğızıstan münasibətlərində baş verən proseslər Azərbaycanın dövlət maraqları baxımından bir neçə əsas istiqaməti özündə birləşdirir: siyasi müttəfiqlik, iqtisadi əlaqələrin qarşılıqlı faydalı əsaslarda genişləndirilməsi, Mərkəzi Asiyada diplomatik mövqelərin gücləndirilməsi, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin artırılması.

Bu baxımdan Qırğızıstanla münasibətlərin inkişafı Azərbaycanın Mərkəzi Asiyaya dair uzunmüddətli strategiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan artıq yalnız regionlararası nəqliyyat və enerji layihələrinin iştirakçısı deyil, həm də siyasi, iqtisadi və humanitar əlaqələri vasitəsilə Mərkəzi Asiyanın regional əməkdaşlıq sisteminə daha dərindən inteqrasiya olunan dövlətdir.

Əsas məsələ əldə edilmiş razılaşmaların real layihələrə çevrilməsi və davamlı nəticələr yaratmasıdır. İnvestisiya fondunun imkanlarının genişləndirilməsi, birgə istehsal layihələrinin artırılması, humanitar əlaqələrin inkişaf etdirilməsi və siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi Azərbaycan üçün bu tərəfdaşlığın praktiki dividendlərini daha da artıracaq.

Ümumilikdə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin artan əhəmiyyətini nümayiş etdirən mühüm hadisədir. Səfər nəticəsində formalaşan yeni imkanlar Azərbaycanın regional nüfuzunun artırılması, iqtisadi maraqlarının qorunması və genişləndirilməsi, Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Vasif Qafarov,

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az