Bakıda “Özbəkistan Parkı”nın və Daşkənddə “Azərbaycan Parkı”nın yaradılması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, hər iki paytaxtın şəhər mühitinin inkişafında mühüm mərhələ olacaq.
Manset.az xəbər verir ki, bu məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Özbəkistan Respublikasının Daşkənd şəhər merinin müavini Azizxon Şovkatov ilə keçirilən görüşdə müzakirə olunub.
Komitənin sədr müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər ərazi planlaşdırılması, dayanıqlı şəhər inkişafı və müasir şəhər mühitinin formalaşdırılması istiqamətlərində peşəkar əməkdaşlığın, təcrübə mübadiləsinin və yeni birgə təşəbbüslərin genişləndirilməsi imkanlarına toxunublar.
Görüşdə əsas diqqət Bakı şəhərində “Özbəkistan Parkı”nın və Daşkənd şəhərində “Azərbaycan Parkı”nın yaradılması layihələrinə, onların icra vəziyyətinə və növbəti mərhələlərə yönəldilib. Bildirilib ki, layihələrin həyata keçiriləcəyi ərazilər paytaxt sakinləri və şəhərin qonaqları üçün müasir istirahət məkanlarına çevriləcək.
Həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyəti də qeyd olunub. Forum tarixində ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən “Liderlər Seqmenti”ndə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakının iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığı vurğulanıb.