26 avqust – Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan
xalqının yaddaşında xüsusi yer tutur. Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş və Sərəncama əsasən,
hər il avqustun 26-sı ölkəmizdə Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Laçın Şəhəri Gününün təsis edilməsi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi hadisələrin əbədiləşdirilməsi
istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu
gün yalnız hərbi-siyasi qələbənin qeyd edilməsi deyil, həm də Laçının keçmişdən
bu günə və gələcəyə uzanan tarixinin, zəngin mədəni irsinin, təbii gözəlliklərinin
və yenidən dirçələn həyatının nümayişidir.
1992-ci ildə Laçının işğalı Azərbaycan üçün ağır nəticələr doğurmuş,
rayonun əhalisi doğma yurdlarından didərgin salınmışdır. İşğal illərində
Laçının yaşayış məntəqələri və infrastrukturu ciddi dağıntılara məruz qalmış, tarixi-mədəni
irsə böyük ziyan vurulmuşdur. İşğal dövründə rayon ərazisində çoxsaylı mədəniyyət, təhsil, səhiyyə və digər
obyektlərin dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmışdır.
Laçın faciəsi uzun illər ərzində yüz minlərlə azərbaycanlının yaşadığı məcburi
köçkünlük taleyinin bir hissəsinə çevrilmişdi. Laçınlıların doğma şəhər və kəndlərinə
qayıtmaq arzusu Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad
olunması ilə bağlı milli istəyinin ayrılmaz hissəsi idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə
Qarabağ münaqişəsinin hərbi-siyasi reallıqlarını köklü şəkildə dəyişdi. Üçtərəfli
bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı.
Lakin həmin mərhələdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan nəzarətində
deyildi. 2022-ci il avqustun 26-da
isə Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, şəhər, həmçinin Zabux və Sus kəndləri
Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçının tam azadlığı təmin edildi və
uzun illər davam edən torpaq həsrətinə son qoyuldu. Məhz bu tarixi hadisə 26
avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsinin əsasını təşkil edir.
Prezident İlham Əliyev 26 avqust 2023-cü ildə
Laçın Şəhəri Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bu günün məhz
Laçın şəhərinin tam azad edildiyi tarix olduğunu vurğulamışdır.
Laçın Şəhəri Gününün əsas mahiyyəti Azərbaycan
xalqının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı tarixi
qürurun ifadəsidir.
2023-cü ildə ilk dəfə Laçında Şəhər Günü
böyük təntənə ilə qeyd edilmişdir. Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva həmin tədbirlərdə iştirak etmişlər, Həkəri çayının sahilində,
şəhərin müxtəlif məkanlarında mədəniyyət və incəsənət proqramları, sərgilər,
xalq sənətləri təqdimatları, Laçın mətbəxindən nümunələr və digər tədbirlər təşkil
olunmuşdur. Bu tədbirlər Laçının yalnız fiziki baxımdan deyil, mənəvi və mədəni
baxımdan da dirçəldiyini nümayiş etdirir. Xalq yaradıcılığının, milli sənət nümunələrinin,
musiqinin, poeziyanın və yerli mətbəxin təqdim olunması Laçının zəngin mədəni
kimliyinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Laçının azad olunmasından sonra qarşıda duran
əsas vəzifələrdən biri şəhərin və rayonun yenidən qurulması, müasir
infrastruktura malik yaşayış məkanına çevrilməsi və keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıdışının təmin edilməsi olmuşdur.
2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi
köçkünlərin Laçın şəhərinə qayıdışı başlanmışdır. Bu hadisə Laçının tarixində
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Laçında yaşayış binaları, sosial obyektlər, təhsil
və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya sistemləri və digər
infrastruktur layihələri həyata keçirilir. Həmçinin, şəhərdə məktəblər, səhiyyə
obyektləri, elektrik enerjisi infrastrukturu və müxtəlif inzibati və ictimai
obyektlər istifadəyə verilmişdir.
Laçının dirçəldilməsi yalnız yaşayış məntəqələrinin
inşası ilə məhdudlaşmır. Rayonun iqtisadi potensialının bərpası və yeni iş yerlərinin
yaradılması da Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindəndir.
Laçında sənaye, kənd təsərrüfatı, enerji,
turizm və digər sahələrin inkişafı üçün imkanlar genişdir. 2023-cü il avqustun
26-da Laçın Aqro-Sənaye Parkının açılışının keçirilməsi də bu baxımdan əhəmiyyətli
hadisə olmuşdur. Bu gün parkda müəyyən müəssisələr fəaliyyət göstərir və
istehsal imkanları genişləndirilir.
Bununla yanaşı, rayonun zəngin su
ehtiyatlarından istifadə etməklə kiçik su elektrik stansiyalarının yaradılması
enerji potensialının artırılmasına xidmət edir. Belə layihələr Laçının iqtisadi
dirçəlişini sürətləndirməklə yanaşı, regionun dayanıqlı inkişafına da töhfə
verir.
Bu gün 26 avqustun Laçın Şəhəri Günü kimi
qeyd edilməsi ilk növbədə tarixi yaddaşın qorunmasına xidmət edir. Bu tarix həm
Vətən müharibəsində əldə olunmuş Zəfərin nəticələrini, həm də uzun illər doğma
torpaqlarından ayrı düşmüş insanların qayıdış sevincini özündə birləşdirir.
Laçınlılar üçün bu gün doğma torpağa
qayıdışın, ata-baba yurduna yenidən sahib çıxmağın və şəhərin həyatının bərpa
olunmasının rəmzidir. Azərbaycan cəmiyyəti üçün isə Laçın Şəhəri Günü dövlətin ərazi
bütövlüyünün bərpası, milli həmrəyliyin və dövlət-xalq birliyinin təntənəsini
ifadə edən əlamətdar tarixdir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı