Azərbaycan
tarixində elə günlər var ki, onlar yalnız müəyyən hadisəni deyil, bütöv bir
tarixi mərhələnin nəticəsini özündə əks etdirir. 20 sentyabr da məhz belə
əlamətdar tarixlərdəndir. Artıq üçüncü ildir ki, ölkəmizdə 20 sentyabr –
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən
bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının
rəmzi olmaqla yanaşı, xalqımızın üç onillik ərzində keçdiyi mübarizə yolunun,
şəhidlərimizin fədakarlığının və Böyük Qələbənin tarixi ifadəsidir.
Torpaqlarımızın
işğalı, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin salınması,
şəhər və kəndlərimizin dağıdılması, Xocalı faciəsi və minlərlə insanın həyatını
itirməsi xalqımızın yaddaşında dərin izlər buraxıb. Lakin Azərbaycan xalqı
bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasına olan inamını itirmədi. 2020-ci
ilin 44 günlük Vətən müharibəsi bu mübarizənin ən mühüm mərhələsi oldu.
Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində torpaqlarımızın böyük hissəsi
işğaldan azad edildi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə
müharibənin taleyi həll edildi, ertəsi gün Ermənistan ordusu kapitulyasiya
aktına imza atdı. Bununla Azərbaycanın hərbi-siyasi üstünlüyü və ərazi
bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ təmin edildi. Lakin dövlət
suverenliyinin ölkənin bütün ərazisində tam bərpası üçün qarşıda daha bir mühüm
vəzifə dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli
antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı birləşmələr
tərksilah edildi və Azərbaycanın Konstitusiya quruluşunun bərpası təmin olundu.
Beləliklə, 20 sentyabr 2023-cü il Azərbaycan dövlətçilik tarixində yeni
mərhələnin başlanğıcına çevrildi.
Azərbaycanın
Qarabağda qazandığı Qələbənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki,
hərbi Zəfər qısa müddətdə genişmiqyaslı quruculuq prosesinə çevrilib. İşğaldan
azad edilmiş ərazilərdə yollar, elektrik və su infrastrukturu, yaşayış
kompleksləri, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri və digər mühüm
layihələr həyata keçirilir. Əsas məqsəd yalnız dağıdılmış şəhər və kəndləri
bərpa etmək deyil, Qarabağda müasir, dayanıqlı və yüksək həyat standartlarına
malik yeni yaşayış mühiti yaratmaqdır. Bu siyasətin mərkəzində isə Böyük
Qayıdış dayanır.
Xankəndi,
Xocalı, Xocavənd və Ağdərədə məskunlaşmanın sürətləndirilməsi artıq bu prosesin
real nəticələrini ortaya qoyur. İndiyədək Xankəndidə, o cümlədən Kərkicahan
qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı şəhəri və
rayonun yaşayış məntəqələrində 1 167 ailə, 4 841 nəfər, Xocavənddə 988 ailə, 4
070 nəfər, Ağdərə rayonunun yaşayış məntəqələrində isə 917 ailə, 3 587 nəfər
məskunlaşıb. Beləliklə, bu dörd ərazi üzrə ümumilikdə 3 191 ailənin, 13 004
nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib. Bu rəqəmlər Böyük Qayıdışın
sadəcə plan və ya niyyət deyil, real proses olduğunu göstərir. Vaxtilə
insanları didərgin salınmış şəhər və kəndlərdə bu gün yeni həyat qurulur,
ailələr doğma yurdlarına qayıdır, sosial və iqtisadi fəaliyyət bərpa olunur.
Xankəndinin
dirçəlişi yalnız yaşayış və infrastruktur layihələri ilə məhdudlaşmır. Şəhərin
intellektual və iqtisadi potensialının formalaşdırılması da diqqət
mərkəzindədir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı
ilə Xankəndi şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsinin bazasında
“Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması bu baxımdan mühüm addım
oldu. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, həyata keçirilən
bərpa-quruculuq layihələri və əmək bazarının yeni tələbləri yüksəkixtisaslı
kadr hazırlığını zəruri edir. Bu gün Qarabağ Universiteti Xankəndinin yeni
simasının mühüm elementlərindən biridir. Şəhərdə universitetin tələbə
yataqxanası, fakültə və klinika binalarının istifadəyə verilməsi təhsil
infrastrukturunun formalaşdırılmasının ardıcıl xarakter daşıdığını göstərir.
Eyni zamanda Xankəndidə Zəfər parkının, Biznes Mərkəzinin və Konqres Mərkəzinin
yaradılması şəhərin gələcəkdə mühüm ictimai, iqtisadi və mədəni mərkəzlərdən
birinə çevrilməsi üçün möhkəm baza yaradır.
Bütün
bu nailiyyətlərinin arxasında Azərbaycan şəhidlərinin müqəddəs fədakarlığı
dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası minlərlə
qəhrəmanımızın canı və qanı bahasına mümkün olub. Ona görə bu tarix yalnız
qələbə və qürur günü deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram
günüdür. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucalan Azərbaycan Bayrağı
şəhidlərimizin bizə əmanət etdiyi Vətən torpağının azadlığının rəmzidir. Bu gün
həmin şəhərlərdə yeni məktəblərin, xəstəxanaların, yaşayış binalarının, biznes
və mədəniyyət obyektlərinin inşa olunması Böyük Qələbənin sülh və quruculuq
mərhələsinin başladığını göstərir. Azərbaycan dövləti hərbi Zəfəri dayanıqlı
inkişaf və insanların firavan həyatı ilə möhkəmləndirir.
20
sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü məhz buna görə
Azərbaycan tarixində xüsusi yer tutur. Bu tarix üç onillik mübarizənin,
şəhidlərimizin qəhrəmanlığının, xalqımızın milli birliyinin, Azərbaycan
Ordusunun gücünün və dövlətimizin qətiyyətli siyasi iradəsinin nəticəsi olan
Böyük Qələbəni təcəssüm etdirir.
Bu gün Qarabağda dalğalanan üçrəngli Bayraq artıq yalnız azadlığın deyil, həm də yeni həyatın, quruculuğun, inkişafın və gələcəyə inamın rəmzidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bərpa olunan həyat Azərbaycanın zəfərinin ən canlı ifadəsidir. Böyük Qələbənin yaratdığı yeni reallıqlar əsasında Qarabağda həyat yenidən qurulur və gələcəyə doğru inamla addımlanır.
Vasif Qafarov
Milli Məclisin deputatı