logo
logo logo
logo

“İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların istismarı yeni iqtisadi imkanlar açır”  

13:57 - 24 Sentyabr 2026

“İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların istismarı yeni iqtisadi imkanlar açır”  

Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf istiqamətlərindən biri də dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə də Cənab Prezident bəyan etdi ki, istehsal müəssisələrinin yaradılması ilə yanaşı ölkənin təbii sərvətlərinin müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalını özündə birləşdirən bütöv sənaye istiqamətinin qurulmasıdır. Bu baxımdan yeni Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm mərhələdir. 


Dağ-mədən və metallurgiya sənayesinə qoyulan investisiyalar çoxşaxəlidir. Məhz bu səbəbdən Dövlət Proqramının əsas hədəflərindən biri xammalın ixracı ilə yanaşı mümkün qədər ölkə daxilində onun emalının təmin edilməsidir. Bu, əlavə dəyərin ölkə daxilində yaradılmasına, yeni istehsal sahələrinin meydana çıxmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da bu prosesin sosial-iqtisadi əhəmiyyətini artırır. Yeni sənaye müəssisələrinin xüsusilə regionlarda yaradılması məşğulluğun genişləndirilməsi ilə yanaşı, həmin ərazilərin iqtisadi fəallığının artmasına da təsir göstərəcək. 

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan xüsusilə əhəmiyyətlidir. Çünki perspektivli yataqların əhəmiyyətli hissəsi regionlarda yerləşir. Deməli, yeni mədənlərin və emal müəssisələrinin yaradılması iqtisadi aktivliyin Bakı və Abşeronla məhdudlaşmamasına, regionlarda yeni iş yerlərinin və xidmət sahələrinin yaranmasına imkan verəcək. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası da yeni sənaye siyasətinin mühüm istiqamətlərindən biridir.

İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların öyrənilməsi və istismara hazırlanması yeni iqtisadi imkanlar açır. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, işğal dövründə Ermənistan tarixi Azərbaycan torpaqlarında qanunsuz istismar fəaliyyəti həyata keçirib. Prezident İlham Əliyev də müşavirədə bu məsələyə xüsusi diqqət çəkdi. Bəyan etdi ki, “işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar ağacları məhv edirdilər.” Təbii ki, Ermənistan bu qanunsuz fəaliyyətə görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, mövcud yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir. 

Yeni Dövlət Proqramının mühüm cəhətlərindən biri də dövlət və özəl sektorun əməkdaşlığı üçün imkanların nəzərdə tutulmasıdır. Dağ-mədən sənayesi böyük maliyyə resursları tələb etdiyindən yerli və xarici investorların prosesə cəlb edilməsi layihələrin miqyasının genişləndirilməsinə xidmət edir. Eyni zamanda, dövlətin əsas layihələrin maliyyələşdirilməsini təmin etməsi investisiya mühitində uzunmüddətli planlaşdırma üçün baza yaradır.

Beləliklə, 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramına əsasən, dörd il ərzində müxtəlif mərhələlərin paralel şəkildə həyata keçirilməsi planlaşdırılır. Gözləntilər isə yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Yeni iş yerlərinin açılması, regionlarda iqtisadi aktivliyin yüksəlməsi, ixrac imkanlarının genişlənməsi, büdcə gəlirlərinin artması və yerli istehsalın dərinləşdirilməsi proqramın əsas iqtisadi nəticələri sırasında nəzərdə tutulur.


Könül Nurullayeva 

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az