“Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir”.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının mətbuata yazılı açıqlamasında deyilir.
MHP-nin “X” hesabında paylaşılan açıqlamada iki ölkə arasındakı qardaşlıq hüququnu zədələməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə və qarşılıqlı anlayış əsasında hərəkət edilməsinin böyük əhəmiyyət daşıdığı qeyd olunub:
“Türk Dövlətləri Təşkilatına sədrliyin Türkiyəyə keçməsi də bu proseslərin yaratdığı mühüm bir məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır.
Bu baxımdan, Qarabağ zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq”.
Onun sözlərinə görə, oktyabrın son həftəsində Ankarada keçiriləcək TDT sammiti bu baxımdan tarixi önəmə sahibdir: “Sammitdə sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə birlikdə Türkiyə Türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsinə yönələn önəmli bir məsuliyyəti üzərinə götürəcək”.