Xalqımızın tarixi
yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin
və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan
Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini
təcəssüm etdirən bir gündür. Bu gün həm də,
onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin
müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə
inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.
Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin
mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən
biridir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd
olmaqla, Araz çayı boyunca uzanan əraziləri bölgənin iqtisadi və coğrafi əhəmiyyətini
artırır.
Füzuli torpağı əsrlər boyu Azərbaycan
xalqının tarixi-mədəni həyatında mühüm yer tutmuş, burada milli-mənəvi dəyərlərimiz
formalaşmış, el sənətkarlığı, ədəbiyyat və ənənələr inkişaf etmişdir. Rayonun ərazisində
yerləşən tarixi və memarlıq abidələri bu torpağın qədim keçmişindən xəbər
verir. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və
karvansara kimi tarixi-mədəni irs nümunələri Füzulinin zəngin keçmişini əks
etdirən mühüm abidələrdəndir. Təəssüf ki, işğal illərində bölgənin bir sıra
tarixi və dini abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri
dağıdılmışdır.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və
rayonun böyük hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuşdur.
Bu hadisə bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Minlərlə
insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində
qaldmışdır. İşğal nəticəsində yaşayış evləri, sosial obyektlər, təhsil və mədəniyyət
müəssisələri, tarixi abidələr dağıntılara məruz qaldı. İnsanların həyat tərzi dəyişdi,
ailələr doğma torpaqlarından uzaqda məskunlaşmağa məcbur qalmışdır.
Bu illər ərzində Füzulinin adı Azərbaycan
xalqının yaddaşında həm ağır itkilərin, həm də sarsılmaz müqavimətin rəmzinə
çevrildi. Doğma torpaqların azad edilməsi arzusu xalqımızın milli birliyini və
mübarizə əzmini daha da gücləndirdirmişdir.
27 sentyabr 2020-ci ildə başlayan Vətən
müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin
həlledici mərhələsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını uğurla davam etdirərək işğal
altında olan ərazilərin azad olunması istiqamətində mühüm nailiyyətlər qazandı.
2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin
işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən
biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi
peşəkarlığını, əsgər və zabitlərimizin cəsarətini və xalqımızın qələbəyə olan
inamını nümayiş etdirdi.
Füzuli uğrunda gedən döyüşlər böyük hərbi-strateji
əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi cənub istiqamətində əməliyyatların
inkişafına, sonrakı hərbi uğurlar üçün əlverişli şəraitin yaranmasına və Azərbaycanın
işğal olunmuş ərazilərinin azad edilməsi prosesinin sürətlənməsinə töhfə verdi.
Füzulinin azadlığı böyük qəhrəmanlıq, fədakarlıq və qətiyyət bahasına əldə
edildi. Bu zəfərin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs
xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının
sarsılmaz həmrəyliyi dayanır. Füzulinin azad edilməsi göstərdi ki, Azərbaycan
xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirmir və tarixi ədalətin bərpası
naminə əzmindən dönmür.
Tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan
azad edilmiş şəhərlərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli
yaddaşın qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam
Füzulinin azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir.
Şəhər Gününün təsis edilməsi həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm
də gələcək nəsillərin Vətən müharibəsinin tarixi həqiqətlərini öyrənməsi
baxımından mühüm əhəmiyyət daşıyır.
Azadlıqdan sonra şəhərin və rayonun
infrastrukturunun bərpası, müasir yaşayış mühitinin yaradılması, nəqliyyat əlaqələrinin
inkişaf etdirilməsi və sosial obyektlərin inşası istiqamətində genişmiqyaslı
işlər həyata keçirilməyə başlandı. Dağıdılmış şəhərin yenidən qurulması yalnız
fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələrinin
salınması, yolların çəkilməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması,
təhsil və digər sosial infrastrukturun yaradılması Füzulinin müasir şəhər kimi
inkişafına xidmət edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad
edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm
tərkib hissəsidir.
Prezident cənab İlham Əliyev azad olunmuş
Füzuliyə dəfələrlə müxtəlif məqsədlərlə səfər etmişdir. 2020-ci ildə Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, 2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli
rayonunda hava limanının təməllərini qoyulması, Horadiz-Ağbənd, Ağdam-Füzuli
yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi,
eləcə də Füzuli-Hadrut avtomobil
yolunun təməlqoyma mərasimi, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki
göstəriciləri ilə və Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən
işlərlə tanışlıq, bundan başqa, “Füzuli” 110/35/10 kilovoltluq
yarımstansiyasının açılış mərasimi, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma
mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, eləcə də,
çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və bir çox əhəmiyyətli tədbirləri
buna misal gətirmək olar.
Füzuli şəhərində yenidənqurma işlərinin
aparılmasında, həmçinin, bu şəhərdə sakinlərin həyat səviyyələrinin yüksəlməsində
bir neçə Mərkəzi Asiya ölkələrinin də böyük dəstəyi olmuşdur. Belə ki, dost ölkə
olan Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam
azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Bundan
başqa, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi inşa edilmiş və bu Mərkəzin açılış mərasimində Ölkə Başçısı
cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayev iştirak etmişdir.
Füzulinin inkişafında mühüm rol oynayan layihələrdən
biri Füzuli Beynəlxalq Hava Limanıdır. Müasir nəqliyyat infrastrukturu kimi
hava limanı bölgənin ölkənin digər əraziləri və beynəlxalq istiqamətlərlə əlaqələrinin
genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanının istifadəyə
verilməsi Qarabağ və ətraf ərazilərə səfərlərin asanlaşdırılmasına, nəqliyyat
imkanlarının genişlənməsinə və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlərin
yaranmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı eyni zamanda azad
edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş
etdirən mühüm infrastruktur layihələrindən biridir. O, bölgənin investisiya
imkanlarının, turizm potensialının və iqtisadi əlaqələrinin inkişafına töhfə
vermək imkanına malikdir.
Füzulinin azad edilməsindən sonra qarşıda
duran ən mühüm vəzifələrdən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş
sakinlərin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmasının təmin edilməsidir.
2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə
qayıdışı başlanıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin
başlanğıcı olmaqla yanaşı, minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi
deməkdir.
Böyük Qayıdış proqramı çərçivəsində
insanların yaşayış şəraitinin yaradılması, sosial xidmətlərə çıxışının təmin
olunması, məşğulluq imkanlarının genişləndirilməsi və doğma torpaqlarda normal
həyatın bərpası əsas prioritetlərdəndir.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə
hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin
ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait
sərf olunmuşdur.
Bir sözlə, Füzulinin dirçəlişi ümumilikdə
Qarabağın inkişafı, Azərbaycanın iqtisadi potensialının genişlənməsi və milli həmrəyliyin
möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı