2026-cı il oktyabrın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirildi. “Güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunan tədbir Asiya ölkələri arasında siyasi dialoqun, qarşılıqlı etimadın, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Laos, Qətər, İsrail, Kamboca, Vyetnam, Türkiyə, Çin, Rusiya, Bəhreyn, Fələstin, Şri-Lanka və digər dövlətlər təmsil olundu. Dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən sammit Azərbaycanın beynəlxalq platformalarda artan rolunu və çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir.
Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini və regional təhlükəsizlik məsələlərinə yanaşmasını bir daha ortaya qoydu. Çıxışda xüsusi diqqət çəkən məqamlardan biri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq münasibətlərdə bərabərhüquqluluq prinsiplərinin qorunmasıdır. Bu yanaşma yalnız Azərbaycanın milli maraqlarını deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində ədalətin və hüququn üstünlüyünün təmin olunmasını nəzərdə tutur. Dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq hüquq normalarının bütün ölkələrə eyni şəkildə tətbiqi vacibdir. İkili standartlar isə beynəlxalq təşkilatlara inamı zəiflədir və yeni münaqişələrin yaranması üçün zəmin formalaşdırır.
Prezidentin Qarabağ məsələsinə diqqət yetirməsi Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliklərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulması, işğal və məcburi köçkünlük problemi ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin vaxtında icra olunmaması beynəlxalq hüququn tətbiqindəki problemləri göstərdi. Dövlət başçısının bu tarixi təcrübəni xatırlatması beynəlxalq təşkilatların məsuliyyətinin artırılması və gələcəkdə oxşar halların qarşısının alınması baxımından mühüm mesajdır.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında ölkənin suverenliyinin tam bərpası dövlətimizin ərazi bütövlüyünü təmin etmək əzmini nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etməsi və gələcəyə yönəlmiş əməkdaşlığa üstünlük verməsi ölkəmizin siyasi iradəsini və məsuliyyətli mövqeyini göstərir. Azərbaycanın məqsədi yalnız əldə olunmuş nəticələri qorumaq deyil, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə nail olmaqdır. Bunun üçün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi, öhdəliklərini yerinə yetirməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atması vacibdir.
Zirvə görüşünün digər mühüm istiqaməti AQEM-in institusional imkanlarının gücləndirilməsi və Azərbaycanın təşkilata sədrliyinin davam etdirilməsi məsələsidir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi Asiya ölkələri arasında praktiki əlaqələrin genişləndirilməsinə xidmət edir. Azərbaycanın sədrliyinin daha iki il uzadılması təklifinə üzv dövlətlərin dəstək verməsi ölkəmizə göstərilən etimadın və Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun göstəricisidir. Sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edildi. Laosun AQEM-ə yeni üzv dövlət kimi qəbul olunması da təşkilatın əhatə dairəsinin genişlənməsi və Asiya ölkələri arasında əməkdaşlıq imkanlarının artması baxımından əlamətdar hadisədir.
Bakı sammitinin əhəmiyyəti yalnız diplomatik görüşlərin keçirilməsi ilə məhdudlaşmır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji və nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynayan dövlət kimi regional bağlantıların gücləndirilməsində maraqlıdır. Orta Dəhlizin inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ölkəmizin tranzit potensialını artırmaqla yanaşı, regionda iqtisadi qarşılıqlı asılılığı və sabitliyi də gücləndirə bilər. Bu baxımdan Azərbaycanın təşəbbüsləri təkcə milli iqtisadi maraqlara deyil, həm də Asiya ilə Avropa arasında daha etibarlı və səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.
Nəticə etibarilə, AQEM-in VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, milli maraqlarının qlobal platformada ifadəsi və Asiya ölkələri ilə çoxşaxəli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı beynəlxalq hüquqa hörmət, suverenlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinin Azərbaycan xarici siyasətində əsas yer tutduğunu bir daha təsdiqlədi. Sammitin nəticələrinin real siyasi və iqtisadi əməkdaşlıq mexanizmlərinə çevrilməsi həm Azərbaycanın, həm də bütövlükdə regionun uzunmüddətli maraqlarına xidmət edəcək.
Vasif Qafarov
Milli Məclisin deputatı