"Ölkəmizdə son günlər gündəmi zəbt edən məsələlərdən biri Azərbaycanda hicabın qadağan edilməsi ilə bağlı iddialardır. Halbuki burada söhbət hicabın qadağan olunmasından getmir. Məktəblərdə şagirdlərin vahid məktəbli formasında olması tələb edilir. Heç kimin dini inancına hörmətsizlik göstərilmir və insanların dini etiqadına xələl gətirmək məqsədi güdülmür".
Manset.az Redaktor.az-a istinadən xəbər verir ki, bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Şeydayev bildirdi.
O vurğuladı ki, dövlətimiz də dünyəvi dövlətdir:
"Ancaq bəzi qüvvələr və dairələr bu məsələdən istifadə edərək mövzunu məktəbli formasından hicab məsələsinə yönəltdilər. Bu da bir sıra problemlərə səbəb olur. Çox təəssüf edirəm ki, son günlər Türkiyədə də bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanılıb. İnanıram ki, bu kampaniyanın arxasında dayanan qüvvələr gec-tez Türkiyə dövləti tərəfindən də müəyyən ediləcək və hər şey aydınlaşacaq. Axı biz iki qardaş dövlətik.
Ancaq bilirsiniz, necədir? Son dövrdə Azərbaycanın Ankaradakı səfirliyinin qarşısında keçirilən mitinqdə Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırışların səsləndirilməsi artıq bütün qırmızı xətlərin keçilməsi deməkdir. Bu çağırışları edənlər dini təşkilatın nümayəndələridir. Onlardan biri Abdullah İmamoğludur. O, həmin mitinqin ideoloqlarından biri olub və çıxışı zamanı Azərbaycan xalqına qarşı təhdid kimi qəbul edilə biləcək fikirlər səsləndirib. O bildirib ki, buna qarşı çıxanları "Rəşidi xilafət dövləti zindana döndərəcək" ifadəsi ilə hədələyib. Bəs "Rəşidi xilafət dövləti" nə vaxt yaranıb və nə vaxt mövcudluğunu başa vurub? Bilirsiniz, bəzi dini cərəyanların nümayəndələri pafoslu çıxışlar edir, insanları yanlış istiqamətə yönəldirlər".
Ekspert xatırlatdı ki, Abdullah İmamoğlu 1981-ci ildə Hollandiyada anadan olub:
"Türk əsillidir. Əsl adı Zəkəriyyə Cerandır. 1993-cü ildə atası onu təhsil almaq üçün Türkiyəyə, Konyada yerləşən Sami Ramazanoğlu adına Anadolu İmam Hatip liseyinə göndərib. O, 2005-ci ildə həmin liseyi bitirib. 2007-ci ildə isə Hollandiyanın Rotterdam şəhərindəki İslam Universitetinin hədis bölməsini bitirib.
S.Şeydayev Abdullah İmamoğlunun Hizb-ut-Təhrir təşkilatının ideologiyası ilə əlaqəsi məsələsinə də toxundu:
"İlahiyyatçı və yazıçı olan Abdullah İmamoğlunun Hizb-ut-Təhrir təşkilatının ideologiyası ilə əlaqəsi məsələsi də diqqət çəkir. Hizbüt-Təhriril-İslami, yəni İslam Azadlıq Partiyası adlanan təşkilatın əsas məqsədi müsəlman dünyasını vahid dövlət - İslam xilafəti altında birləşdirmək və həmin dövləti şəriət qanunları ilə idarə etməkdir. Bu təşkilatın ideologiyasını təbliğ edənlər özlərini radikal addımlardan və terrordan uzaq göstərirlər. Əl-Qaidə və İŞİD kimi silahlı qruplardan fərqli olaraq, Hizb-ut-Təhrir rəsmi şəkildə məqsədlərinə çatmaq üçün silahlı zorakılıq və terror metodlarından istifadəni rədd etdiyini bəyan edir. Onlar daha çox ideoloji təbliğata, siyasi mübarizəyə və gizli təşkilatlanmaya üstünlük verirlər. Bu fəaliyyətləri, əsasən, universitetlərdə və gənclər arasında həyata keçirməyə çalışırlar.
Təşkilat 1953-cü ildə Təquyəddin ən-Nəbhani tərəfindən yaradılıb. O, 1977-ci ilə qədər təşkilata rəhbərlik edib. Daha sonra, 2003-cü ilə qədər Əbdülqədim Zəllum rəhbər olub. Onun vəfatından sonra isə təşkilata Ata Əbu Rəşta rəhbərlik etməyə başlayıb".
Ekspert Hizb-ut-Təhririn ideoloji məqsədləri və Rəşidi xilafət anlayışı barədə də danışdı:
"Hizb-ut-Təhririn əsas ideoloji məqsədlərindən biri Rəşidi xilafətin yaradılmasıdır. İslam tarixində "Rəşidi xilafət" dedikdə ilk dörd xəlifənin, yəni Əbu Bəkrin, Ömərin, Osmanın və Əlinin hakimiyyəti dövrü nəzərdə tutulur. Bu termin Məhəmməd peyğəmbərin vəfatından sonra, 632-ci ildə başlayan dövrü əhatə edir. "Rəşud" sözü "doğru yola yönəlmiş" mənasını verir. Hizb-ut-Təhrir beynəlxalq panislamist və fundamentalist siyasi təşkilatdır. O, 1953-cü ildə Şərqi Qüdsdə Fələstin əsilli islam alimi və şəriət hakimi Təquyəddin ən-Nəbhani tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi müsəlman dövlətlərini vahid xilafət dövləti altında birləşdirməkdir".
S.Şeydayev bildirdi ki, Hizb-ut-Təhrir dünyanın bir sıra ölkələrində qadağan olunub:
"Bu ölkələr arasında Almaniya, Böyük Britaniya, Çin, Rusiya, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, İndoneziya, Banqladeş, Misir, Özbəkistan, Tacikistan və Qırğızıstan da var. Türkiyədə də təşkilatla bağlı hüquqi məhdudiyyətlər və məhkəmə qərarları məsələsi müzakirə olunur. Maraqlıdır ki, Türkiyədə də Hizb-ut-Təhrirə qarşı hüquqi tədbirlər görülüb. Türkiyənin Ali Məhkəməsi olan Yargıtayın təşkilatla bağlı qərarlarında mövcud konstitusiya quruluşunu dəyişərək xilafət yaratmaq məqsədi diqqətə alınıb.
Təşkilat Türkiyədə birbaşa öz adı ilə fəaliyyət göstərmək imkanlarının məhdud olduğunu nəzərə alaraq, ideologiyasına yaxın platformalar vasitəsilə təbliğat aparır. Bunlara "Köklü Dəyişim" jurnalı və eyniadlı media platforması daxildir".
Ekspert Abdullah İmamoğlunun adını da məhz bu kontekstdə çəkdiyini bildirdi:
"Mən Abdullah İmamoğlunun adını da məhz bu kontekstdə çəkirəm. O, "Köklü Dəyişim" platformasında fəaliyyət göstərən ilahiyyatçı-yazarlardan biridir. Bu çevrənin nümayəndələri Türkiyədəki mövcud siyasi partiyaları və seçkiləri qeyri-islamı hesab edir, onları qəbul etmirlər.
İndi özünüz düşünün, bu nə deməkdir? Türkiyədə fəaliyyəti məhdudlaşdırılan bir təşkilatın ideologiyasına yaxın olan "Köklü Dəyişim" jurnalı və media platformasının nümayəndələri mitinqdə çıxış edir, Azərbaycanın əleyhinə fikirlər səsləndirir və ölkəmizdə Rəşidi xilafət dövlətinin qurulmasına çağırış edirlər. Bu cür çıxışlar Azərbaycanın müstəqilliyinə və dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər. Ancaq Türkiyədə fikirlər müxtəlifdir və hamı bu cür düşünmür.
Məsələn, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, hörmətli Dövlət Baxçalı bu məsələ ilə bağlı çox yaxşı mövqe ortaya qoyub. Türkiyə və Azərbaycan münasibətlərinə dair səsləndirilən fikirlərdə iki ölkənin Egey dənizindən Xəzərə qədər uzanan eyni könül coğrafiyasının iki güclü və aparıcı dövləti olduğu vurğulanır. MHP sədri iki müttəfiq ölkə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinə zərər vura biləcək təxribatçı yanaşmalara qarşı strateji təmkin, qarşılıqlı anlaşma və ortaq milli mövqedən çıxış etməyin vacibliyini qeyd edib. O, Türkiyə ilə Azərbaycanın arasına nifaq toxumlarının səpilməsinə imkan verilməməli olduğunu bildirib".
Ekspert həmçinin vurğuladı ki, Milliyyətçi Hərəkat Partiyasının sədr müavini İsmail Özdemir də bu barədə fikirlərini bölüşüb:
"O qeyd edib ki, Azərbaycan suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyası üçün müəyyən etdiyi istiqamətdə güclü dövlət statusunu möhkəmləndirərək XXI əsrin ən nüfuzlu ölkələrindən biri kimi tanınacaq. İsmail Özdemir, həmçinin belə bir fikir səsləndirib: "Hilal və ulduz ayrılmazdır, Xəzərlə Aralıq dənizi arasındakı bağ sarsılmazdır".
O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi də yüksək qiymətləndirib. Özdemir bildirib ki, cənab İlham Əliyev türklüyün qanayan yarası olan Qarabağı 44 günlük Vətən müharibəsi ilə azadlığa qovuşduran, hilalı xaç qarşısında qalib edən cəsur və qüdrətli liderdir.
S.Şeydayev Türkiyədə Azərbaycan-Türkiyə qardaşlığına sadiq olan şəxslərin də mövqeyini xüsusi vurğuladı:
"Bu, çox diqqətçəkən fikirdir. Türkiyədə türklüyə və Azərbaycan-Türkiyə qardaşlığına sadiq olan belə insanlar da var. Ümid edirik ki, mövcud məsələ tezliklə öz həllini tapacaq. Çünki Azərbaycanla Türkiyə dostluqdan da üstün münasibətlərlə, qardaşlıq bağları ilə bir-birinə bağlıdır. Dinimiz, dilimiz, adət-ənənələrimiz və mədəniyyətimiz ortaqdır.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Biz bir millət, iki dövlətik". Mustafa Kamal Paşa Atatürk də Azərbaycanla Türkiyənin münasibətlərini ifadə edən məşhur fikrində bildirib: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".
Bu iki qardaş xalqı heç kim, heç bir ideologiya bir-birindən ayıra bilməz. Sadəcə, müəyyən dövrlərdə belə hadisələr baş verir və münasibətlərə xələl gətirmək istəyən qüvvələr ortaya çıxır. Ancaq tarix boyu belə cəhdlərin qarşısında Türkiyə-Azərbaycan qardaşlığı qalib gəlib. Biz bir millətik, iki dövlətik".