20 oktyabr – Zəngilan şəhəri günü Azərbaycanın ərazi
bütövlüyünün bərpasını, tarixi ədalətin təntənəsini və doğma torpaqlarda yeni
həyatın başlanmasını təcəssüm etdirir. Bu gün Zəngilan yalnız işğaldan azad
edilmiş qədim yurd deyil, həm də dövlətimizin quruculuq əzminin, “Böyük
Qayıdış” strategiyasının və müasir inkişaf modelinin parlaq nümunəsidir.
Zəngilan
Azərbaycanın zəngin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə
seçilən bölgələrindəndir. Zəngilanın tarixinə qısa ekskurs edərək qeyd edə
bilərik ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra
aparılan inzibati ərazi bölgüsü zamanı Zəngilan Zəngəzur qəzasının tərkibində
yer alıb. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra
Zəngəzur qəzasının bölüşdürülməsi nəticəsində ərazinin bir hissəsi Ermənistanın
tərkibinə verilib, Zəngilan, Qubadlı və Laçın isə Azərbaycanın tərkibində
qalıb. Bu hadisələr bölgənin sonrakı tarixi və coğrafi inkişafına ciddi təsir
göstərib. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının əhatə etdiyi Zəngilan
təbii sərvətləri, meşələri və faydalı qazıntıları ilə də zəngindir. Xüsusilə
Bəsitçay Dövlət Təbiət Qoruğundakı nadir çinar meşələri rayonun ekoloji
əhəmiyyətini artırır. Ərazidəki qədim yaşayış məskənləri, türbələr, məscidlər,
sərdabələr və körpülər isə xalqımızın çoxəsrlik tarixini və mədəni yaddaşını
yaşadır.
1993-cü
ildə Ermənistan silahlı qüvvələrinin Füzuli və Cəbrayıl rayonlarını işğal
etməsindən sonra Zəngilan tam mühasirə şəraitində qaldı. Rayonun müdafiəçiləri
və sakinləri 67 gün ərzində düşmənə qarşı müqavimət göstərdilər. 1993-cü il
oktyabrın 25–29-da baş verən ağır döyüşlər zamanı zəngilanlılar 235 şəhid və
itkin verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Araz çayını
keçərək İran İslam Respublikasına sığınan sakinlər sonradan Azərbaycanın 43
rayonunda müvəqqəti məskunlaşdılar. İşğal dövründə rayonun yaşayış məntəqələri
dağıdıldı, sosial-iqtisadi infrastruktur sıradan çıxarıldı, tarixi və
dini-mədəni irs nümunələri talan edildi. Lakin xalqımız doğma torpaqlara
qayıdış ümidini heç vaxt itirmədi. Dövlətimizin güclənməsi, müasir ordu
quruculuğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl
siyasət tarixi ədalətin bərpası üçün zəmin yaratdı.
2020-ci
il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı
səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər
Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində işğal altındakı
ərazilərimiz azad edildi. Oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi
uğrunda əməliyyatlara başlanıldı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa
müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan
və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Sonrakı əməliyyatlar
nəticəsində rayonun ümumilikdə bir şəhəri, dörd qəsəbəsi və 49 kəndi işğaldan
təmizləndi. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132
kilometrlik hissəsi üzərində nəzarət bərpa olundu. Bu, dövlət suverenliyimizin
möhkəmləndirilməsi və regionda yeni geosiyasi reallıqların formalaşması
baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul
tarixli Sərəncamı ilə 20 oktyabrın Zəngilan şəhəri günü kimi təsis edilməsi bu
tarixi qələbənin əhəmiyyətini daha da möhkəmləndirdi. Həmin tarix xalqımızın
yaddaşında azadlığın, milli birliyin və dövlətimizin gücünün rəmzi kimi
yaşayır.
Zəngilanın
azad edilməsindən sonra rayonun bərpası və keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdışının təmin olunması dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi. Zəngilan “Böyük Qayıdış” proqramının həyata
keçirilməsində xüsusi yer tutur. Məhz burada işğaldan azad edilmiş ərazilərin
ilk “ağıllı kənd” layihəsi olan Ağalı kəndi salındı. 2022-ci ilin mayından
sakinlərin köçürülməsinə başlanılan Ağalı müasir texnologiyaların, ekoloji
yanaşmaların və sosial rifah prinsiplərinin bir araya gətirildiyi yaşayış
məkanıdır. Ağalı təcrübəsi sübut edir ki, “Böyük Qayıdış”ın məqsədi yalnız
insanların evlərinə qayıtması deyil, həm də onların təhlükəsiz, rahat və müasir
şəraitdə yaşamasını təmin etməkdir.
İndiyədək
Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə
179 ailə məskunlaşıb. Ümumilikdə 497 ailənin, 2259 nəfərin doğma yurdlarına
qayıtması rayonun dirçəlişinin real nəticəsidir. Qayıdan ailələrin peşə və
bacarıqlarına uyğun məşğulluğunun təmin edilməsi, onların dövlət qurumlarında,
xidmət sahələrində, tikinti şirkətlərində və digər müəssisələrdə işlə təmin
olunması qayıdış prosesinin sosial-iqtisadi məzmununu tamamlayır.
Zəngilan
şəhərinin gələcək inkişafı da uzunmüddətli planlaşdırma əsasında həyata
keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2023-cü il 30 oktyabrda təsdiq etdiyi “Zəngilan şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı” yaşayış məhəllələrinin, sosial
obyektlərin, nəqliyyat-kommunikasiya sistemlərinin və iqtisadi fəaliyyət
sahələrinin kompleks şəkildə qurulmasını nəzərdə tutur. 2022-ci ildə təməli
qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin 2026-cı ildə açılması şəhərin
bərpasında mühüm mərhələ oldu. İki hektardan artıq ərazini əhatə edən
kompleksdə 12 bina, o cümlədən “townhouse” tipli yaşayış evləri inşa edilib.
Mənzillərin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub.
Zəngilanın
strateji coğrafi mövqeyi onu regionun mühüm nəqliyyat və logistika
mərkəzlərindən birinə çevirir. 2022-ci il oktyabrın 20-də istifadəyə verilmiş
Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli
yük təyyarələrini qəbul etmək imkanına malikdir. Müasir aviasiya infrastrukturu
rayonun beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi, yük və sərnişin
daşımalarının inkişafı baxımından əhəmiyyətlidir.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd
avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu isə işğaldan azad edilmiş
ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Uzunluğu
126,3 kilometr olan avtomobil yolunun illik buraxılış qabiliyyətinin 15 milyon
ton olması nəzərdə tutulur. Dəmir yolu xəttinin mərhələli şəkildə qurulması həm
sərnişin, həm də yük daşımalarının inkişafına, gələcəkdə Naxçıvanla nəqliyyat
əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.
Rayonun
iqtisadi dirçəlişində kənd təsərrüfatı da mühüm yer tutur. Azərbaycan və
Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” bu istiqamətdə həyata
keçirilən iri təşəbbüslərdəndir. Təxminən 100 milyon ABŞ dolları həcmində
investisiya nəzərdə tutulan layihənin tam reallaşdırılması nəticəsində 500
nəfərin işlə təmin olunması planlaşdırılır. Aqroparkda heyvandarlıq
kompleksləri, bitkiçilik və toxumçuluq sahələri, emal və qablaşdırma
müəssisələri, anbar infrastrukturu yaradılır. Layihənin bütün mərhələlərinin
tamamlanması regionun ərzaq istehsalı və təchizatı imkanlarını genişləndirəcək,
yerli məhsulların “Made in Qarabağ” brendi ilə bazarlara çıxarılmasına şərait
yaradacaq.
Bu gün
Zəngilanın yenidən qurulması Azərbaycanın tarixi torpaqlarına sahib çıxmaq
iradəsinin, dövlətçilik qüdrətinin və gələcəyə hesablanmış strategiyasının
təzahürüdür. Doğma yurda qayıdan hər bir ailə, istifadəyə verilən hər bir
obyekt, salınan hər bir yeni yol Böyük Qayıdışın konkret nəticəsidir.
Zəngilanın dirçəlişi Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafına, regionda
iqtisadi əlaqələrin genişlənməsinə və Azərbaycanın mövqelərinin daha da
möhkəmlənməsinə xidmət edir.
Vasif Qafarov
Milli Məclisin deputatı