Qafqazda bankçılıq, ödəniş sistemləri və
elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş Bir
ekosistemi, Asiyanın ən böyük texnologiya tədbirlərindən olan “Money20/20 Asia
2026” konfransında ölkəmizin rəqəmsal iqtisadiyyata sürətli keçidini diqqətə
çatdırıb. Qlobal sərmayədarların diqqətinin yeni inkişaf potensialı olan
ölkələrə yönəldiyi bir vaxtda, tədbirdə Azərbaycanın inklüziv rəqəmsal
iqtisadiyyat quruculuğunda əldə etdiyi uğurlar və ekosistem əsaslı
innovasiyaların rolu xüsusi vurğulanıb.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri
təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov konfrans çərçivəsində
Özbəkistanın ən böyük İT ekosistemi “Uzum”un həmtəsisçisi və
Əməliyyatlar üzrə baş direktoru Roman Lavrentyevlə birlikdə 4000 iştirakçının
qatıldığı konfransın xüsusi panel sessiyasında çıxış edib. “First Arc Capital”
şirkətinin nümayəndəsi Fatima Almubbadın moderatorluğu ilə keçirilən paneldə
qlobal təcrübələrin yerli strategiyalarla effektiv inteqrasiyası, müştəri
etibarının gücləndirilməsi və rəqəmsal xidmətlərin gündəlik həyatın təbii və
ayrılmaz hissəsinə çevrilməsinin uğurlu yanaşmaları müzakirə olunub.
Avropa və Asiyanın qovşağında yerləşən
Azərbaycan hazırda iqtisadiyyatın şaxələnməsi, rəqəmsallaşma və innovasiyaların
inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Bu transformasiya üçün
möhkəm əsaslar artıq formalaşıb. İllik Ümumi Daxili Məhsul artımı təxminən
10% təşkil edir, ölkə investisiya səviyyəli suveren kredit profilinə malikdir,
əhalinin gənc yaş ortalaması 33,6, internetdən istifadə səviyyəsi isə 91%-i
ötür.
Bununla yanaşı, bazarda rəqəmsal maliyyə
xidmətləri və elektron ticarətin daha da genişlənməsi üçün böyük potensial
mövcuddur. Nağdsız cəmiyyətə keçid prosesinin sürətlənməsinə baxmayaraq,
xüsusilə elektron ticarətin ümumi pərakəndə dövriyyəsindəki payının (hazırda
təxminən 3%) artırılması və daha geniş əhali kütləsinin müasir rəqəmsal həllərə
cəlb edilməsi lokal innovasiyalar üçün mühüm imkanlar yaradır.
Mövzu
ilə bağlı fikirlərini bölüşən Maksim Yevdokimov bildirib: “Bizim əsas hədəfimiz nağd ödənişlərdən
rəqəmsal xidmətlərə keçid edən istifadəçilər və bizneslər üçün bu prosesi
maksimum təhlükəsiz və rahat şəkildə təşkil etməkdir. Gündəlik həyatda ehtiyac
duyulan bank, ödəniş və elektron ticarət xidmətlərini vahid bir platformada
cəmləşdirməklə biz nəinki rəqəmsal keçidə dəstək oluruq, həm də istifadəçi
məmnuniyyətini və aktivliyini daha yüksək səviyyəyə qaldırırıq. Qlobal
bazarlarda “Kaspi” və “Gojek” kimi platformaların təcrübəsində uğurla sınaqdan
çıxmış bu ekosistem modeli, Azərbaycanda da öz səmərəliliyini təsdiq edir və
ölkəmizin rəqəmsal gələcəyinə birbaşa töhfə verir”.
Müştərilərin gündəlik ehtiyaclarını Birbank,
Birmarket və m10 kimi aparıcı brendlər vasitəsilə vahid mərkəzdə birləşdirən
Bir ekosistemi, 2025-ci ildə fəaliyyətə başladıqdan sonra qısa müddətdə 5
milyondan çox istifadəçiyə çatıb.
Ölkədə həyata keçirilən hər iki rəqəmsal
ödənişdən biri məhz Bir ekosistem üzərindən aparılır. Bir ekosisteminin
idarəetmə modeli uğurlu qlobal təcrübələrə əsaslansa da, yerli istehlakçıların
davranış xüsusiyyətlərinə və vərdişlərinə tam uyğunlaşdırılıb. İnsanlara
ehtiyac duyduqları xidmətləri ən sadə yolla təqdim etməklə, platforma
cəmiyyətdə inamı artırır və rəqəmsal vərdişlərin formalaşmasını sürətləndirir.
Ekosistemin əsas missiyası sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim edərək
Azərbaycanda gündəlik həyatın əsas rəqəmsal bələdçisinə çevrilməkdir.
Bir
haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az