Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq,
ödəniş, e-ticarət ekosistemi olan Bir və "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Tərəfdaşlığın əsas məqsədi Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından olan
İçərişəhərdə sakinlər, sahibkarlar və turistlər üçün təqdim edilən təcrübəni
rəqəmsal innovasiyalarla zənginləşdirməkdir.
Memoranduma əsasən, Bir ekosistemi UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdə ziyarətçilərin rahatlığını
artırmaq üçün süni intellektə əsaslanan rəqəmsal həllər təqdim edəcək. Həyata
keçirilməsi planlaşdırılan təşəbbüslərə ağıllı naviqasiya alətləri, çoxdilli
rəqəmsal bələdçilər, QR-koda əsaslanan məlumat sistemləri, süni intellekt
dəstəkli çatbot və istifadəçi təcrübəsini asanlaşdıracaq vahid mobil veb-sayt
daxildir.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov çıxışı
zamanı layihənin əhəmiyyətini vurğulayaraq ölkəmiz adına vacibliyini qeyd edib:
"Bu
tərəfdaşlıq texnologiya və innovasiyalar vasitəsilə insanların gündəlik
həyatını daha sadə, ağıllı və əlçatan etmək əzmimizi əks etdirir. Biz
bankçılıq, ödəniş və e-ticarət ekosistemimizin üstünlüklərini bir araya
gətirərək daha rahat və inteqrasiya olunmuş şəhər mühiti yaratmaqla
Azərbaycanın rəqəmsal transformasiyasına dəstək olmaqdan qürur duyuruq.
İçərişəhər ölkəmizin ən mühüm mədəniyyət rəmzlərindəndir. İnanırıq ki, sakinlər
və qonaqların bu tarixi məkan və onun xidmətləri ilə təmasına innovativ həllər
qatmaq böyük perspektivlər vəd edir".
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə Bir ekosistemlə baş
tutan bu əməkdaşlığın xalqımızın tarixi irsinə mühüm töhfə olduğunu qeyd edib: "İçərişəhər
hazırda tarixi irsin qorunmasını, rəqəmsal idarəetməni və davamlı şəhər
idarəçiliyini innovativ texnologiyalar və məlumatlara əsaslanan həllərlə
birləşdirən "Ağıllı Qoruq" (Smart Reserve) modelinə doğru irəliləyir.
Tarixi irsimizin qabaqcıl texnologiyalarla vəhdəti həm sakinlər, həm yerli
sahibkarlar, həm də hər il Bakıya səfər edən milyonlarla turist üçün qüsursuz
və yaddaqalan təcrübə formalaşdıracaq. Biz Bir ekosistemi ilə bu mühüm
təşəbbüsdə tərəfdaşlıq etməkdən məmnunuq və həm əlçatanlığı artıran, həm də
unikal mədəni irsimizin qorunmasına xidmət edən ağıllı texnologiyaların
tətbiqini səbirsizliklə gözləyirik".
Bu Anlaşma Memorandumu hazırda 5
milyondan çox insana xidmət göstərən Bir ekosisteminin əhatə dairəsini
daha da genişləndirəcək. Layihə çərçivəsində İçərişəhərin rəqəmsal
bankçılıq və ödəniş infrastrukturunun gücləndirilməsi, muzey və tədbir
biletlərinin satışının rəqəmsallaşdırılması, həmçinin Vahid Ziyarətçi
Mərkəzinin və loyallıq proqramının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün
bunlar İçərişəhəri ziyarət edənlərə qüsursuz rəqəmsal təcrübənin təqdim
olunmasına xidmət edəcək.
Qeyd edək ki, hazırda Bakı BMT-nin 13-cü
Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. Sürətli
urbanizasiyanın cəmiyyətə, şəhərlərə, iqtisadiyyata və iqlim dəyişikliyinə
təsirlərini öyrənmək məqsədi ilə hələ 2001-ci ildə BMT tərəfindən təsis edilən
bu mötəbər qlobal tədbir Qafqaz regionunda ilk dəfədir keçirilir. İçərişəhərin
rəqəmsallaşdırılması layihəsi də məhz WUF13 çərçivəsində geniş ictimaiyyətə
təqdim olunub.
Bir Azərbaycanda fərdi və korporativ
müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən,
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı
brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət
platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə
birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan
çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol
Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir,
Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/