Ölkənin birinci bankı Kapital Bank dünyanın tanınmış
investisiya şirkətlərindən biri olan “Federated Hermes Limited” ilə əməkdaşlığa
başlayıb. Bununla da Kapital Bank Azərbaycanda şirkətin ilk bank tərəfdaşına
çevrilib.
Bu tərəfdaşlıq Kapital Bank-ın beynəlxalq maliyyə
bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik
idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların
genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin
yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni
imkanlar əldə edəcək.
Qeyd edək ki, “Federated Hermes Limited” Londonda yerləşən
və beynəlxalq investisiya idarəçiliyi sahəsində fəaliyyət göstərən maliyyə
qurumudur. Şirkət institusional və korporativ müştərilər üçün likvidlik
idarəetməsi, sabit gəlirli alətlər, səhmlər və alternativ investisiya həlləri
üzrə xidmətlər təqdim edir. Xüsusilə məsuliyyətli və dayanıqlı investisiya
yanaşması (ESG) sahəsində qabaqcıl təcrübəsi ilə tanınan “Federated Hermes
Limited” uzun illərdir qlobal maliyyə bazarlarında fəaliyyət göstərir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.